Əlaqə Arxiv
news Image
2020.09.30
13:43
| A A A
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi müqəddəs borcumuzdur

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin hər bir əməkdaşı  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Zati-Aliləri İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş torpaqlarımızın mənfur düşməndən azad olunması yolunda Vətənin müsəlləh əsgəridir!

Sentyabrın 27-si səhər saatlarında, bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək atəşə tutan Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə namərdcəsinə pozmaqla, 1949-cu il Cenevrə konvensiyasının müddəalarına zidd olaraq erməni faşizminin növbəti  təzahürü kimi, mülki əhali, habelə hərbçilərimiz arasında itkilərə səbəb olan hərbi əməliyyatlara rəvac verdi. Lakin Azərbaycan Ordusu düşmənin məkrli niyyəti və xain həmlələrinin qarşısını alaraq, düşmənin hərbi mövqelərinə layiqli zərbələr endirməklə  qarşı tərəfin bir çox hərbi texnikasını, canlı hərbi qüvvəsini sıradan çıxardı.
Son dövrlərdə Ermənistan hərbi-siyasi rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yolverilməz, ələlxüsus hərbi vəziyyətin kəskinləşməsinə və danışıqların baş tutmamasına aşkar xidmət edən ritorikası, məsuliyyətsiz və həyasız davranışı 2020-ci ilin iyul ayında dövlət sərhədlərimizin Tovuz rayonu istiqamətindən hücuma məruz qalmasına gətirib çıxardı. Azərbaycan torpaqlarının işğalını davam etdirməyi nəzərdə tutan, lakin əvvəlindən uğursuzluğa məhkum olan bu plan Ordumuzun 12 hərbçisinin qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalması ilə nəticələndi. Avqust ayında növbəti təxribatla ölkəmizə terror diversiya qrupunun göndərilməsi simasızlığın daha bir təzahürü olaraq diqqət çəkdi. Bundan savayı, Livan ermənilərindən ibarət ailələrin Dağlıq Qarabağa köçürülməsi və digər mənfur planlar da düşmənin məkrli niyyətinin  tərkib hissəsi idi, müharibə şəraitinin daha da gərginləşməsinə xidmət edirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son dövrlərdə erməni qəsbkarlarının niyyətlərini ifşa edən məlumatların əldə olunduğunu bəyan etməsi və bunu sonuncu dəfə BMT-nin ən yüksək kürsüsündən səsləndirdi. Düşmən abır-həyasına yığışmadan, həyasızcasına növbəti təxribatına əl atdı, mülki əhalini hədəfə alan mənfur cılız xislətli simasını bir daha nümayiş etdirdi. Lakin səbrin və dözümün də bir həddi var. Əks-hücuma keçən rəşadətli Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, onu ağır itkilərlə geri çəkilməyə məcbur etdi. Öz torpaqlarını hər an işğaldan azad etmək hüququnun olduğunu bildirən cənab Prezidentin bu qərarı Azərbaycan xalqının rəğbəti, təqdiri və birmənalı dəstəyi ilə qarşılanıb.
Şanlı Ordumuzun əks-hücumla torpaqlarımızı işğaldan azad etməyə başlaması xəbərini paytaxtın ictimai nəqliyyat sektorunda özünəməxsus yeri olan və sərnişinlərinə nümunəvi xidmət göstərmək üçün səylərini əsirgəməyən Bakı metropoliteninin zəhmətkeş kollektivi böyük ruh yüksəkliyi ilə qarşılayıb. Metropolitençilər bu qələbələrin ruhundan ilhamlanaraq, işğal altında olan torpaqlarımızın yaxın gələcəkdə son qarışına qədər azad ediləcəyinə inamını ifadə edir. Xalqa xüsusi ovqat gətirən bu qələbələrin zəfər yürüşünə çevrilərək xalqımızın ərazi bütövlüyünü təmin edəcəyinə və yeni iqtisadi quruculuq mərhələsinə başlamaqla dünya dövlətləri sırasında sülhpərvərliyi ilə seçilən dövlətimizin növbəti yüksəlişinin başlayacağı günün də uzaqda olmadığına inanırıq. 
Sentyabrın 27-də Azərbaycan xalqına xitabında “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin inamlı və qətiyyətli, məntiqli və əsaslandırılmış mövqeyi bu qənaəti Azərbaycan ictimaiyyəti ilə əminliklə paylaşmağa əsas verir.
Əlbəttə, döyüş meydanı itkisiz olmur. Şəhid olan Vətən övladlarının qarşısında baş əyərək, xalqımıza dərin hüznlə başsağlığı verir, eyni zamanda, Vətən naminə canlarını fəda edən qorxu bilməz əsgərlərimizin unudulmaz qəhrəmanlığının, mənfur düşmən məkri ilə günahsız qurban olan sakinlərin xatirəsinin hər bir Azərbaycan vətəndaşı üçün daim əziz olacağına əminlik ifadə edir və Ana Vətən  naminə bu müqəddəs əməllərin Allah-Təalanın dərgahında rəhmlə qəbul olunmasını diləyirik.
1990-cı illərin ağır döyüşlərində Vətən savaşında şücaət göstərənlər sırasında olan və qəhrəmanlarının xatirəsini, döyüş nümunələrini daim yaşadan metropolitençilər Respublika rəhbərinə, düşmənə sinə gərən Azərbaycan əsgərinə, bu şəraitin çətinliklərinə rəğmən yüksək ovqatla hərbçilərimizə də dəstək olan mülki əhaliyə minnətdarlıq hissi ilə xalqımızla həmrəy olduğunu, dövlət başçımızın yürütdüyü siyasətə, verdiyi qərarlara tam dəstəyini ifadə edir, Ali Baş Komandanımızın  əmrlərini icra etməyə tam hazır olduğunu bildirirlər.

 “Bakı Metropoliteni” QSC-nin kollektivi

Sizin Reklam Yeriniz