Əlaqə Arxiv
news Image
2013.08.29
11:20
| A A A
Tənəzzülə uğrayan gülçülük
Asəf İsgəndərov: “Gərək bu işdə dövlət dəstəyi olsun” Vahid Məhərrəmov: “Azərbaycan gülçüləri çalışmalıdır ki, müxtəlif çeşidlərdə gül istehsal etsinlər” Məlumdur ki, vaxtilə Azərbaycanın Abşeron, Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlan ərazilərində gülçülük sovxozları fəaliyyət göstərib. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı olub. Bakı kəndlərindəki gülçülük təsərrüfatları həm Azərbaycanı, həm də keçmiş Sovet İttifaqını güllə təmin edirdi. Ancaq Sovet İttifaqı dağılandan sonra ölkəmizdə gülçülük təsərrüfatı geriləməyə başlayıb. Düzdür, son illər əqədər əsas etibarı ilə Rusiyaya böyük həcmdə gül ixrac olunurdu. Lakin hazırda Rusiya bazarına ixrac olunan gül və bəzək kollarının həcmində 6 il əvvəllə müqayisədə 20 – 30 dəfədən çox azalma müşahidə edilir. Halbuki, ölkəmizdə bu sahənin intensiv inkişafı üçün münbit şərait var. Hətta elə gül növləri var ki, yalnız Azərbaycanda yetişdirilməsi mümkündür. Xüsusi ilə də gül satışından bir çox ölkələrin böyük həcmdə vəsait əldə etməsini nəzərə alsaq, bu gün həmin sahənin inkişaf etdirilməsi vacib məsələlərdən biri ola bilər. Maliyyə çatışmazlığı, bu sahəni bilən kadrların və insanların marağının azlığı, maarifçiliyin aşağı olmasını, həm də satış bazarlarına daxil olmağın çətinliyi Azərbaycanda gülçülük təsərüfatını ləngidən amillərdən hesab edilsə də, dövlət bu sahəyə biganə deyil. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlardan gülçülüyün inkişafı üzrə investisiya layihələrinin qəbulunu həyata keçirib. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrdən biri də gülçülüyün inkişafı məqsədilə məhsuldar gül plantasiyalarının salınması, müasir texnologiyaların tətbiqi ilə gül yağı və güldən hazırlanan digər məhsulların istehsalı müəssisələrinin yaradılması və ya yenidən qurulması istiqamətləri üzrə sahibkarlardan investisiya layihələrinin qəbulu olub.

Mərkəzi Nəbatat Bağının "Çiçəkçilik" laboratoriyasının rəhbəri Asəf İsgəndərov sözlərinə görə ölkədən gül ixracı işində müəyyən məsələlər həllini tapmalıdır: "İndi də xaricə gül aparılır, ancaq çox az. Biz ölkədə gülçülərə elmi tərəfdən köməklik göstəririk. Amma bizdə bu gün gülçülük az inkişaf edib. Düzdür, ölkəmiz bunu inkişaf etdirmək istəyindədir. Amma yollarını hələ tapa bilməmişik. Səbəb də insanların bu sahəyə maraq azlığıdır. Gərək bu işdə dövlət dəstəyi olsun. Nəbatat Bağı səviyyəsində bunun həlli mümkün deyil. Ancaq Azərbaycanın elə iqlim şəraiti var ki, burada gülçülüyü, çiçəkçiliyi, hətta dərman bitkilərini, ümumilikdə bu sahəni inkişaf etdirmək olar".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, Sovet İttifaqı dağılandan sonra bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı azalmağa başladı: "Ondan sonra pambığa, üzümə olan tələb azaldı. Bunu gülçülüyə də aid etmək olar. Çünki, gül satışında bizim əsas bazarımız Rusiyanın böyük şəhərləri idi. Yəni, istehsal etdiyimiz gül Rusiyanın böyük şəhərlərinə çıxarılırdı. Sonradan vəziyyət dəyişdi. O cümlədən bizim gül satışı ilə məşğul olan əvvəlki satıcılarımız sahibkara çevrildilər. Onlar da Avropa ölkələrinə və İsrailə üz tutmağa başladılar. Yəni, həmin gülçülərin Rusiyanın böyük şəhərlərində özləri üçün biznes yaratması və topdansatışla məşğul olması, pərakəndə satış məntəqələrinə güllərin paylanmasını təşkil etməsi Bakı gülünə olan marağı azaltdı. Həm də Bakı gülü artıq o standartlara cavab vermədi. Avropa ölkələrində istehsal olunan güllərin çeşidləri də çox idi. Onlar yaxşı qablaşdırılır, daşınma da yaxşı təşkil olunurdu. Ancaq onların keyfiyyəti bizim gülün keyfiyyətindən aşağı idi. Yəni, həmin güllərdə ətir olmur. Ətir verməməsinə baxmayaraq, onun xarici görünüşü cəlbedici olduğu üçün istehlakçılar hədiyyə kimi ondan istifadəyə üstünlük verirdilər. Bu baxımdan Azərbaycan gülçüləri çalışmalıdır ki, öz üzərilərində işləsinlər. Müxtəlif çeşidlərdə gül istehsal etsin və bunu yaxşı qablaşdırılmasını, daşınmasını və uzun müddət saxlanma qabiliyyətinə malk olmasını təmin etsinlər. Xaricdə bütün bunlar üzərinə ciddi elmi müəssisələr işləyir. Bizdə isə o elmi müəssisələr yox idi. Bizdə çox primitiv qaydalarda istehsal olunur. Bazar və tələb var idi deyə, bazara çıxara bilirdilər. Digər tərəfdən də bizim gül istehsalı ilə məşğul olan sahibkarlar sonradan problemlərlə üzləşdilər. Bir müddət onların istixanalarında qaz təmini dayandı. Sonradan ətraf rayonlarda qaz çatışmazlığı olduğu üçün ümumiyyətlə, onlara qaz verilmədi. Onların istixanasında istifadə olunan yanacaq materiallarının qiyməti həddindən artıq sıçrayışla qalxdı. Belə olan halda problemlərin həlli daha çox vəsait tələb etdi. Bununla da əldə olunan məhsulun maya dəyəri yüksək oldu. Artıq nə daxili, nə də xarici bazarda həmin məhsula bir o qədər tələb olmadı. Artıq demək olar ki, Azərbaycanın özünə İrandan, İsraildən və hətta Avropa ölkələrindən belə gül idxal olunur. İdxal olunan həmin gül bəzi müsbət keyfiyyətləri özündə əks etdirir. Bu baxımdan bizim fermerlər üçün gül istehsalı çətinləşib. Bu gün onların bir hissəsi çox az miqdarda gül istehsal edir, o da daxili bazara çatır".

Sizin Reklam Yeriniz