news Image
2013.07.16
16:25
| A A A
Orta məktəblərə vakant yerlər hər tədris ilində 2 dəfə elan ediləcək

"Bundan sonra Azərbaycanın ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki vakant yerlər hər tədris ilində 2 dəfə elan ediləcək. Müsabiqə zamanı tutulmamış və müsabiqədən sonra yaranan vakant yerlər elan ediləcək".


Mövqe.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzalı Qədirov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, müsabiqədə keçid balını toplamış və işə qəbul olunmamış müəllimlər elektron qaydada seçim edib bu yerlərdə işləmək imkanı əldə edəcəklər. F.Qədirov qeyd edib ki, 2013-2014-cü tədris ili üçün Azərbaycanın ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üçün imtahanların I mərhələsindən uğurla keçən namizədlər üçün müsahibə əvvəlki illərdən fərqli şəkildə təşkil olunacaq: "Müsahibə üçün xüsusi proqram tərtib olunub. Müsahibədə namizədlərin dünyagörüşü, nitqi, tibbi-psixoloji durumu, bu peşəyə nə dərəcədə yararlı olması barədə məlumatlar əldə ediləcək. Bundan sonra isə onların məktəblərdə müəllim işləməsinə razılıq veriləcək. Müsahibədən sonra boş qalan yerlər imtahanda keçid balını toplamış, lakin işə qəbul olunmamış müəllimlər üçün elan ediləcək. Onlar bu seçim əsasında yenidən elektron ərizə ilə müraciət edəcəklər. Bunun əsasında yenidən elektron yerləşdirmə olacaq, digər prosedurlar isə əvvəlki qaydada olduğu kimi aparılacaq".


F.Qədirov qeyd edib ki, avqustun 15-ə kimi bütün bu prosedurların başa çatdırılması planlaşdırılır. Həmin müddətə qədər müəllimlərin hansı məktəblərdə işləməli olduqlarını biləcəyini deyən Təhsil Nazirliyinin rəsmisi deyib ki, bu il müəllimlərin işə qəbulu ilə müsabiqə əvvəlki illərdən xeyli tez müddətdə başa çatdırılacaq.