Əlaqə Arxiv
news Image
2020.08.10
18:16
| A A A
Təhsillə bağlı yeni təklif

“Təhsillə bağlı Beyin və Düşüncə Mərkəzi yaradılsın”. Bu təkliflə Təhsil Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Rəhimov çıxış edib. O, bildirib ki, pedaqoq alimlər, analitik düşüncəyə malik yeni təfəkkürlü təhsil adamları, məktəb rəhbəri işləmiş şəxslər, psixoloqlar, qabaqcıl rayon, kənd müəllimləri, təhsil jurnalistləri bu mərkəzdə cəmləşməsi yaxşı olardı: “Təklif edərdim ki, təhsillə bağlı öncə geniş tərkibli, mükəmməl strukturdan ibarət Beyin və Düşüncə Mərkəzi yaradılsın. Bu mərkəz Təhsil Nazirliyinə tabe olmasın. Birbaşa Prezident yanında bir qurum kimi fəaliyyət göstərsin. Niyə belə düşünürəm. Onu da izah edim. Məncə düşünən beyinlər başqa olmalıdır, icra edənlər başqa. Fikrimcə, ən yaxşı pedaqoq alimlər, analitik düşüncəyə malik yeni təfəkkürlü təhsil adamları, məktəb rəhbəri işləmiş şəxslər, psixoloqlar, qabaqcıl rayon, kənd müəllimləri, təhsil jurnalistləri bu mərkəzdə cəmləşməsi yaxşı olardı. Düşüncəmə görə məktəbi, məktəbşünaslığı dərindən bilənlər yalnız mərkəzdə olmalıdır. Mərkəzdə təhsilin bütün pillələri, sahələri üzrə ixtisaslaşmalar aparılmalıdır. Təhsillə bağlı qərarlar, əmrlər burada geniş şəkildə müzakirə olunmalı, araşdırılmalı, təhlil edilməlidir. Həmin mərkəzin əməkdaşları vaxtaşırı bölgələrdə olmalı, yerli şəraitə uyğun vəziyyəti dəyərləndirməli, təhlil aparmalıdır. Hər hansı bir qərar verəndə bu məsələlər nəzərə alınmalıdır. Nazirliyin üzərinə düşən vəzifə isə Beyin Mərkəzinin verdiyi qərarları icra etmək və təhsil müəssisələrində icrasına nəzarət etmək olmalıdır.
Əslində Təhsil İnstitutu Sovetlər Birliyi dövründə təxminən mənim arzuladığıma bənzər şəkildə fəaliyyət göstərib. Amma gəlin etiraf edək ki, bu qurum müstəqillik illərindən sonra Beyin Mərkəzi, elmi-pedaqoji tətqiqat işini yerinə yetirən bir qurum kimi imicini itirib, fəaliyyətini daha çox fərqli istiqamətlərə dəyişib.  Təbii ki, bunun da müxtəlif səbəbləri var. Bu gün məktəblərimizdə həm təlim, həm də tərbiyə məsələsində həllini gözləyən çox işlər var. Mənə görə tərbiyə ilə təlimə eyni ölçüdə yanaşmalıyıq. Zənnimcə, bizdə tərbiyə məsələsi biraz kölgədə qalır.  Gücü ancaq təlim nəticələrinə yönəldirik. Məktəblərimiz hesabat verərkən belə ancaq təlim nəticələri ilə bağlı rəqəmlər açıqlayır. Unutmamalıyıq ki, məktəb təkcə təlim deyil, həm də tərbiyə müəssisəsidir”.

Sizin Reklam Yeriniz