Əlaqə Arxiv
news Image
2020.06.05
08:50
| A A A
Müasir Azərbaycan tariximizin ən güclü dövlətidir
Dövləti dünya səhnəsində tanıdan onun güclü əsaslarıdır

Bu günlərdə Prezident İlham Əliyev Qarabağın dağətəyi və aran zonasına səfər edib. Əhalinin adət etdiyi kimi dövlət başçısının budəfəki səfəri də öz məzmunu və dolğunluğu ilə seçilib. Belə ki, regionlarda yeni müəssisələr işə salınıb, tarixi və mədəni irsimizi qoruyub saxlayaraq gələcək nəsillərə çatdıran muzeylər istifadəyə verilib, xaqın sosial şəraitini yaxşılaşdıran, şəhər və qəsəbələrimizin simasını gözəlləşdirən idman-sağlamlıq ocaqları vətəndaşların ixtiyarına təqdim edilib.

Hər bir dövlət üçün fəxrdir ki, ölkə rəhbəri öz vətəndaşının görüşünə əlidolu gedir. Regionlarda yaradılan şərait, tikilən hər bir yeni obyekt dövlətin xalqa töhfəsidir. Bu baxımdan Azərbaycan çox güclü və sağlam ruhlu, həm də əməksevər dövlətdir. Çünki işləyir, yaradır və sadə insanları düşünür. Azərbaycan Prezidenti Qarabağın Tərtər və Ağcabədi rayonlarında çoxsaylı yeni obyektlərin açılışında iştirak edib, Ağdamda dislokasiya olunan “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüb, kənd yerlərində təsərrüfatın gedişi ilə maraqlanıb, taxıl biçininin vəziyyəti ilə yerində tanış olub. Göründüyü kimi, dövlət başçısının regiona səfəri həmişə olduğu kimi zənginliyi və işgüzarlığı ilə seçilib.

Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev deyib: “Onu da bildirməliyəm ki, həm Avropa Oyunları, həm IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi idman potensialımızı gücləndirdi, eyni zamanda, Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdi. Avropa və İslam Həmrəyliyi oyunlarında 100-dən çox ölkədən 10 mindən artıq idmançı, minlərlə qonaq iştirak edib. Əminəm ki, onların hər biri Azərbaycandan ən xoş təəssüratlarla ayrılıb. Ölkəmizin tarixi, inkişafı, xalqımızın qonaqpərvərliyi, müasir həyatı ilə bağlı onlarda dolğun təsəvvür var. Çünki sirr deyil ki, hətta bu günə qədər bəzi dairələr Azərbaycan haqqında müxtəlif uydurmalar, həqiqəti əks etdirməyən saxta informasiyalar yayırlar. Ona görə Azərbaycana gələn hər bir qonaq, - əgər o, qərəzsizdirsə, - öz gözü ilə ölkəmizin inkişafını, xalqımızın rahat yaşamasını, ölkəmizdə hökm sürən sabitliyi görür. Onu görür ki, bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır”.

Müdriklər həmişə deyiblər ki, iş olan yerdə nöqsan da olur. Bugünkü Azərbaycan hakimiyyəıtinin fəaliyyəti ilə bu zərb-məsələ yeni çalar vermək tamamilə yerinə düşür:iş olan yerdə inam böyük olur. Dövlət başçısının inamı onun rəhbərliyi ilə hökumətin gündəlik işinin bəhrələrinə söykənir. Azərbaycanın son 17 ildə qazandığı siyasi, iqtisadi və sosial uğurlar təkcə ölkə daxilində deyil, beynəlxalq alımdə də ciddi şəkildə təqdir olunur.

Beynəlxalq reytinqə görə Azərbaycan 20 ən islahatçı dövlətlərin siyahısında yer alır. Bu nə deməkdir? O deməkdir ki, ölkənin siyasi-iqtisadi və sosial həyatı daim yenilənir, hakimiyyət yeni təşəbbüslər irəli sürür, onları həyata keçirir və dəyişiklik xalqımızın həyat tərzinin atributuna çevrilib. Bu isə idarəetmədə, daxili siyasətdə yaradıcılıq nümunəsidir. İnkişafımızın lokomotivini çəkən meyarlardan biri budur.

Daha bir meyar müasir çağırışlara səs verib ona qoşulmaqdır. Bəlkə də sözlə ifadə olunarkən ilk baxışda bu asan görünür. Lakin müasir çağırışların önündə dünyanın ən inkişaf etmiş varlı və mədəni cəmiyyətlərinin durduğunu nəzərə alsaq, fəxrlə deyə bilərik ki, Azərbaycanın bu cür cəmiyyətlərlə birgə layihələr həyata keçirməsi və onlarla ayaqlaşması hər dövlətə nəsib olan uğur deyil. Biz bunu bacarırıqsa, demək ki, həqiqətən güclüyük.

Fikir verin, sonuncu müstəqilliyimizin 30-cu ilini yaşayırıq. Dövlətçilik tarixi üçün çox qısa zamandır. Amma bu illər ərzində 46 rayonda Olimpiya İdman Kompleksi tikilib istifafəyə verilib və bu ilin axırına belə komplekslərin sayı 51-ə çatacaq. Yəni, regionları təmsil edən 51 rayonda əhali rahat və sərbəst istifadə edə biləcəkləri idman qurğularına sahib olacaq. Hər ilə 1,7 belə qurğunun tikintisi düşür. Komplekslərin tikintisi sadə məsələ deyil. Bunlar külli vəsait sərf olunan böyük tikinti layihələridir. Biz bu layihələri həyata keçirməyi bacarırıqsa, demək varlı və güclüyük.

Bu sıraya qeyri-neft sektoruna aid yeni sənaye sahələri üzrə nəhəng zavodları, kənd təsərrüfatında iri Aqrokompleksləri, hər il 10-15 min km-lik yolların çəkilməsi və yenidən qurulmasını, iri suvarma sistemlərinin yaradılmasını, yeni elektrik stansiyalarının tikilməsini, beynəlxalq nəqliyyat qovşaqlarının qurulmasını, Cənub Qaz Dəhlizini, Bakı-Tiflis-Ceyhan neft kəmərini, dünya standartları səviyyəsinə tam cavab verən Ələt Dəniz Limanını və yüzlərlə digər istehsal müəssisələrini də əlavə etsək, hər il ölkəmizin varidatının artmasında, xalqımızın güzəranının yaxşılaşmasında iştirak edən obyektlərin gücü və əhəmiyyəti haqdatəəssüratımız zənginləşər. Ölkəmizin valyuta ehtiyatları yüksək səviyyədə toplanıb. Cənubi Qafqazda lider dövlətə çevrilməsi Azərbaycanın iqtisadi gücünün artması nəticəsində baş verib. Siyasi idarəetmə isə xalqın və hakimiyyətin eyni platformadan çıxış etməsinin əsaslarını yaradıb və iqtisadi gücə güc qatıb. Bu isə həqiqətən böyük və sarsılmaz inamdır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz