Əlaqə Arxiv
news Image
2013.10.14
16:15
| A A A
Qurbanlıq heyvanların satılması üçün ayrılan məntəqələrdə reydlərə başlandı
Yolçu Xanvəli: “Heyvanların hamısı baytarlıq şəhadətnaməsi əsasında gətirilib”

Dövlət Baytarlıq Xidməti (DBX) bu gündən Qurban bayramı ilə bağlı Bakıda qurbanlıq heyvanların satılması üçün ayrılan məntəqələr üzrə reydlərə başlayıb. Bunu Movqe.az-a açıqlamasında DBX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, reydlər zamanı heyvanların baytarlıq sənədi əsasında satılıb-satılmadığı yoxlanılır: "Heyvanlar baytar həkimlər tərəfindən yoxlanıldıqdan sonra onların satışına icazə verilir. Bu gün keçirdiyimiz reydlərdə hansısa neqativ hala rast gəlmədik. Heyvanların hamısı baytarlıq şəhadətnaməsi əsasında gətirilib. Təhkim olunan həkimlərimiz həmin heyvanları müayinədən keçirib sağlamlıq haqqında müsbət rəy bildirdilər".


Reydlərin sabah da davam edəcəyini söyləyən Y. Xanvəli bildirib ki, DBX təkcə Bakı şəhərində yox, rayon mərkəzlərində, digər şəhərlərdə bu tədbirləri aparır: "Hazırda Bakıda diri heyvanların satılması üçün 23 satış məntəqəsi ayrılıb. Bundan başqa 14 məntəqədə isə kəsim aparılması nəzərdə tutulub".

Y. Xanvəli onu da deyib ki, şəhərin mərkəzi küçələrində qurbanlıq heyvanların satılması  üçün ayrılan məntəqələrlə bağlı qeydə alınan problemlər barədə aidiyyatı qurumlara müraciət edilib: "Təklif etmişik ki, digər ölkələrdəki kimi bizdə də şəhərin girəcəyində kəsim məntəqələri yaradılsın. 2008-2015-ci illər üzrə Dövlət proqramında da özəl qurumlar tərəfindən o cür məntəqələrin tikilməsi nəzərdə tutulub. Əlbəttə, biz də istəmirik ki, şəhərin mərkəzində məntəqələr olsun. Hətta razı deyilik ki, şəhərə diri heyvan gətirilsin. Bu müraciətlərimiz həll olunsa, artıq şəhərdə satış məntəqələr təşkil olunmaz".

 

Sizin Reklam Yeriniz