Əlaqə Arxiv
news Image
2020.05.31
12:48
| A A A
Könüllülük - vətənə və xalqa sevgidir

Cənab Prezident İlham Əliyev 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Gündəlik həyatımızda tez-tez dövlət başçımızın imzaladığı yeni sərəncamlar haqqında eşidirik, lakin bu dəfəki könüllü olaraq fəaliyyət göstərən gənclər üçün adi sərəncam deyil, ən böyük hədiyyədir desək yanılmarıq. “Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız əmək ənənələrini yaratmışdır” cümləsi ilə başlayan sərəncam cənab Prezidentin daim gənc könüllülərin yanında olmasının, dəstəyinin, könüllülərə dərin sevgi və güvəninin növbəti sübutu idi. Əlbəttə könüllülər dövlət başçımızın diqqət və qayğısını daim hiss ediblər. Bunun üçün təkcə 2009-cu ildən mövcud olan “Könüllü fəaliyyət haqqında” Qanuna nəzər yetirmək kifayətdir. Burada könüllülük fəaliyyətinin təmin olunması və inkişafı üçün hər bir məqam var. Qanunda könüllü fəaliyyətinin istiqamətləri, iştirakçıları, təşkilatçılarının hüquq və vəzifələri, könüllülərin özlərinin hüquq və vəzifələri, beynəlxalq vəzifələri, bir sözlə, hər bir detal sistemli şəkildə əhatə olunub. Sevindirici haldır ki, könüllülər sırasına məktəblilər də qoşulur və bütün bunlar ölkəmizin gələcəyinin əmin əllərdə olmasının bariz nümunəsidir.

Əgər sizdən “könüllülük nədir” soruşulsa idi cavabınız nə olardı? Sizləri bilmirəm amma mən sevgidir deyərdim. Bəli, könüllülük vətənə və xalqa sevgidir.

Gəlin nəzər salaq: artıq Azərbaycanın ən uğurlu layihələrindən biri olan , “ASAN xidmət” i biz- könüllülərsiz təsəvvür edə bilmərik. Təxminən 10 mindən artıq gənc bu gün könüllü olaraq “ASAN xidmət” də müxtəlif vəzifə və işlərdə ölkəmizin gələcəyi üçün çalışır. Onların gülərüz siması, xoş təbəssümü və qayğıkeş rəftarı Azərbaycanımızın bu gün sağlam gəncliyə və sabah işıqlı gələcəyinə malik olmasının göstəricisidir. Yalnız qəlbində xalqına, millətinə qarşı xüsusi sevgisi olan gənclər bu əvəzolunmaz fəaliyyətlə məşğul ola bilər.

2019-cu ildə 3 minə yaxın gəncin iştirakı ilə Könüllülərin ll Həmrəylik Forumu keçirildi. 30 minə yaxın gənc müxtəlif dövlət qurumlarında könüllü olaraq fəaliyyət göstərdi. Könüllülərin əzmkarlığı və sevgisi sayəsində adını çəkdiyim və çəkmədiyim bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi baş tutdu.

Könüllüləri 2020-ci ildə isə “Formula-1” , Avro-2020 və s.kimi irimiqyaslı beynəlxalq tədbirlər gözləyirdi. Lakin mövcud vəziyyət hər kəsə məlumdur. Bir göz qırpımında bütün insanlığa bioloji müharibəyə başlamış COVİD-19 pandemiyası dünyanın dörd bir yerində olduğu kimi ölkəmizdə də keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərin təxirə salınmasına səbəb oldu.

Bəs beynəlxalq tədbirlərin təxirə salınması könüllülərin fəaliyyətinə mane oldu mu? Əlbəttə ki, xeyr. Qeyd etdiyim kimi könüllülük sevgidir , sevgi isə əngəl tanımır. Könüllülər son aylarda xidmət fəaliyyətlərini tamamilə dəyişdirərək könüllərdə sevgi abidəsi qurmağı bacardılar. Bu çətin zamanda onlar gecə gündüz demədən, yorulmadan çalışdılar. Cənab Prezident İlham Əliyevin və l vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq könüllü təşkilatlar və hərəkatlar tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) uğurlu fəaliyyət göstərdilər. Təkcə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri karantin dövründə 10 minlərlə ailəyə sovqat çatdırdılar. Ümumilikdə isə könüllülər sosial xidmətçilərlə birgə tənha yaşayan yaşlı insanlara, eləcə də əlilliyi olan tənha şəxslərə dəstək oldular. “ Könüllü Dost” proqramının 30 dan çox könüllüsü tənha yaşayan yaşlı insanlarımıza ev işlərində belə dəstək oldular. Onlar həmin yaşlılara tez-tez baş çəkərək istək və qayğıları ilə maraqlanır və müvafiq yardımlar göstərdilər. “Yeni Azərbaycan Partiyası”, “Bir” Tələbə- Könüllü proqramı, Gənclər Fondu nəzdində Gənclərin

İnkişaf və Kariyera Mərkəzi, “Səlis” Birliyi və digər könüllü təşkilatlarının könüllüləri də tənha, yaşlı həssas qrupdan olan insanlardan karantin dövründə qayğı, yardım və ən əsası sevgilərini əsirgəmədilər. Pandemiaya ilə müharibədə həkimlərimiz, polislərimiz, digər dövlət işçilərimiz və könüllülərimiz hər biri ön cəbhədə çiyin-çiyinə vuruşdular və hal-hazırda da vuruşurlar. Demək olar ki, bütünlüklə gənclərdən ibarət olan könüllülərimiz bu çətin dövrdə xalqımıza “evdə qal” deyib özləri isə sağlamlıqlarını təhlükəyə ataraq vətəninin, dövlətinin səsinə səs verdilər. Elə bu səbəbdən də könüllülük sevgidir çünki yalnız sevgi uğruna insan öz canından keçə bilər. Vətən sevgisi, millət sevgisi, birlik sevgisi... Ağır günlərdə xalqının qəlbində sevgi abidəsi ucaldan könüllülər göstərdikləri fədakarlıqla Cənab Prezidentin hələ 2019-cu ildə 2020-ci ili “Könüllülər ili” adlandırmasının yerində və düzgün qərar olduğunu bir daha təsdiqlədilər. Biz də gənc könüllülər olaraq hər zaman əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Sizin Reklam Yeriniz