news Image
2013.08.30
16:38
| A A A
Sosial Kirayə Fonduna böyük ehtiyac yaranır
Rəşad Həsənov: «Birinci qanunvericilik bazası yaradılmalıdır, sonra isə bu fondun yaranması haqqında danışmaq olar»

Nüsrət İbrahimov: "Təbii ki,  Sosial Kirayə Fondunun Azərbaycanda yaranması mümkündür"


Son bir ayda ölkədə kirayə evlərin qiymətinin xeyli dərəcədə bahalaşması diqqəti yenidən bu məsələyə yönəldib. Hər ilin bu dönəmində, daha doğrusu yeni tədris ili ərəfəsində kirayə evlərin bahalaşmasını qarşısını almaq, ümumiyyətlə, vəziyyətdən istifaəd edərək belə evlərin qiymətini qaldıranlara qarşı müəyyən tədbirlərin görülməsi artıq əksər ekspertlər tərəfindən zəruri sayılır. Bu fonda belə fikirlər də səslənir ki, kiaryə evlərin qiymətinin artımına yol verməmək üçün Sosial Kirayə Fondunun yaradılması da olduqca önəmlidir. 

Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən  iqtisadçı ekspert Rəşad Həsənov qeyd edir: "Sosial Kirayə Fondunun Azərbaycanda yaradılması düşünürəm ki, yaxın gələcəkdə mümkün düyil. Birinci qanunvericilik bazası yaradılmalıdır. Sonra isə bu fondun yaranması haqqında danışmaq olar. Bu fondun yaradılması həm az təminatlı ailələrin vəziyyətlərin yaxşılaşdırılmasında yardımçı vasitə olar, həm də ki, tələbələrin maddi vəziyyətinə uyğun ev tapmaqda kömək olar. Mövsümlə əlaqədar kirayə evlərin qiyməti artır. Və bu zaman rayonda yaşayan tələbənin Bakıda kirayə ev tapıb qalması problemə çevrilir. Bu səbəbdən çox hallarda tələbələr Bakıda oxumaqdan imtina edirlər. Dövlət yataqxana tipli bu cür evlər tiksə və faizsiz şəkildə tələbələrə və ya ehtiyacı olan şəxslərə versə, yaxşı olar. Ancaq düşünmürəm ki, bu məsələ yaxın gələcəkdə reallaşa bilər. Bu məsələ zaman tələb edən məsələlər sırasındadır". 

M.B.A LTD şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert  Nüsrət İbrahimov isə bildirir: "Təbii ki,  Sosial Kirayə Fondunun Azərbaycanda yaranması mümkündür. Buna böyük ehtiyac var. Və zamanı gəlincə bu fond mütləq yaranacaq. Hələ ki bu məsələ söz-söhbət olaraq qalır, reallaşa bilmir. Reallaşması üçün zaman tələb edən məsələdir. 

Ola bilər, sosial təyinatlı yaşayış obyektləri tikilsin və tələbələrə, ehtiyacı olanlara verilsin. Sosial Kirayə Fondunun yaradılmasında müxtəlif şərtlər var. Azərbaycanda müxtəlif fondlar fəaliyyət göstərir. Həmin fondların balansında, hesabında müəyyən pullar yığılır, qalır. O pullar istifadəsiz qalır. İstifadəsiz qaldığı üçün həmin pullardan bu sahədə istifadə oluna bilər. Əsas mahiyyət bundan ibarətdir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov isə bundan əvvəl maraqlı bir təkliflə çıxış edərək bildirib ki, universitetlərin kampus və yataqxanalarının olması getdikcə zərurətə çevrilir: "Bunların olması tələbələr üçün əlverişlidir. Bu, problemin yumşalmasına gətirib çıxara bilər. Təəssüf ki, universitetlərin böyük əksəriyyətinin hələ də kampusu yoxdur. Bu halda kirayə evlərə tələbələrin tələbatı qalacaq. Amma nəzərə alsaq ki, kirayə evlərdən yalnız tələbələr deyil, eyni zamanda gənc ailələr də istifadə edir o zaman kirayə haqqlarının tənzimlənməsinin əhəmiyyətini təssəvvür etmək çətin olmaz".

Bəs, kirayə haqlarından müşahidə edilən artımın qarşısını necə almaq olar? Vüqar Bayramovun fikrincə, dünya praktikasında problemin aradan qaldırılmasının 2 mümkün yolu var. Birinci daha çox inzibati müdaxilə kimi qiymətləndirilir və bu nə qədər qəribə görünsə də, liberal iqtisadiyyata malik Amerika Birləşmiş Ştatlarında tətbiq edilib: "Qiymətlərə maksimum  və ya hətta minimum hədlərin müəyyənləşdirilməsinə hələ qədim dövrlərdən təsadüf edilir. Orta əsrlərdə çörəyin qiyməti üçün maksimum hədd müəyyənləşdirilmişdi. Amma "qiymət tavanı" üçün ən çox müraciət edilən nümunə ABŞ-da İkinci Dünya müharibəsindən və 1971-73-cü illərdə Nikson administrasiyası tərəfindən tətbiq edilən kirayə haqları üçün maksimum qiymətin müəyyənləşdirilməsidir. Müharibədən sonra vətənlərinə qayıdan döyüşçülər Birləşmiş Ştatların iri şəhərlərində məskunlaşmağa başladılar. Onların çoxunun ailə qurması isə Nyu-York kimi iri şəhərlərdə ev kirayəsinə olan tələbatı artırdı. Təbii ki, müharibədən yenicə qayıdanların alıcılıq qabiliyyətləri təkliflə uzlaşmırdı və bu da kirayə haqlarının yüksəlməsinə gətirib çıxarırdı. Belə olan halda ABŞ hökuməti "ev problemini" kirayə haqlarına qiymət tavanı müəyyənləşdirməklə həll etdi. Maraqlıdır, ABŞ-ın bəzi şəhərlərində həmin "tavanlar" hələ də qüvvədə qalıb. Azərbaycanda da qiymət tavanının müəyyənləşdirilməsi mümkündür. Bu zaman, inzibati olaraq yerləşmə zonalarından asılı olaraq paytaxtda otaqların sayından asılı olaraq qiymət tavanlarının müəyyənləşdirilməsi həyata keçirilə bilər".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs