Əlaqə Arxiv
news Image
2013.07.26
12:24
| A A A
2 yaşlı İmran Cəfərzadənin son vəziyyəti - YENİ
"Nabran Holiday Village" istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış iki yaşlı İmran Cəfərzadə Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün aeroportdan Almaniyaya yol salınıb.

Mövqe.az  ANS PRESS-ə istinadən xəbər verir ki, Mərkəzi Kliniki Xəstəxananın təcili yardım həkimi Azad Əbilov jurnalistlərə bildirib ki, xəstənin vəziyyəti hazırda stabildir, Trend xəbər verir: 

"Xəstənin vəziyyəti dünən gün ərzində stabilləşdi, göstəricilər normallaşdı, lazım olan preparatlar vuruldu. Xəstə tam stabil halda tibbi təxliyyə ilə aeroporta çatdırıldı və alman həkimlərə təhvil verildi".

A.Əbilov qeyd edib ki, İmran Cəfərzadə Berlin şəhərinin xüsusi ixtisaslaşmış "Charite" klinikasına yerləşdiriləcək və təxminən 1 aya qədər reabilitasiya olunmalıdır.

Azyaşlının anası Nuridə Cəfərova bildirib: 

"Azərbaycanın prezidenti İlham Əliyevə və birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Bütün Azərbaycan xalqına, o cümlədən Mərkəzi Kliniki Xəstəxananın bütün işçi heyətinə təşəkkür edirik. Fəxr edirik ki, Azərbaycan kimi ölkədə yaşayırıq".

Almaniyadan Bakıya ixtisaslaşmış həkimlərdən ibarət ambulans təyyarə gəlib. Onlar uşağı 28 gün davam edəcək diaqnostika üçün xəstəxanaya aparıblar. Həmin vaxt ərzində Almaniyada bu sahənin ən yaxşı həkimlərinin bir neçə konsiliumu keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə həmin həkimlərlə danışıqlar aparılıb.

İlkin olaraq 2-3 əməliyyat keçiriləcəyi istisna edilmir. Hazırda uşağın vəziyyəti stabildir. Uşaq uzun müddət hovuzda qaldığına görə onun ağciyərinə düşən su həkimlər tərəfindən çıxarılıb.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən akvaparkda bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış azyaşlı İmran Cəfərzadəyə zəruri tibbi yardımın göstərilməsi üçün təşkilati məsələlərin icrasına başlanılıb.

İmran Cəfərzadə üzərində əməliyyatın keçirilməsi üçün Heydər Əliyev Fondu bütün xərcləri öz üzərinə götürəcək.

Bundan başqa, Azərbaycan prezidentinin tapşırığına əsasən, ailənin uşağın müalicəsinə xərclədiyi bütün vəsait dövlət tərəfindən qarşılanıb.

İmran Cəfərzadənin valideynləri göstərdikləri köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sizin Reklam Yeriniz