Əlaqə Arxiv
news Image
2013.08.21
14:09
| A A A
Azərbaycanda dövlətə borclarını ödəməyənlərə qarşı cəzalar sərtləşdirilir

Azərbaycanda dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozanlara qarşı cəzaların sərtləşdirilməsi gözlənilir.


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 195-ci maddəsinə dəyişikliklər müzakirəyə çıxarıla bilər.

 

Dəyişikliyə əsasən, dövlət borc almaları və ya dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda həmin şəxs 6 il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırkı qüvvədə olan qanunvericiliyə görə isə bu hala görə cəza 3 il müddətinə vəzifə və fəaliyyətdən məhrum etmə, 1 ildən 2 ilə qədər həbsdir.

 

Maddənin digər bəndinə edilən dəyişikliyə əsasən də eyni epizod üzrə dövlətə külli miqdarda ziyan vurduqda həmin şəxs 6 il müddətinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın 4 misli miqdarında cərimə və ya 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

Hazırda qüvvədə olan varianta görə isə bu hala görə cəza 3 il müddətinə vəzifə və fəaliyyətdən məhrum etmə, yaxud 3 ilədək həbsdir. Layihənin parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılması gözlənilir. 

Sizin Reklam Yeriniz