Əlaqə Arxiv
news Image
2020.09.15
21:54
| A A A
Postpandemiyaya hazırlıq

Hal-hazırda bir çox ölkələrin COVİD-19 pandemiyasının ikinci dalğasını yaşadığı ərəfədəyik. Lakin nə pandemiyanın ilk dövrlərində, nə də ki, indi ölkəmizdə iqtisadi “fasilə” yaranmadı. Demək olar ki, hər  gün cənab Prezidentin açılışlar etdiyinin şahidi oluruq. 2020-ci il sentyabrın 14-də Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə təhsil mərkəzinin açılışı isə özünəməxsusluğu ilə seçilir. Bu möhtəşəm tikili ölkəmizdə həm iqtisadiyyatın, həm də təhsilin önəmli mövzu olduğunu, dövlətin bu sahələrə xüsusi diqqətlə yanaşmasının bir daha sübutu oldu. Məkan olaraq Sumqayıtın seçilməsi isə daha diqqətçəkən bir məqamdır. Cənab Prezidentin açılışdakı çıxışında vurğuladığı kimi Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Belə ki, Sumqayıtın potensialının daha da güclənməsində Kimya Sənaye Parkının xüsusi rolu var. 
        Pandemiya insanlara, insanlığa bir-birimizi sevməyi, qayğımıza qalmağı, məsafələrin xoşbəxt olmaqda, məqsədlərimizə çatmaqda mane olmadığını öyrətdi , bəlkə də, sadəcə xatırlatdı. Eyni zamanda ölkələrə də iqtisadi asıllığın əslində böyük təhlükə olduğunu xatırlatdı. Elə bu səbəbdəndir ki, Cənab Prezidentin göstərişi ilə heç bir dövlət əhəmiyyətli obyektlərin tikintisi, açılışı təxirə salınmır. Çünki pandemiya ilə mübarizə dövründə ölkədə daxili tələbatı yerli məhsullar hesabına ödəmək əsas prioritet məsələdir. Bu ildən etibarən şüşə istehsalı zavodunun fəaliyyətə başlaması pandemiya səbəbindən tənəzzülə uğrayan tikinti sektorunda da canlanma yaradacaqdır. Ölkənin yerli şüşə ilə təmin olunması böyük nailiyyətdir. 
         Kimya Sənaye Parkında Peşə Təhsil Mərkəzinin açılışı isə ölkədə sənaye parkı ərazisində ilk təhsil müəssisəsidir ki, cənab Prezidentin də söylədiyi kimi bu bir neçə strateji hədəfə nail olmaq deməkdir. Tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişlərinin aşılanması, təlim-tədris prosesində iştirak edəcək mütəxəssislərin elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olması, tələbələrin də Kimya Sənaye Parkı müəssisələrində bilavasitə təcrübə keçmələri, iş yeri əldə etmək imkanı qazanmaları dövlətin diqqətində olan bir neçə əsas məsələnin bir anda həllini tapması deməkdir. 
         Pandemiya dövründə görülən bütün bu işlər postpandemiya dövrü üçün hazırlıqdır. Siyasi arenada söz sahibi olan ölkəmiz bütün başverəcəkləri nəzərə alaraq postpandemiya hazırlıqlarına indidən başlayır. Lakin hər bir çətinlikdə olduğu kimi bu siyasi böhranda da yalnız birlik nəticəsində qalib ola bilərik. Bu səbəbdən xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizə vəsait qoymaları, investisiya axınını daimi etmələri mütləqdir. Cənab Prezidentin də vurğuladığı kimi indi elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq. Xalq-dövlət birliyi sayəsində dünyaya nümunə olmaq vaxtıdır!
                   

Günəş Əliyeva  
Nəsimi rayon gənci

 

Sizin Reklam Yeriniz