Əlaqə Arxiv
news Image
2013.08.13
16:37
| A A A
Yerli buğdanın keyfiyyət problemi
Murtuzəli Hacıyev: «Fermerlər sərbəstdirlər, istəyərlər taxılı bazarda, istəyərlər dəyirmanda və ya Fonda satarlar»

Vahid Məhərrəmov: "Standarta cavab vermək üçün istehsal olunan məhsul  təmizlənməlidir, qurudulmalıdır, çeşidlənməlidir, sinfə ayrılmalıdır"


Məlumat verildyi kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib. Fonda qəbul üçün gətrilən taxıl müvafiq tələblərə cavab verməlidir. Lakin ötən illərin təcrübəsi göstərir ki, yerli fermerlər sözügedən fonda taxıl verməkdə nədənsə maraqlı deyillər. Belə fikirlər də səslənir ki, yerli istehsal olan ərzaq buğdasının əksər hissəsi fondun tələblərinə cavab vermədiyindən heç fermerlər istehsal etdikləri buğdanı buraya gətirmirlər. Əlacsız qalan fond isə son nəticədə buğda tədarükü üçün xarici ölkələrə də üz tutmalı olur.  

Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev qeyd edir: " Kim deyir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fonduna 

 yerli fermerlər taxıl vermir?! Əslində, onu fermerlər bilər, ya da elə o Fondun özündən soruşmaq lazımdır ki, niyə bizim taxılı almayıb? Bilirsiniz, fermerlər sərbəstdir.Çünki məhsul onların özlərinindir.  Onlar özləri bilər. İstəyərlər taxılı bazarda, istəyərlər dəyirmanda və ya Fonda satarlar. Hansı əl versə, onu da edə bilərlər. Biz fermeri necə məcbur edə bilərik ki, sən öz taxılını bazarda satma, gətir Fonda sat? Mən deyə bilmərəm, bu il yerli fermerlər tərəfindən Dövlət Taxıl Fonduna taxıl satılacaq ya yox… Ancaq bizdə ilbəil məhsuldarlıq artır. İstehsalla bağlı qeyd edim ki, 1 milyon 881 min ton  buğda istehsal olunub. Bununla da orta məhsuldarlıq 27, 6 sentner təşkil edir. Bu da keçən illə müqayisədə 0,7 sentner çoxdur. Ümumiyyətlə isə, buğda istehsalı keçən illə müqayisədə 2,1 % artıb. Taxıl istehsalı dənli və paxlalı bitkilər artıb. Bu günə olan məlumata görə, 2 milyon 723 min ton taxıl istehsal olunub".

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə bildirir: "Taxıl Fondu yaradılandan bəri birinci ildə min tona yaxın yerli  taxıl tədarükü olundu.  Sonradan da məlum oldu ki, həmin tədarük olunan taxılın keyfiyyəti  ərzaq buğdası standartına cavab vermir. Keçən il də, ondan əvvəlki il də Dövlət Taxıl Fondu yerli fermerlərimizdən taxıl almaqda çətinlik çəkdi. Fond elan etdi, ancaq yerli fermerlərdən heç bir kiloqram belə taxıl gətirib Fonda təhvil verən olmadı.  Bu, birincisi onunla bağlıdır ki, istehsal olunan taxılın keyfiyyəti çox aşağıdır. Heç bir standarta cavab vermir. Standarta cavab vermək üçün istehsal olunan məhsul  təmizlənməlidir, qurudulmalıdır, çeşidlənməlidir, sinfə ayrılmalıdır. Bu proseslər getmir. Bizdə dədə-baba qaydası ilə taxılı havaya verməklə qurudurlar və zir-zibili əllə təmizləyirlər. Belə olunan halda da məhsul müəyyən olunmuş standarta uyğun gəlmir. Standarta uyğun olmayan məhsulu nə fermerlər Dövlət Taxıl fonduna təqdim edə bilirlər, nə də ki, Dövlət Taxıl Fondu onlardan o məhsulu qəbul edə bilir. 

Ölkəyə buğda idxal olunduğu üçün daxili bazarda taxılın qiyməti yüksək olaraq qalır. Buğda idxal edən sahibkarlara da sərf edir ki, Azərbaycanda taxılın qiyməti yüksək olsun. Və onlar idxal etdikləri məhsulu yüksək qiymətə sata və emal edib, un istehsal edə bilsinlər. Heyvandarlıqda istifadə olunan buğdanın əsas hissəsi demək olar ki, yerli buğda istehsalının hesabına ödənir. Baxmayaraq ki, həmin buğdanın keyfiyyət göstəricisi aşağıdır. Elə heyvandarlıqda da, ət, süd istehsalında yaxşı nəticə ona görə əldə edə bilmirik ki, biz istehsal etdiyimiz buğda, taxıl məhsulları  normal standarta uyğun deyil". 

Vahid Məhərrəmov onu da qeyd etdi ki, yüksək göstərici əldə etmək üçün çox işlər görülməlidir: "Xüsusi avadanlıqlar gətirilməlidir. Aktiv qurudulma, sovrulma prosesləri getməlidir ki, taxıl həm qurusun, həm çeşidlənsin, həm də ki, siniflərə ayrılsın. Yəni, bu mərhələləri keçmədən buğdanın müəyyən standarta aid etmək olmaz. Taxıl ayrılmalıdır ki, məlum olsun ki, o hansı növə aiddir. İstehsaldan sonra taxıl mütləq təmizlənməli, çeşidlənməli və sinfə ayrılmalıdr".



Sizin Reklam Yeriniz