Əlaqə Arxiv
news Image
2020.07.07
08:37
| A A A
İqlim dəyişikliyi Azərbaycanda su problemini kəskinləşdirir
Vahid Məhərrəmov: “Bütün bu problemlərin qarşısının alınması üçün mövcud olan su potensialından səmərəli istifadə etməliyik” İsa Mustafayev: “Kür çayının suyunun azalıb-azalmaması təbii prosesdən, iqlim dəyişikliyindən asılıdır”

 

Kür suyunun azalması fonunda bəlli olduğu kimi bəzi rayonlarda su təminatında problemlər yaşanır. Məsələn, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması ciddi su qıtlığının yaranmasına səbəb olub. Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına gətirib çıxarıb. Sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilir. Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının qeyd olunan kəndlərdən keçən ərazisində isə su tamamilə quruyub. Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.

Xatırladaq ki, son günlər Kür çayında suyun səviyyəsinin aşağı enməsi Xəzər dənizinin çaya tökülməsinə səbəb olub. Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 və 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar.

Qeyd edək ki, Kürün səviyyəsi son 6-7 ildir düşməyə başlayıb. Araz çayının da səviyyəsi aşağı düşüb. Bu çaylardan su əsasən kənd təsərrüfatında istifadə olunur.  Mütəxəssislərin rəyinə görə, Kürdə suyun səviyyəsinin aşağı düşməsinin bir neçə səbəbi var, amma əsas səbəb iqlim dəyişməsidir. Onlar bildirirlər ki, yağıntının miqdarı Azərbaycanda azalıb və bu da çaylarda suyun səviyyəsinə təsir edib. Yaranmış vəziyyətdə mütəxəssislər insan amilinin də rol oynadığı qənaətindədirlər. Belə ki, kənd təsərrüfatının və xüsusi təsərrüfatların inkişafı o qədər artıb ki, sudan israfçılıqla istifadə halları artıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, Azərbaycanda mövcud olan həddən artıq israfçılıq Kürün suyunun azalması fonunda aqrar sahələrin suvarılması və içməli su sahəsində problemlər yarada bilər: “Azərbaycanda Kürün səviyyəsi qalxanda təsərrüfatlara ziyan vurur, torpaqları şoranlaşdırır. Kürün səviyyəsi azalanda isə su ilə bağlı problem yaranır.  Kürün səviyyəsinin aşağı düşməsi bu çaya bağlı bölgələrdə ciddi şəkildə içməli su problemi, habelə kənd təsərrüfatı sahələrinin suvarılmasında çətinliklər yarada bilər. Bu fonda isə məhsuldarlıq az ola bilər. Əslində, Kürün səviyyəsi düşdükdə belə, ölkənin su ehtiyatı imkan verir ki, Azərbaycan içməli və təsərrüfat sularına olan ehtiyacını artıqlaması ilə ödəsin. Bizdə israfçılıq çoxdur. Azərbaycan MDB məkanında su israfçılıq səviyyəsinə görə,34 faizlə  1-ci yerdədir.

Bütün bu problemlərin qarşısının alınması üçün mövcud olan su potensialından səmərəli istifadə etməliyik. Biz, hətta Kür çayı olmadan belə yeraltı sularımızdan, yağış yağan, su bolluğu yaranan zaman suyu anbarlarda saxlamaqla və qənatələ istifadə etməklə ehtiyacımızı yüksək səviyyədə ödəyə bilərik.  Bir sözlə, kənd təsərrüfatının suvarılmasında daxili potensialımızdan səmərəli istifadə etsək problemlə üzləşmərik. Əsas odur ki, sudan səmərəli istifadə edək. İndi dünyanın problemi ondan ibarətdir ki, şirin su ehtiyatı get-gedə azalır. Azərbaycan bunu nəzər almalıdır və sudan qənaətlə istifadə etməlidir”.

Ekoloq İsa Mustafayev bildirdi ki, Kür çayının suyunun azalıb-azalmaması təbii prosesdən, iqlim dəyişikliyindən asılıdır: “Kürün suyunun azalması da əsasən məhz yağıntı miqdarının azalmasından qaynaqlanır. Son illər görürük ki, qışda qar demək olar ki, olmur, qar örtüyü sahələri azdır.

Digər tərəfdən, Kür çayının idarə olunması sahəsindəki problemlər də belə vəziyyətin yaranmasına gətirib çıxarır. Mingəçevir və digər yerli su anbarlarının normal idarə edilməsinə ehtiyac var.  Bu istiqamətdə tədbirlər görülməzsə, Kürün suyunun azalması bir sıra problemlər yarada bilər. Su anbarlarını qışda su ilə doldurmaq, yayda isə onu buraxmaq lazımdır, yəni optimallaşdırma proqramı tətbiq olunmalıdır. Düşünürəm ki, optimal idarəetmə tətbiq etməklə bu bəladan xilas ola bilərik”.

O qeyd etdi ki, Kürün suyunun azalması ölkə üçün müəyyən problemlər yaradacaq:  “Ancaq prosesin optimal idarəedilməsilə problemi minimuma endirmək olar. Kürdən çıxan Qarabağ və Böyük Şirvan kanalı ölkədəki 1,2 milyon hektardan çox suvarılan torpaqların 90 faizini su ilə təmin edir.  Azalma içməli su sahəsində də problem yaradacaq. Kürün suyu azaldıqca onun keyfiyyəti də aşağı düşür, çirklənir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz