news Image
2013.08.06
17:21
| A A A
Elit evlərin inşası dayandı
Samir Əliyev: «Belə evlərin qiyməti digər evlərlə müqayisədə 2-3 qat, bəzən isə daha çox yüksək olur»

Nüsrət İbrahimov : "Bakıda artıq elit binaların və evlərin tikilməməsinin bir neçə səbəbi var"


Bu gün Bakıda ev tikintisi sahəsində intensiv işlər gedir. Mənzillərin satılıb-satılmamasından asılı olmayaraq şəhərdə  daim yeni yaşayış binalarının tikildiyinin şahidi oluruq. Lakin bu cür tikililər içərisində elit binalara, elit evlərə artıq üstünlük verilmir. Məlumdur ki, elit evlər əsasən şəhərin ən gözəl mənzərəli yerlərində tikilirdi və həm keyfiyyət, həm də keyfiyyətinə uyğun qiymət cəhətdən

digər evlərdən seçilirdi. Belə evlərin nə səbəbdən artıq inşa olunmaması haqda araşdırma apardıq. 


İqtisadçı-ekspert Samir Əliyev Mövqe.az-a açıqlamasında elit evlərin tikilməməsinə səbəb kimi belə evlərin qiymətinin yüksək olmasını və onlara artıq tələbatın azaldığını deyib: " Elit evlərə tələbatın az olması günün reallığıdır.  Belə evlərin az tikilməməsinə birinci səbəb budur. Çünki biz bilirik ki, elit evlər bir qayda olaraq bahadır. Belə evlərin qiyməti digər evlərlə müqayisədə 2-3 qat, bəzən isə daha çox yüksək olur. Tələbat artıq əvvəlki qədər deyil. İkincisi bu cür evlərin tikilməsinin məqsədəuyğunluq məsələsi ortaya çıxır. Yəni, belə binaların tikilişi nə qədər məqsədəuyğundur. Elit evlər bir qayda olaraq, şəhər mərkəzlərində tikilir. Çünki mərkəzdə tikilən istənilən ev yerləşdiyi yerə görə qiymət alır. Mərkəzdə tikilən ən pis proyektli evin qiyməti kənarda tikilən yüksək proyektli evin qiymətindən qat-qat baha olur. Bu gün evin yerinə görə ona  qiymət verilir. Ona görə də, bu gün mərkəzi yerlərdə elit binaların tikilməsinə hardasa qadağa var.  Bu cür tikililərə rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq icazə verilmir. Kənarda da elit ev tikmək heç kimə sərf eləmir. Çünki, kənarda elit ev tikəndə onun tikilməsinə digərlərinə nisbətən daha çox xərc qoyulur. Və məlumdur ki, onu heç kim almayacaq.Bu səbəbdən də kənarda ev tikilərkən bir qayda olaraq, qiymət cəhətdən hamı üçün əlçatan olan evlərə üstünlük verilir. Bu gün çalışılır ki, sahibkar say hesabına qazanc əldə etsin. Elit evlər daha çox keyfiyyət məsələsidir. Say azdır, qiymət çoxdur. Bunun hesabına qazanc əldə edilir. Adi evlərin satışında  isə sayca nə qədər çox alınsa, o qədər çox qazanc əldə edilər. Qeyd etdiyimiz bu iki səbəbə görə bu gün elit evlərin tikintisi azdır " .


M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov isə saytımıza açıqlamasında elit evləri ala biləcək yeni nəslin olmadığını məsələyə səbəb kimi göstərib:  " Bakıda artıq elit binaların və evlərin tikilməməsinin bir neçə səbəbi var. Birinci səbəb odur ki,  belə evlərə tələbatı olan şəxslər özlərinə yetərincə belə evlər alıblar. İkincisi, məlumdur ki, həmin insanlar təbii ki, imkanlı insanlardır. Onlar bu gün öz imkanlarına uyğun olaraq tələblərinə və zövqlərinə  uyğun evlər tikdirirlər. Hazır evlərə ehtiyacları yoxdur. Üçüncüsü, köhnə imkanlı nəsil bu gün hələ bazardadır, ortalıqdadır. Onlar artıq yenisi ilə əvəz olunmalıdırlar. Bu nəslin  yerinə yeni cavan və imkanlı nəsil gəlməlidir ki, onlar da  həmin o binaları, evləri  alsınlar. Bu da hələ ki yoxdur. Ona görə də, yeni nəslin yaradacağı yeni tələb ortada olmadığından, bu evlərə ehtiyyac demək olar ki, aşağı səviyyədədir. Bu baxımdan elit binalara bu gün tələb yoxdur və tələb olmayan yerdə də  tikinti aparılmır ".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs