news Image
2013.07.29
13:58
| A A A
Yuyulmağa həsrət yollar
Natiq Ələkbərov: «Yəqin ki, tikinti işləri bitdikdən sonra bu məsələ həll olunacaq»

Zemfira Budaqova: "Yağış yağan kimi su yolun ortasına yığılır"


Şəhərimizdə aparılan intensiv tikinti işləri istər-istəməz   ətraf mühiti müəyyən dərəcədə çirklənməyə məruz qoyur. Belə ki, həm tikinti materiallarını tullantıları  ətraf mühitə yayılır, həm də ki,  yaranan toz-torpaq yollara çökür. Yolların tozdan, çirkdən təmizlənməsi üçün əvvəllər xüsusi yuyucu maşınlardan istifadə olunurdu. Bü gün isə Nəqliyyat Nazirliiynin balansında olan magistral xətləri çıxmaq şərtilə digərlərində demək olar ki, yollar yuyulmur.  

  Məsələ ilə əlaqədar nəqliyyat üzrə ekspert Natiq Ələkbərov Mövqe.az saytına açıqlamasında bildirir: "Yolların çirklənməsi bir tərəfdən şəhərdə aparılan tikinti işləri ilə əlaqədardırsa, ikinci tərəfdən şəhər sakinlərinin təmizliyə riayət etməməsi ilə bağlıdır. Şəhər sakinlərinin bu işə diqqəti çox zəifdir.Təmiz şəhərdə yaşamaq üçün insanların hər biri təmizliyə riayət etməlidir. Şəhərdə bir də görürsən ki, yolda biri suyu içir, qabını tullayır  və yaxud digər qida məhsullarının qablarını, tulantısını çölə atır. Küçələrin təmiz olması üçün istər müəllim, istər həkim, istər mühəndis, kim olur olsun, sakinlər özləri də məsuliyyət daşıyırlar. Yolları təmiz saxlamaq insanların mədəni səviyyənin göstəricilərindəndir. Bizim şəhərdə təmizliyin dərəcəsi bu gün qənaətbəxş deyil".

  Ekspert yolların təmizlənməsində müvafiq maşınlardan istifadə olunması təcrübəsinə də toxundu: " Əvvəllər bu üsuldan istifadə ediblər. Məsələn, Yasamal rayonunda bələdiyyə tərəfindən yolların təmizlənməsi üçün  yuyucu maşın alınmışdı. Amma çox təəssüf  ki, bu davamlı praktikaya çevrilmədi. Sovet dövründə bu cür maşınlar daimi istifadə olunurdu.  Lakin onda yollarda  suötürücülər, kanalizasiya xəttləri  də var idi ki, ordan su axıb gedirdi. Bu gün isə bəzi yerlərdə yollar çəkiləndə belə qurğuların qoyulması yaddan çıxır. Yəqin ki,  tikinti işləri bitdikdən sonra bu məsələ həll olunacaq. Qeyd edim ki, məsələ ilə bağlı Bakı Şəhər İcra hakimiyyəti də böyük  məsuliyyət daşıyır ".

Yolların təmizlənməsi  ilə bağlı memar Zemfira Budaqova isə  Mövqe.az-a açıqlamasında deyib: "Doğrudur, əvvəllər yolları yumaq üçün xüsusi maşınlardan istifadə olunurdu. Amma onda kanalizasiya xəttləri düzgün işləyirdi.Yağış sularının yollardan təmizlənməsi üçün də xüsusi nasoslardan istifadə olunurdu. Bu sular dənizə axıdılsa da, suötürücülərdən istifadə olunurdu. Təmizləyicilər  su ilə gələn zibillərin  dənizə tökülməsinə imkan vermirdi. Amma indi bizim bəzi yollarımızda kanalizasiya xəttləri normal fəaliyyət göstərmir. Yağış yağan kimi su yolun ortasına yığılır. Çünki, bu suların axıdılması üçün nasoslardan istifadə olunmur. Yağış yağan kimi insanlar yolu keçmək üçün az qala qayıq axtarırlar. Eləcə də əgər yuyucu maşınlardan istifadə olunsa, eyni vəziyyət yaranacaq. İstifadə olunan su da,  kanalizasiya xəttləri olmadığı üçün bir yerə yığılıb qalacaq. Əslində, yolların ortası hündür, kənarları çökək olmalıdır ki, su axıb gedə bilsin. Düzdür, indi yeni kanalizasiya xətləri çəkilir. Amma prosesin daha sürətlə aparılması məqbul olardı".