Əlaqə Arxiv
news Image
2020.04.28
10:06
| A A A
İş yerlərində gigiyena qaydalarına riayət artıq zəruri şərtdir
Adil Qeybulla: "Bu prosesdə işçilər arasında maarifləndirici söhbətlərin aparılmasına ciddi ehtiyac var" Eyyub Hüseynov: "Ciddi monitorinqlər aparılmalı, iş yerləri üzrə müəssisə rəhbərlərinin məsuliyyəti artırılmalıdır" İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib ki, iş yerlərində gigiyena qaydalarına riayət edilməlidir: "İş yerlərində mütəmadi olaraq əllərin yuyulması, dezinfeksiya işlərinin aparılması, onlayn ticarətə üstünlüyün verilməsi, ticarət obyektlərində işçilərin maskalardan istifadəsi təmin edilməlidir. Kafe və restoranların fəaliyyəti bərpa edildikdən sonra masalararası məsafə təmin olunmalıdır". Nazirin sözlərinə görə, insanlar iş yerlərinə tədricən qayıtmalıdırlar: "Xüsusi həssas təbəqənin sağlamlığı diqqət mərkəzində olmalıdır. Biz bu iki amili balanslaşdırılmış şəklə gətirmək iqtidarında olmalıyıq. Xüsusi karantin rejiminin tətbiqinin ölkənin iqtisadiyyatı üçün böyük məsrəfi var. Təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində vəziyyət belədir. Bunun nəticəsi olaraq, dünya üçün 2020-ci il üzrə proqnozlara yenidən baxılıb". Nazir əlavə edib ki, karantin rejiminin yumşaldılması sosial təmasların artırılması, bu isə yoluxma hallarının yenidən aktivləşə bilməsi deməkdir: "Məhz bu səbəbə görə hökumət tərəfindən çox dərin təhlillər aparılaraq bunun nəticəsində mərhələli çıxış planı hazırlanıb. Bizim gələcək fəaliyyət də bunun əsasında qurulmalıdır. Hər hansı təhlükə yaransa, tədbirlərin sərtləşdirilməsi müzakirə mövzusu ola bilər". Beləliklə, bu açıqlamadan göründüyü kimi, iş yerlərində gigiyena qaydalarına riayət artıq zəruri şərtdir. Bu prosesə nəzarət necə olmalıdır? Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, iş yerlərində gigiyenik qaydalara əməl edilib-edilməməsinə nəzarət işi gücləndirilməli və bu zaman həmin müəssisə rəhbərlərinin məsuliyyəti artırılmalıdır: "Koronavirusun davam etdiyi bir ərəfədə iş yerlərində gigiyenik qaydalara əməl edilməsi işinə məsuliyyət əvvəlki dövrlə müqayisədə ikiqat artırılmalıdır. İş yerlərində ciddi sosial izolyasiya, sanitary-gigiyenik tədbirləri gözlənilməlidir. Bu prosesə müəssisə rəhbərləri ciddi nəzarət etməlidirlər. Almaniyada karantin rejimini müəyyən qədər yumşaldıblar. Buna baxmayaraq, küçələrdə maskasız gəzmək qəti qadağandır. Azərbaycanda da müəyyən şərtlər daxilində karantin tədbirlərinin yumşaldılması mümkündür. Amma yumşaldılma müqabilində iş yerlərində gigiyenik qaydalara ciddi riayət edilməsi şərtilə. Başqa bir tərəfdən, işə gələn insanlar arasında bununla bağlı müəssisə rəhbərləri tərəfindən mühüm maarifləndirici addımlar da atılmalıdır. Ortaya şərtlər qoyulub. Ona əməl etməyənlərə qarşı ciddi tədbirlər görülməlidir". Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, sanitar qaydalara riayət edilməsi, nəzarətin gücləndirilməsi üçün açılan iş yerləri üzrə müəssisə rəhbərlərinin məsuliyyəti artırılmalıdır: "Ölkəmizdə bu sahədə müəyyən addımlar atılmalıdır. Məsələn, yanacaqdoldurma məntəqələrinin əksəriyyətində ayaqyolu məntəqələri ya bağlı, ya da bərbad gündə olur. Kafe və restoranların çoxunda da anoloji vəziyyət hökm sürür. Belə yerlər sanitar qaydalara zərrə qədər də olsa əməl etmirlər. Məktəblərdəki tualetlər də bərbad gündədir. Ona görə də iş yerlərində ilk növbədə ayaqyolu, belə yerlərin sanitar qaydalara cavab verməsi məsələsinə ciddi nəzarət etmək lazımdır ki, virusun yayılmasının qarşısı alınsın. Belə yerlər təmiz olmaqla yanaşı, lazımi əşyalarla təmin olunmaldır. Prosesə nəzarət üçün ciddi monitorinqlər də aparılmalıdır ki, məsələ qaydasına düşsün. Məktəblər icra hakimiyyətlərin kurasiyasında olduğundan təhsil ocaqlarında gigiyenik qaydalara əməl edilməsinə həmin qurum nəzarət etməlidir, bu işə dəstək verməlidirlər. Digər iş yerlərində də sanitar-gigiyenik qaydalara riayət edilməsinə nəzarət müəssisə rəhbərliyinə həvalə edilməlidir. Bu işlə bağlı olaraq onların məsuliyyəti artırılmalıdır". Rüfət NADİROĞLU
Sizin Reklam Yeriniz