news Image
2012.05.24
09:58
| A A A
Manatın xarici ticarətdə dolları əvəzləməsi gündəmə gəlir
Nazim Məmmədov: “Düşünmürəm ki, Azərbaycan xarici ticarəti öz valyutası ilə həyata keçirsin” Xalid Mikayılov: “Perspektivdə bu real görünmür”

Bir müddətdir ki, İran, Çin və Venesuela kimi ölkələr xarici ticarətlərini əsasən öz milli valyutaları ilə aparmağa üstünlük verməkdədir Bildiyimiz kimi, 2009-cu ildə dünya böhranı başlanandan bəri bir sıra ölkələr dollarla ticarətdən imtina etmək yolunda addımlar atmaq cəhdlərində bulundular.

Avrozonanın ardınca Ərəb ölkələri də öz aralarında ticarəti dinarla aparmaq eşqinə düşmüşdülər. Hətta Latın Amerikası da bu istiqamətdə addım atmaq istəyirdi. Lakin dollardan imtina edib ticarəti milli valyuta ilə aparmaq həvəsinə düşənlər arasında Amerikaya düşmən münasibətilə seçilən Venesuela, İran və Çin xüsusilə seçilir. Bu tendensiyaya uyğun olaraq Rusiya da MDB məkanında rus rublu ilə ticarət edilməsi məsələsini ortaya atmışdı. Azərbaycan hazırda xarici ticarətini əsasən dollarla həyata keçirir. Bir qədər də bu prosesdə avro rol oynayır. Hətta neft istehsalından əldə edilən valyutanı da xaricdə dollar və avro ilə saxlayır. Lakin ticarətin manatla aparılması tendensiyasına indiyə kimi rast gəlinməyib. Buna baxmayaraq, Azərbaycanın xarici ticarətdəki əməliyyatlarda manata üstünlük verməsi, görəsən, mümkündürmü?

İqtisadçı alim Nazim Məmmədov Azərbaycanın xarici ticarətdə manata üstünlük verəcəyini düşünmür: "Azərbaycan düşünmürəm ki, xarici ticarəti öz valyutası ilə həyata keçirsin. Çünki beynəlxalq ticarətdə ekvivalent olaraq Amerika dolları və avro əsas ticarət valyutası rolunu oynayır. Bir neçə ildir ki, Çin də öz valyutasını dünya valyutasına çevirmək istiqamətində addımlar atır. Düzdür, onun iqtisadiyyatı və ticarət partnyorları daha çox olduğundan Çinin buna bir əsası var. Çünki onun dünya çapında böyük rol oynamağa iddiası mövcuddur. Ancaq mütəxəssislər də bildirir ki, yaxın on ildə texniki və iqtisadi baxımdan bu addıma getmək mümkünsüzdür. Dünya maliyyə böhranı vaxtı bir neçə ölkə qarşılıqlı ticarət zamanı öz valyutalarından istifadə etməyə başladı. Bu əsasən də Rusiya ilə Türkiyə arasında olan ticarət anlaşmalarında özünü göstərirdi. Bir neçə il əvvəl İran da dünya təzyiqindən qurtulmaq üçün neftini dollara yox, bazarda avroya satmaq barədə qərar verdi. Hətta özləri üçün birja yaratmaq istiqamətində də addımlar atdılar. Venesuela və İran kimi totalitar rejimlərin hökm sürdüyü ölkələrdə dollara münasibətdə belə qısqanclıq hallarının olması labüddür. Amma bunun böyük müvəffəqiyyət gətirəcəyinə inanmıram. Bu sadəcə olaraq, təbliğat xarakterli atılan addımlardır. Azərbaycan manatı isə stabil valyuta olaraq qalır. Amma bunun da səbəbi ölkəyə daxil olan valyutanın çoxluğundan irəli gəlir. Çünki tədiyyə balansı müsbət saldoda olduğundan bizə daha çox valyuta gəlir, belədə daxildə manata tələbat da artır. O baxımdan manat ona görə möhkəmlənir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov ölkəmizin xarici ticarətdə manatdan istifadə etməsini real saymır: "Xarici ticarəti dollardan kənar hər hansı bir valyuta ilə aparmaq bir qədər çətinlik törədir. İran, Venesuela, Çin kimi ölkələr çoxdandır ki, xarici ticarət əlaqələrini öz milli valyutaları ilə həyata keçirmək arzusundadır. Amma dollar dünya səviyyəli puldur və beynəlxalq hesablaşma vasitəsidir. Həmin pul əskinası dünya ölkələri tərəfindən beynəlxalq hesablaşmalarda aparıcı pul sayılır. Hazırda Avropa birliyində vahid avronun dövriyyəyə buraxılması ilə dolların mövqeyi bir qədər zəiflədi. Lakin hazırda Avropa Birliyində böhran getdiyindən dollar yenidən güclənməyə başlayıb. Azərbaycana gəldikdə bildiyiniz kimi, milli valyutamız dönərli valyuta hesab olunmur. O, beynəlxalq ticarətdə ödəniş vasitəsi deyil. Yəni ölkə daxilindən kənarda ödəniş vasitəsi kimi qəbul olunmur. Azərbaycan valyutası ən azından dönərli valyutaya çevrilməlidir ki, öz xarici ticarətini manatla apara bilsin. Amma perspektivdə bu real görünmür. Hətta qonşu ölkələrdə belə Azərbaycan manatını yüksək məzənnə ilə beynəlxalq valyutalara çevirirlər. Bu baxımdan hazırda milli pulumuzla xarici ticarətin aparılması real görsənmir. Rusiya rublu regional valyuta sayılsa da, beynəlxalq ödəniş vasitəsi kimi qəbul olunmur. Sadəcə olaraq, Rusiya iqtisadiyyatı potensialı və həcminə görə Azərbaycanla müqayisədə çox olduğundan rublun təsir dairəsi manata nisbətən bir qədər genişdir. Bütün hallarda xarici ticarətdə manatla ticarətə keçmək real görünmür".

Rüfət SULTAN

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs