news Image
2013.08.12
14:46
| A A A
Yeni dərs ili üçün 4 milyondan çox dərslik və metodik vəsait çap ediləcək

Yeni dərs ilinə II, IV, VI, VIII, IX və XI siniflər üçün 139 adda 4 mln. 11 min nüsxə dərslik və müəllim üçün metodik vəsait dövlət vəsaiti hesabına çap edilərək ümumtəhsil məktəblərinin istifadəsinə veriləcək.

 

Mövqe.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, VI sinif dərslikləri ilk dəfə  olaraq kurrikulum əsasında hazırlanıb. IX sinfin "Alman dili" dərsliyi də yeni dərslikdir. Digər dərsliklər əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub.

 

Yeni təhsil proqramlarının (kurrikulumlar) VI siniflərdə də tətbiqi ilə əlaqədar müəllimlərin hazırlığına başlanılıb. Yeni dərs ilində təlimin keyfiyyəti ilə bağlı monitorinqlərin aparılmasına xüsusi diqqət yetiriləcək, nəticədən asılı olaraq müvafiq təkliflər hazırlanacaq.

 

Yeni dərs ili üçün yeniliklərdən biri də ondan ibarətdir ki, ilk dəfə olaraq özəl ilk peşə-ixtisas təhsili müəssisəsi olan Bakı Sahibkarlıq Peşə Məktəbinə qəbul aparılacaq.

 

Bu tədris ilindən başlayaraq ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil almaq istəyən şəxslər sənədlərini onlayn rejimdə təqdim edə biləcəklər. Bu proses www.psds.edu.az saytı vasitəsilə aparılacaq. Eyni zamanda qeyd olunan sayt vasitəsilə həm ilk peşə-ixtisas təhsili müəssisələri, həm də peşələr və qəbul qaydaları haqqında məlumat əldə etmək mümkün olacaq.

 

Yeni tədris ilində Təhsil Nazirliyi bir sıra qurumlarla, o cümlədən işəgötürən təşkilatlarla kadr hazırlığı istiqamətində birgə layihələr həyata keçirəcək. Belə ki, Bakı şəhərində yerləşən bir neçə ilk peşə-ixtisas təhsili müəssisəsində tanınmış şirkətlərlə birgə və beynəlxalq əməkdaşlıq çərçivəsində Resurs Mərkəzlərinin yaradılması, eləcə də müvafiq kursların təşkili nəzərdə tutulur.

 

Yeni dərs ilində orta ixtisas təhsili müəssisələri üçün 13 adda 17800 nüsxə dərslik, dərs vəsaiti və metodik vəsait (elektron versiyaları ilə birgə) ilk dəfə olaraq hazırlanıb nəşr edilmiş və orta ixtisas təhsili müəssisələrinə paylanacaq.

 

Yeni dərs ili ərəfəsində ali və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi genişləndirilib. Belə ki, İnformasiya Texnologiyaları Universiteti və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb, qəbul planı müəyyənləşdirilib. Növbəti dərs ilindən həmin təhsil müəssisələrində tədrisə başlanacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs