Əlaqə Arxiv
news Image
2020.07.02
17:47
| A A A
Ölkəmizdə koronaya yoluxma niyə artır? - Həkimdən şok

Azərbaycanda koronavirusa yoluxma halları son dövlər gündəlik 500-600 nəfər təşkil edir. Müqayisə üçün bildirək ki, artıq qonşu Gürcüstan və Türkiyədə COVID-19 bəlasına yoluxanların sayında kifayət qədər azalma var. Ötən dövr ərzində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bir sıra sərtləşdirmə tətbirləri lazımi nəticəni vermədi.

Xatırladaq ki, ölkədə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə mart ayının sonundan insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət dayandırıldı.

Aprelin 27-dən etibarən isə qadağaların yumşaldılmasının birinci mərhələsi tətbiq olundu. Mayın 4-dən etibarən ölkə sarı və narıncı zonalara bölünərək yumşalma prosesi ikipilləli, ikisürətli, selektiv yanaşma metodu ilə tətbiq edilməyə başladı. Restoranlar, ticarət mərkəzlərinin fəaliyyəti bərpa olundu. Təəssüf ki, bu yumşalmadan sonra bir sıra skeptiklərin proqnozları doğru çıxmağa başladı - ölkədə virusa yoluxma halları kəskin artmağa başladı.

Belə olan təqdirdə şənbə-bazar günləri hərəkətin tam məhdudlaşdırılması ilə bağlı qərar qəbul edildi. Lakin qadağaların ümumi yumşaldılması fonunda 2 günlük sərt tədbirlər əks effekt verdi.

Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva etiraf etdi ki, qapanma tətbiq edilən iki gün ərzində məqsədə nail olunmadı:

“Sərt karantin rejiminin tətbiqində məqsədimiz sosial aktivliyi azaltmaq idi. Lakin təəssüf ki, nəticələr istədiyimiz kimi olmadı".

Sonradan, Operativ Qərargah yenidən aprel ayında tətbiq olunan karantin rejiminə keçidlə bağlı qərar verdi. Lakin son günlərin statistikası onu göstərir ki, xüsusi karantin rejiminə nəzarətdə yenə də effektsiz vasitələrdən istifadə olunur. Belə ki, küçə və prospektlərdə Dövlət Yol Polisi tərəfindən hər bir avtomobilin icazəsi yoxlanılır, uzun tıxaclar yaranır, lakin böyük marketlərdə sosial məsafə qorunmur, axşamlar binaların həyətində onlarla gənc bir yerə toplaşıb saatlarla vaxt keçirirlər.

Mövqe.az xəbər verir ki, radioloq həkim Aydın Əliyev Report-a açıqlamasında aidiyyatı qurumlar tərəfindən atılan addımların yaxşı nəticə vermədiyini deyib.

"Ölkəmizdə COVID-19-a yoluxma halları ilk başlayanda problemlə mübarizə üçün Prezident İlham Əliyev tərəfindən yetəri qədər vəsait ayırıldı, dövlət dəstəyi göstərildi. Lakin təəssüflər olsun ki, aidiyyatı qurumlar tərəfindən atılan addımların yaxşı nəticə vermədiyini görürük".

Onun sözlərinə görə, dünya üzrə dünənin statistikasına baxarkən, Avropa ölkələrinin əksəriyyətində yoluxmanın sayında azalmaların olduğunu görərik:

“Hansı ki, həmin ölkələrin əhalisinin sayı bizimkindən qat-qat çoxdur. Deməli biz düşünməliyik. Mən bir az tənqid edirəm, amma görürəm ki, qeyri-adekvat reaksiya vermək istəyənlər var. Qulaq asmaq lazımdı ki, bəlkə birindən ağıllı təklif gələcək, onun təklifi effekt verəcək. Xəstəlik ilk başlayanda analiz nəticəsi müsbət olub, lakin heç bir şikayəti olmayan asimptomatik insanları zorla təcili yardım maşınlarına qoyub karantinlərə aparırdılar. O vaxt dedik ki, bu düzgün deyil və heç bir inkişaf etmiş ölkədə bunu etmirdilər. Sonradan ÜST-nin ekspertləri açıqlama verdi ki, analizi müsbət çıxan, asimptomatik insanlar heç yoluxdurucu deyil. Həmin şikayəti olmayan insanlara karantində hədər yerə dərman, yemək, yataq verildi. O insanların çoxu da dərmanları içmədilər, atdılar. Düşündülər ki, onları dərmanla xəstələndirmək istəyirlər. Məntiqli düşüncədir də. Adamın heç bir şikayəti yoxdur, amma dərman verirlər”.

Həkim bildirib ki, həmin səhv addımlar nəticəsində insanlarda inamsızlıq yarandı:

“O zaman mən bəzi dairələrə zəng etdim ki, bu yanlışdır. Mənə bunu ekspertlərin dediyini əsas gətirdilər. Amma nəticəsi nə oldu? Sonra özləri qərara gəldilər ki, etdikləri səhvdir, simptomsuzlar ev karantinində qalsınlar. Amma bu səhv bizə nə qədər ziyan vurdu? Dərmanlarımızı, tibbi resusları xeyli tükətdi. Daha sonra həftəsonu karantinləri başladı. Nə qədər biabırçı vəziyyət yarandı. Şənbə-bazar hər yeri bağlı olacaq deyə, cümə günü nə qədər adam marketlərə axın etdi. Sonra da yoluxaların sayı şənbə-bazardakından daha çox artdı. Ardınca da sərtləşdirilmiş karantin rejimi tətbiq etdilər. Şəxsi avtomobilində oturan adamlar postlarda çox ciddi yoxlanılır, amma içi dolu ictimai-nəqliyyatı yoxlamadan rahat keçirilirdi. Halbuki bu, əksinə olmalıdır”.

“Bugünkü rəqəmlər də onu göstərir ki, yoluxmada artım var və bizim etdiyimiz tədbirlər səmərəli deyil, dəyişdirmək lazımdır. Nə yaxşı ki postları ləğv etdilər. İctimai nəqliyyata, marketlərə ciddi nəzarət olmalıdır. İnsanlar maskasız gəzir, ara məsafəsini qorumurlar. Marketlərin qarşısında pulsuz maskalar paylanılmaldır. İmkanı çatmayanlar da istifadə etsinlər. Ara məsafəsinin gözlənilməsinə ciddi nəzarət olunmalıdır. Bu mümkündür. Bütün obyektlərdə kameralar var. Bu gün uğur əldə edən ölkələr yalnız bu qaydalara əməl etdilər”, - A.Əliyev əlavə edib.

Sizin Reklam Yeriniz