Əlaqə Arxiv
news Image
2013.07.25
13:33
| A A A
2 yaşlı uşağın ayaqlarını itirdiyi istirahət mərkəzinin təhlükəsizlik sertifikatı varmış-Özəl
Fikrət Məmmədov: ""CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzi bizim quruma Fövqəladə Hallar Nazirliyindən bu sənədi təqdim edib”

İyulun 21-də "Nabran Village Holiday" istirahət mərkəzində baş verən hadisə turizm obyektlərinə lisenziyaların hansı şərtlərə cavab verdikdən sonra verilməsi məsələsini gündəmə gətirdi. Məlum oldu ki, turizm obyektinin işçilərinin səhlənkarlığı nəticəsində 2 yaşlı İmranın hovuzda üzərkən qorumasız nasos sisteminin borusuna düşərək ayaqlarından məhrum olduğu obyektin lisenziyası varmış. Bu fakt təhlükəsizlik qaydalarına cavab verilməyən turizm obyektlərinin hansı yollarla  lisenziya əldə etməsi ilə bağlı suallar yaradır. Movqe.az bu kimi qaranlıq qalan suallara cavab almaq üçün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Fikrət Məmmədovla əlaqə saxlayıb. F. Məmmədov Movqe.az-a açıqlamasında bildirib ki, mövcud qaydalara görə, təhlükəsizliklə bağlı sertifikatları olmayan turizm obyektlərinə lisenziya verilmir: "Qaydaya görə, turizm obyekti fəaliyyəti ilə bağlı lisenziya almaq üçün öncə Fövqəladə Hallar Nazirliyindən obyektdə təhlükəsizliyin təmin olunduğunu təsdiqləyən sertifikat almalıdır. Turizm obyektləri bu sənədi bizim təqdim etdikdən sonra müvafiq şöbə tərəfindən həmin sahibkara fəaliyyıt üçün lisenziya verilir. Hadisənin baş verdiyi Xaçmaz rayonu ərazisində yerləşən "CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzi bizim quruma Fövqəladə Hallar Nazirliyindən bu sənədi təqdim edib". 

F. Məmmədov bildirir ki, adıçəkilən qurum obyektlərə həmin sertifikatı verərkən obyektin tikintisində istifadə olunan betondan tutmuş, hovuzlarda quraşdırılmış su nasoslarına qədər hamısının keyfiyyətini yoxlayır. Həmin nasoslar standartlara cavab verərsə, təhlükəsizlik obyektdə tam təmin olunarsa bundan sonra müvafiq sertifikat verir". İdarə səlahiyyətlisi deyir ki, Nabrandakı turizm obyektində baş verən hadisədə təhlükəsizlik qaydası sonradan pozulub: "Həmin obyektdə su nasosunun üzərini örtən örtüyü turistlərdən biri çıxardıb. Obyektin isə üzərinə düşən məsuliyyət isə ondan ibarətdir ki, nəzarətçi həmin örtüyün yerində olub-olmadığına nəzarət etməyib". 

Ekspertlər isə Nabranda baş verən hadisənin sadəcə bir ailənin faciəsi deyil, bu faciənin bütövlükdə turizm sektorunun üzqaraldam xidməti kimi xarakterizə edirlər. Tanınmış iqtisadçı Vüqar Bayramov bu hadisə ilə bağlı sosial şəbəkələrdə mövqeyini açıqlayıb. İqtisadçı bildirib ki, nə qədər ki, Azərbaycanda əksər sahibkarlar yalnız gəlirlərinin maksimumlaşdırılması haqda düşünür, vəziyyətin dəyişəcəyinə ümid azdır: "İqtisadi baxımdan bu faciə bir sıra nüansları gündəmə gətirir. Əvəlla, nəinki turizm sektorunda, eyni zamanda və təəssüf ki, iqtisadiyyatın bir sıra sektorlarında fəaliyyət göstərən sahibkarlar ən adi keyfiyyət və təhlükəsizlik standartlarının tətbiqindən yayınaraq xərclərini minimumlaşdırmağa çalışır. Aşağı əmək haqqı və az məsuliyyətli işçilər və daha çox gəlir əldə etmək- bu sahibkarların daha çox üstünlük verdikləri meyarlardır. İkincisi, bu faciə göstərir ki, ölkəmizdə hələ də sahibkarlıq etkası tam olaraq formalaşmayıb. Bu faciədən bu gün hami daşınır və hətta ölkə Prezidenti də İmranın xaricdə müalicəsinin təşkil edilməsi barədə göstəriş verib. Faciədən danışmayan isə bir nəfər var: faciənin səbəbkarı- istirahət kompleksinin sahibi. İstənilən normal biznes adamı belə faciəyə səbəb olan zaman faciənin qurbanı olan ailədən ictimai olaraq üzr istəyib, uşağın bütün müalicə xərclərini öz üzərinə götürərdi. İstənilən ölkədə günahkar sahibkar 2 yaşında əlil edilən uşağa onun potensial əmək qabiliyyətinin itirilməsinə görə konpensasiya da ödəyərdi. Üçüncüsü, bu faciə turizm və eləcə də xidmət sektorunda yeni standartların tətbiq edilməsini və həmin standartların icrasına ciddi nəzarətin həyata keçirilməsini aktuallaşdırır. Standartlar yalnız texniki xarakter daşımamalıdır, eyni zamanda standartların tətbiqi ilə bağlı kadr potensialının səviyyəsi də xidmət obyektlərinə lisenziyalar verilən zaman öyrənilməli və nəzərə alınmalıdır. Dördüncüsü, bu hadisə bir daha əmək müqavilələrinin bağlanması, sahibkarlıq subyektlərinin əmək müqaviləsi olmada qeyri-peşəkarları işə cəlb etməsi məsələsini də gündəmə gətirdi. Beşincisi, bu hadisə bir daha göstərir ki, təhlükəsizlik qaydalarına əməl etmək sadəcə hansısa təhlükəsizlik cihazlarını divarlara yapışdırmaq deyil eyni zamanda sahibkarlara, işçilərə təlimlərin keçirilməsi və onların maarifləndirilməsi formasıda olmalıdır. Nəhayət, bu faciə bir daha göstərdi ki, Azərbaycand turizm sektorunda yalnız qiymətlər deyil eyni zamanda risk də yüksəkdir. Sahibkarlar isə nə qiymətin nə də riskin azaldılması haqda düşünürlər".


Sizin Reklam Yeriniz