Əlaqə Arxiv
news Image
2013.07.16
17:54
| A A A
Bu ildən müəllimlər üçün müəyyən məhdudiyyətlər qoyulub

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib. Bu dəyişikliyə görə, müəllimlər artıq ucqar kəndlərdəki vakant müəllim yerlərini seçdikdə orada 3 il çalışmalıdırlar.


Mövqe.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzalı Qədirov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, artıq müəllimlər üçün müəyyən məhdudiyyətlər qoyulub: "Gənc mütəxəssisləri həvəsləndirmə tədbirləri tətbiq olunan ucqar kənd məktəbinə göndəririksə, o, həmin məktəbdə 3 il işləməyə məcburdur. 3 ildən sonra o, yerini dəyişmək barədə nazirliyə müraciət edə bilər".

 

Nazirlik rəsmisi qeyd edib ki, hər il həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə işə qəbul olunan müəllimlərdən geri qayıdanlar da olur: "Bu imtina daha çox onların ailə vəziyyəti ilə bağlı olur. Əlbəttə, onlar daha yaxşı şərait axtarırlar və bu şəraiti tapmayanda müəyyən mənada onların ucqar kəndlərdə qalıb işləməsi problem olur. Belə müraciətlərin sayı çox deyil. Amma biz istərdik ki, belə hallar olmasın".

 

F.Qədirov deyib ki, ucqar kənd məktəbləri ölkə üçün vacib əhəmiyyətli təhsil müəssisələri olduğundan, burada müəllimlərin həvəsləndirilməsi, onlar üçün uyğun əmək haqqının müəyyənləşdirilməsi vacib şərtlərdəndir: "Son illərdə ucqar yerlərə gənc müəllimləri göndəririk. Mən deməzdim ki, kənd yerlərində gənc mütəxəssislər azdır. Düzdür, onlara əlavə ehtiyac var. Biz də bu ehtiyacı ödəməyə çalışırıq. Bu il də ölkə üzrə 2500-dən çox vakant yer yalnız gənc mütəxəssislər üçün nəzərdə tutulur və onlara həvəsləndirmə tədbirləri tətbiq olunacaq".


Sizin Reklam Yeriniz