Əlaqə Arxiv
news Image
2020.04.30
08:45
| A A A
Dünyanı silkələyən qlobal problemin həllində Azərbaycanın rolu artır
Müasir çağırışlar xarakterindən asılı olmayaraq ölkəmiz üçün dostluq və əməkdaşlıq amilidir

Koronavirus baş qaldıranda onun dünyanı çalxalayacağı barədə kimsə ciddi proqnoz verməmişdi.

Amma qısa müddətdə bu proses elə bir vüsət aldı ki, virusun yayılması bir aya epidemiyaya, daha sonra isə pandemiyaya çevrilərək 200-dən çox ölkəni ağuşuna aldı. Bu, böyük bəla, genişmiqyaslı səhiyyə böhranı idi. Xüsusilə, gözlənilməz olduğuna görə çeviklik və intizam olmayan yerdə ciddi fəsadlara səbəb oldu. Hər bir prosesdə olduğu kimi bu mübarizədə də ümumi qalibiyyət olsa da, ayrı-ayrı sektorlarda hansı ölkənin zəif, hansının güclü olduğu meydana çıxdı. Təbii ki, yerli, regional və beynəlxalq proseslərdə çoxdan öz yeri və fəaliyyəti olan Azərbaycan da pandemiyaya qarşı mübarizədə müvafiq söz yiyəsi oldu.

Tarixin çətin sınaq dövrü ölkəmiz üçün qazanılmış siyasi və iqtisadi immunitetin yeni mərhələsinə çevrildi. Belə ki, pandemiya bəlası Azərbaycan modelini aşıb keçə bilmədi. Dövlətimiz, idarə etdiyi vətəndaşları ilə birlikdə bu sınaqdan qalib çıxdı. Beynəlxalq miqyasda idarəetmənin Azərbaycan modeli bir daha nümunəviliyini təsdiqlədi.

Bu günlərdə  Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Prezident İlham Əliyevə pandemiyaya qarşı mübarizədə respublikamızda görulən işlərə görə təşəkkür edib.  Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.

Baş direktor bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreyesus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb.

ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. “Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, – deyə Tedros Adhanom Qebreyesus bildirib.

Qeyd etmək lazımdır ki, bu, ilk təşəkkür deyil və koronavirusla mübarizənin ilk dövrlərində ölkəmizdə görülən işlərlə tanışlıq üçün Bakıya gələn ÜST nümayəndə heyətinin hesabatına əsasən Tedros Adanom Qebreyesus Azərbaycana təşəkkür etmişdi.

Pandemiya və iqtisadi böhrana baxmayaraq Azərbaycan rəhbərliyinin gördüyü tədbirlərin, həyata keçirdiyi layihələrin mahiyyətindən aydın olur ki, verilmiş qərarlar kollektiv mübarizə üçün kifayət qədər əhatəli olub və bütün nüansları nəzərə alıb. Bura ilk növbədə virusdan qorunmaq tədbirləri daxil olmaqla yanaşı ortaya çıxan sosial problemlərin operativ həlli daxildir. İş yerlərinin itirilməsinə qarşı əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrin ərzaq təchizatı üçün müavinətlərin ayrılması, kredit təşkilatları ilə kredit götürənlər arasında tənzimləmələr, sahibkarlara maliyyə yardımı və digər qoruyucu tədbirlər, habelə ciddi rejimli karantin və digər tədbirlər bir-birini tamamlayaraq mübarizənin optimallığını və uğurunu təmin edib.

Uzun illərdir ki, Azərbaycanda sabitlik hökm sürür. Bu amil dəfələrlə digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfdən təqdir olunub. Bundan başqa Azərbaycan regionun ən qüdrətli dövləti olmasına baxmayaraq, heç vaxt bloklara qoşulmayıb, müstəqil və ikitərəfli əməkldaşlığa və sülh, əmin-amanlıq uğrunda kollektiv mübarizəyə meyillənib. Ötən dövr ərzində bu sahədə toplanmış təcrübə “COVİD-19”-a qarşı mübarizənin mütəşəkkilliyinə, dövlətin xalqın, xalqın isə dövlətin yanında olmasına imkan verdi. Xalq-iqtidar birliyi bu dövrün, hardasa, rəmzinə çevrildi. Azərbaycana göstərilən beynəlxalq mənəvi dəstək birinci dəfə deyil ki, baş verir. Hələ bir neçə ay əvvəl  beynəlxalq aləmin nüfuzlü din xadimləri Dünya dini liderlərinin II Bakı Sammiti ilə əlaqədar Prezidenti İlham Əliyevə təşəkkür məktubları göndərmişdilər. Bu xadimlər arasında İraq və Bütün Dünya “Mandei sabiilik” dini tayfasının başçısı Səttar Cabbar Helv, Perunun Kallao vilayətinin yepiskopu Xose Luiz del Palasio Perez-Medel, Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Moskvanın və “Moskva Müftiliyi” Mərkəzi regionunun müftisi Albir Krqanov,  Xalq Uğrunda Birlik Partiyasının sədri, Seneqal Prezidentinin xüsusi müşaviri, Media şəhərciyi qrupunun Baş direktoru Məhəmməd əl-Mənsur bin əş-Şeyx Məhəmməd əl-Məmun İnyas kimi tanınmış simalar vardı. Məkrublardan birindən nümunə: “Sizə və bütün Azərbaycan xalqına cansağlığı, xoş günlər, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayır, bunun üçün Ulu Tanrıya dua edirik. Qoy, Ulu Tanrı Sizin xeyirxah əməllərinizi qəbul etsin və bunun əvəzini artıqlaması ilə versin. Mərhəmətli Allahdan arzu edirik ki, Sizin fəaliyyətinizə xeyir-dua versin, bütün dünyada qarşılıqlı anlaşma şəraitinin bərqərar olması və möhkəmlənməsi naminə Allaha xoş gələn hədəflərinizə çatmaq üçün Sizə daha çox qüvvə versin. Qadir Allah Sizdən razı olsun, Sizə və yaxınlarınıza əmin-amanlıq və firavanlıq bəxş etsin”.

Bu sətirlərin daşıdığı böyük məna Azərbaycan dövlətinin sükanı arxasında dayanan şəxsin sülhsevər, qayğıkeş, möhkəm iradəyə malik olmasını və bir dövlət xadimi kimi həyatını xalqın rifahının yaxşılaşmasına həsr etdməsini təcəssüm etdirir. Azərbaycan xalqı bu keyfiyyətləri daha yaxşı bilir, çünki bilavasitə bu prosesə gündəlik şahidlik edir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz