Əlaqə Arxiv
news Image
2020.08.13
08:15
| A A A
Kafe və restoranların açılışına hazırlıq koronavirusun yayılmasına necə təsir edəcək?
Məhərrəm Zülfüqarlı: “Öncə nəqliyyatdakı sıxlıq aradan qaldırılmalıdır, bunu etmirlərsə, çimərlik, kafe və restoranların açılması ilə insanları qorxu altında saxlamağın mənası yoxdur”


Xəbər verildiyi kimi, avqustun 11-də Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərarına dəyişiklik edib. Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Ona əsasən açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir.
Eyni zamanda həmin qərarla təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nın "Qida qəbulu zalları” sütununa "zalları” sözündən sonra ", otaqlar, habelə açıq hava sahələri” sözləri əlavə edilib. Belə ki, qərara əsasən, ictimai iaşə müəssisələrinin  qida qəbulu zallarında otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.
Qeyd edək ki, son dövrlər karantin rejiminin yumşaldılması fonunda əvvəllər fəaliyyətinə qadağa qoyulan bir sıra obyektlərin açılmasına icazə verilib. Kafe və restoranlarla bağlı verilən son qərardan əvvəl anoloji qərar çimərliklərlə bağlı verildi. Bu fonda keçən həftə sonu çimərliklərdə kütləvi sıxlığın olduğu müşahidə edildi. Hansı ki, bir sıra mütəxəssislərə görə, bu hal  koronavirus pandemiyasının yenidən artmasına gətirib çıxara bilər. Bu təhlükə ehtimalına baxmayaraq, gələn həftədən kafe və restoranların da fəaliyyətinə yaşıl işıq yandırılacağı gözlənilir. Çimərliklrdən sonra kafe və restoranların açılışına hazırlıq koronavirusun yayılmasına necə təsir edəcək?
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı bildirdi ki, koronavirusun yayılmasına indiki halda əsas ciddi təsiri nəqliyyatda hökm sürən sıxlıq amili göstərir. Ona görə də həmsöhbətimizə görə,  bu problem həll edilmədən kafe və restoranların açılması ilə insanları qorxu altında saxlamağın mənası yoxdur: “Koronavirus pandemiyası ilə bağlı olaraq ölkədə müxtəlif qadağalar tətbiq edilib. Son zamanlar isə virusa yoluxma hallarının azalması əsas gətirilməklə karantin rejimində bəzi yumşalmalara gedilir. O cümlədən, çimərliklər açıldı, indi də kafe və restoranların gələn həftədən açılacağı deyilir. Qanuna tabe insanlar kimi Operativ Qərargahın göstəriş, tövsiyyə və təlimatlarına riayət edirik. Belədə inanırıq ki, onlar virusla mübarizədə nəsə bir iş görürlər.  Ancaq son zamanlar Operativ Qərargahın işinə müəyyən dərəcədə şübhə ilə yanaşmağa başlamışam. Bu şübhəm də ən azından “Koroğlu” metrostansiyası ətrafında ictimai nəqliyyatda hökm sürən dıxlıqla bağlı olaraq yaranıb.
Təəssüf ki, qərargah üzvləri və yaxud nəqliyyatın hərəkətini tənzimləyən qurumlar bu barədə danışmır, susmağa üstünlük verirlər. Onlar sanki kampaniya xarakterli iş görürlər. Çimərliklərin fəaliyyətinə icazə verilən kimi, icra hakimiyyətinin şöbə müdiri çimərliklərin birində maska taxaraq müsahibə verir. Gedib “Koroğlu” metrosu yanındakı vəziyyəti araşdırıb bu barədə müsahibə verməyi isə özünə sıxışdırmır. Halbuki onun birbaşa vəzifəsi nəqliyyatın hərəkətini təmin etməkdir. Bu fonda düşünürəm ki, virus təhlükəsi özünü kəskin şəkildə göstərəcəksə, o özünü ilk növbədə ictimai nəqliyyatda  müşahidə edilən sıxlıqda göstərəcək. Bacarmırlarsa, metronu açsınlar ki, nəqliyyatdakı sıxlıq müəyyən dərəcədə seyrəlsin. Məhz “Koroğlu” metrostansiyası ətrafında hərəkət edən ictimai nəqliyyatda insanlar nəinki məsafə saxlamırlar, burada hətta insanları zorla itələyərək qapının çətinliklə bağlanması hadisələri müşahidə edilir. Ona görə düşünürəm ki, Operativ Qərargah birinci növbədə məhz ictimai nəqliyyatda hökm sürən sıxlığın aradan qaldırılması məsələsilə məşğul olmalıdır.  Bunu etmirlərsə, çimərlik, kafe və restoranların açılması ilə insanları qorxu altında saxlamağın da mənası yoxdur. Qənaətim budur ki, cavabdeh rəsmi qurumlar doğrudan da virusla mübarizədə ciddi iş görürlərsə, ilk növbədə nəqliyyatdakı sıxlığı aradan qaldırmalıdırlar. Bundan sonra çimərlik və restoranlarla bağlı da qərarlar vermək olar”.
R. SOLTANOV

Sizin Reklam Yeriniz