Əlaqə Arxiv
news Image
2013.08.28
16:16
| A A A
Dövlətin mənzil tikintisinə başlaması zərurətə çevrilir
Ramil Osmanlı: «Azərbaycanda bu təcrübədən istifadə etmək üçün dövlətin imkanları olduqca genişdir»

Nüsrət İbrahimov: "Bu təcrübədən bir çox ölkələr kimi, biz də yararlana bilərik"


 Son zamanlar Azərbaycanda özəl tikinti şirkətlərinin fəaliyyətində belə demək mümkünsə, bir zəifləmə müşahidə olunur. Belə ki, bu cür şirkətlər artıq daha az mənzil inşa edirlər. Halbuki, mənzillərə tələbat artır. Vəziyyətdən çıxış yolu kimi dövlətin özünün mənzil inşa edərək əhaliyə daha ucuz qiymətə satması təklif olunur. Bu yolla əhalinin əksəriyyəti evlə təmin oluna bilir. Azərbaycanda da mənzil tikintisi sahəsində  bu təcrübənin tətbiqi haqda araşdırma apardıq . 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı Mövqe.az-a açıqlamasında bu təcrübənin Azərbaycana tətbiqinin müsbət nəticələr verəcəyini  deyib: "Azərbaycanda bu təcrübədən istifadə etmək üçün dövlətin imkanları olduqca genişdir. İqtisadi baxımdan Azərbaycan Respublikasının real göstəriciləri bizim müqayisə apardığımız dövlətlərlə qarşılaşdırıldıqda daha genişdir.  Məsələ burasındadır ki, Azərbaycanda tikinti sektorunun bu cür problemlərlə qarşılaşmasına səbəb daha çox təsadüfi tikinti şirkətlərinin bazara daxil olması, bazarda təsadüfi adamların fəaliyyət göstərməsidir. Bu, daha çox problemlərin yaranması ilə nəticələnir, nəinki, dövlətin bu işə müdaxilə etməməsi. Hesab edirəm ki, dövlət mənzil tikintisi sahəsinə müdaxilə edə bilər və təbii ki, müəyyən tikinti şirkətlərinə müəyyən vəsait ayırmaqla mənzil tikintisini həyata keçirə bilər. Belə bir təcrübə yaxın zamanlarda müşahidə etdik. Mətbuat işçiləri üçün yeni mənzillər inşa olundu. Düzdür, bu mənzillər mətbuat işçilərinə qarşılıqsız olaraq, əvəzsiz olaraq verildi. Amma bunu başqa bir formada həyata keçirmək mümkün idi. Aztəminatlı ailələrin və ya aztəminatlı olmasa da, dövlət qulluğunda ayrı-ayrı strukturlarda çalışan işçilərin mənzil təminatının yaxşılaşdırılması üçün bu cür təcrübədən yararlanmaq, mənə elə gəlir ki, ancaq müsbət nəticələr verə bilər ". 

 M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov  isə Mövqe.az-a verdiyi açıqlamada məsləyə belə yanaşır: "Təbii ki, Azərbaycanda bu təcrübədən istifadə etmək mümkündür. Xüsusən də məskunluğun yüksək olan ərazilərdə. Yəni Bakı şəhərinin mərkəzi hissəsində yox, kənar hissələrdə bunu həyata keçirmək olar.  Bu gün sənaye obyektləri çox olduğu yerlər kimi, əsasən, Qaradağ rayonu ərazisini, Binəqədi rayonu ərazisini göstərmək olar. Belə yerlərdə sosial təminatlı evlər tikmək mümkündür. Bunu bələdiyyələrin əli ilə və yaxud da ki, Dövlət Sosial Müdafiə Fondunun əli ilə eləmək mümkündür. Və yaxud da digər qurumların vasitəsi ilə həyata keçirmək olar. Və bunlarla başlayıb, sonra isə biznes adamlarını, investorları bura cəlb etməklə belə təyinatlı daha ucuz evlərin tikintisini davam etdirmək olar. Onun üçün dövlət tərəfindən, və yaxud da ki, müəyyən bələdiyyə orqanları tərəfindən müəyyən torpaq sahələri ayrılmalı, onun tikinti layihə sənədləri işlənilməli, sonra tender elan olunmalı və tender vasitəsi ilə də tikilməlidir. Ondan sonra da onu əhalinin istifadəsinə vermək olar. Tikilmiş mənzilləri birbaşa satmaq da olar, onu uzunmüddətli kirayə vermək şərti ilə və tədricən ödəmək şərti ilə də satmaq olar. Bu təcrübədən bir çox ölkələr kimi, biz də yararlana bilərik ".


Sizin Reklam Yeriniz