Əlaqə Arxiv
news Image
2020.06.04
09:04
| A A A
Maska taxanların sayının artması koronavirusun yayılmasının qarşısını alacaq
Adil Qeybulla: “Maska taxmaq, sosial məsafə gözləmək və bu istiqamətdə digər təhlükəsizlik tədbirlərinə əməl etmək koronavirusun yayılma coğrafiyasını ciddi şəkildə məhdudlaşdıra bilər” Cəlal İsayev: “Maska taxanların sayı artdıqca, virusa yoluxanların sayı da azalacaq”

Koronavirusla bağlı karantin rejiminin yumşaldılması fonunda son günlər Azərbaycanda virusa yoluxan və vəfat edənlərin sayında müəyyən artımların baş verdiyi müşahidə edilir. Mütəxəssislərin fikrincə, belə bir vəziyyətdə yoluxma hallarının artması əhalinin mütləq əksəriyyətinin verilən tələb və tövsiyələrə əməl etməməsindən qaynaqlanır.

Müşahidələr də göstərir ki, insanların mütləq əksəriyyəti maska və digər qoruyucu vasitələr taxmadan çölə çıxır, Bu isə virusun yayılma təhlükəsini daha da artırır. Məhz bu mənfi tendensiyanın qarşısını almaq üçün maska taxmayanların cərimələnməsi qərarını verib. Qərara əsasən maska taxmayan fiziki şəxslər 50, vəzifəli şəxslər, 100, hüquqi şəxslər isə 200 manat məbləğində cərimələnəcək.

Tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, cərimələrin tətbiqi maska taxanların sayının artmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində virusla mübarizədə ciddi effekt verəcək: “Hesab edirəm ki, maska taxmaq, sosial məsafə gözləmək və bu istiqamətdə digər təhlükəsizlik tədbirlərinə əməl etmək koronavirusun yayılma coğrafiyasını ciddi şəkildə məhdudlaşdıra bilər. Tələb olunan tədbirlərə əməl olunsa, insanlar məsuliyyətlə yanaşsalar, bir müddətdən sonra, virusa yoluxanların sayında azalmaların baş verəcəyinin şahidi olacağıq. Amma potensial yoluxmalar iki həftə müddətində artzn dinamika üzrə davam edəcək.  Ona görə də tövsiyyələrə əməl etmək lazımdır.

Yaponiyada yoluxanların sayının az olmasına təsitr edən başlıca məqam da məhz  insanların təhlükəsizlik tədbirlərinə əməl etməsindən qaynaqlanır. Orda başqa heç bir əlavə karantin tədbirləri görülmədi. Maska taxmaq və digər karantin tədbirlərinə əməl etməklə ölkəmizdə də virusa yoluxmanın sayının azaldılmasına nail ola bilərik”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev də bu qənaətdədir ki, qoruyucu vasitələrdən nə qədər çox insan istifadə etsə, virusa yoluxanların sayı da bir o qədər az olacaq: “Maska taxanların sayı artdıqca sözsüz ki, virusa yoluxanların sayı da azalacaq. Bu mənada maska taxmaq virusun yayılmasına maneə olur. Ona görə də, dövlət tərəfindən qəbul edilən maska taxmayanların cərimələnməsi məsələsi yaxşı tədbir olmasa da, məcburi və zəruri tədbirdir. Vətəndaşlar, küçəyə çıxarkən, ictimai nəqliyyatdan istifadə edərkən, müxtəlif obyektlərə gedərkən  mütləq maska taxmalı, kütləvi toplaşma yerlərindən uzaq durmalı, ehtiyac olmadıqca evdən çıxmamalı, ara məsafəsi saxlamalıdırlar.

Tövsiyələrə daha ciddi və dəqiq əməl edilməlidir, çünki xəstəliyin qarşısını almaqda böyük əhəmiyyət kəsb edir. Yoluxmanın sayında 3 rəqəmli nəticələrin olması infeksiyanın gedişində olan şeydir. Ola bilər ki, bunların bir qismi xaricdən gələn insanların payına düşsün, digər qismi isə ölkə daxili yoluxma olsun. Bu, mümkün olan variantdır. Bunlara yol verməmək üçün də maska taxılması vacibdir. Təəssüf ki, insanların əksəriyyəti bunu ya başa düşmür, ya da başa düşmək istəmir. Ona görə də, maska taxmayanlara münasibətdə cərimələrin tətbiqi labüd olub. Cərimələrin tətbiqi istənilən addım deyil, ancaq görünən odur ki, əhalinin təhlükəsizlik tədbirlərinə əməl etməsi üçün yeganə çıxış yoludur. Maska taxmaq hamı üçün vacibdir. Bunu hər kəs bilməlidir. Maska taxanlar təkcə özlərini deyil, ətrafdakı insanları da qoruyurlar”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz