Əlaqə Arxiv
news Image
2020.09.26
08:00
| A A A
Pandemiya ilə mübarizə genişlənir
Vətəndaş öhdəlikləri və vəzifə borcu koronavirusla mübarizədə nəzarəti gücləndirməlidir

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli fərmanına dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra karantin rejiminin pozulmasına Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi də baxacaq. Demək, pandemiyaya nəzarət sistemi 3 iri təşkilatla daha da genişləndirilib. Nədir məqsəd?
Əgər indiyə qədər pandemiya ilə mübarizədə yalnız inzibati və iqtisadi meyarlar üstünlük təşkil edirdisə, bundan sonra yaşam tərzimizə və məişətimizə daxil olan bəzi meyarlar üzrə də diqqətli olmaq tələb olunur. Belə ki, səhiyyə sistemi işçilərinin nəzarət mexanizminə qoşulmaları virusa qarşı mübarizə ilə yanaşı onun müalicəsi ətrafında da məsuliyyətin artmasına səbəb olacaq. Bəli, bu gün həkimlər cəmiyyətlərin “qoruyucu mələkləri” funksiyasını yerinə yetirirlər. Ancaq pandemiya dalğalarının təcrübəsi göstərir ki, bu azdır. Həkimlər arasında virusa yoluxanların və həyatını itirənlərin statistikasına diqqət etsək bunu aydın görərik. Operativ Qərargah və TƏBİB mütəxəssislərinin araşdırmaları nəzarət mexanizminin eninə doğru genişləndirilməsi məsələsini gündəmə gətirib ki, nəticədə bir neçə digər uyğun təşkilatların da bu sistemə qoşulması təmin edilib.
Cəmiyyətimizin postpandemiya dövrü yaxınlaşır. Bunu, görülən tədbirlərin verdiyi fayda saymaq olar. Çünki bir sıra inkişaf etmiş Qərb ölkələri də daxil olmaqla bəzi regionlarda virusun ikinci, hətta üçüncü dalğası özünü göstərir və yoluxanların sayı sürətlə artır. Hətta bəzi ölkələr yenidən sərt karantin rejiminə qayıdır və yaxud qayıtmağı planlaşdırır. Ancaq Azərbaycanda gündəlik yoluxma statistikası artıb-azalan xətlə davam etdiyindən buna lüzum görülmür. Lakin bu o demək deyil ki, təhlükə sovuşub. Əksinə, potensial fəlakət hər an gözləniləndir və qəfil ağırlaşmaların başlanması istisna deyil. Hələlik isə mövcud vəziyyətə uyğun olaraq hökumət qabaqlayıcı tədbirlər görmək əzmindədir və bu səbəbdən situasiyaya ciddi nəzarət olunur.
Demək, cəmiyyətimizdə pandemiyaya münasibətdə paralel işlər görülür: birincisi, yumşalmalar baş verir, ikincisi eyni zamanda nəzarət sistemi təkmilləşdirilir. Tam olmasa da cəmiyyətin yarınormal vəziyyətə qayıtması ilk günlərdən görünür ki, düzgün verilmiş qərardır. Daha üç təşkilatın nəzarət sisteminə qoşulması bundan sonrakı yumşalmalar prosesinə zəmanət verməyi diqqətə alır. Çünki yollar açıldığına görə əhalinin yerdəyişməsi və ölkəyə müəyyən sayda turistin gəlməyinə səbəb olub. Bu isə daha sərvaxt olmağı tələb edir. Düzdür, onsuz da nəzarət var idi. Lakin indi vəziyyət ikiqat nəzarət altındadır. Yəni, vətəndaşların və ölkəyə gələn qonaqların hökumətin müəyyənləşdirdiyi qaydalara əməl etmək öhdəliyi ilə yanaşı, bilavasitə idarələrdə, müəssisələrdə, xidmət yerlərində çalışanların vəzifə borcu kimi nəzarət sistemində iştirakı öz nəticəsini verməlidir.
Qida Təhlükəsizliyi Agentliyi iaşə müəssisələrində qaydaların yoxlanmasını sərtləşdirəcək, Dövlət Turizm Agentliyi isə turizm sənayesində hökumətin qaydaları ilə yanaşı daxili nəzarət sistemini gücləndirməyi öz vəzifələrinə daxl edəcəklər.
Görülən tədbirlər, güman edirik ki, nümunəyə çevriləcək nəzarətin genişlənməsi işini zərurətə çevirəcək. Ona görə ki, koronavirusun bu tyezliklə aradan qalxacağına heç bir zəmanət yoxdur. Hətta, mütəxəssislərin fikrincə, vəziyyət, ola bilsin ki, bir-iki il belə davam etsin. Belə olan halda onda biz işləməyi və virusdan qorunmağı eyni zamanda həyata keçirməyi öyrənməliyik. Bunun üçünsə, inzibati və mənəvi öhdəliklərin bir-birilə uzlaşdırılması düzgün yönləndirilməlidir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz