news Image
2014.01.09
10:36
| A A A
Yeni dilənçi təbəqəsi
Asif Ozan: “Bu, bizim gələcəyimizin, milli-mənəvi dəyərlərimizin perspektivlərini təhdid edən son dərəcə təhlükəli bir tendensiyadır” Əhməd Qəşəmoğlu: “Yoxlama zamanı şahidi olmuşduq ki, bütün günü küçədə dilənçilik edən insan evə gedəndə səliqəli şəkildə geyinib gününə restoranlarda, diskotekalarda davam edir”

Bu gün şəhərdə müəyyən sayda insanlara rast gəlinir ki, fiziki durumları əməklə məşğul olmağa tam uyğun olsa da, onlar bu yolu deyil, asan yolla pul qazanmağı seçərək belə demək mümkünsə, dilənçilik edirlər. Bəzən onların içərisində elələri də olur ki, geyimləri də tam qaydasında, normal durumda olur. Lakin buna baxmayaraq, müxtəlif yollarla insanlardan maddi kömək istəyirlər. Bəzən çörək puluna ehtiyacları olduğunu deyən bu insanlar, eyni zamanda hətta yol pulları olmadığını dilə gətirir və hər insana bu cür yaxınlaşaraq müəyyən həcmdə pul toplamağa nail olurlar. Son zamanlar bu cür insanlar arasında gənclərin də olması müşahidə edilir. "Filan yerə getməliyəm, yol pulum yoxdur, mənə yol pulu verə bilərsinizmi?" ifadəsi ilə çoxlarımız qarşılaşmışıq. Bəzi gənclərin nədən belə asan qazanc yoluna baş vurması isə təbii ki, maraqlı, eyni zamanda təhlükəli haldır. 

Sosioloq Asif Ozan Mövqe.az-a verdiyi açıqlamada məsələ ilə bağlı düşüncələrini bölüşdü. O dilənçiliyin ərəb ölkələrindən gəlmə bir ənənə olduğunu və bunun ətrafda dolaşan insanların əhali tərəfindən maddi cəhətdən təmin olunması ilə bağlı ortaya çıxdığını düşünür: "Bu psixoloji baxımdan son dərəcə aktuallaşmış bir mövzudur. Düşünürəm ki, bu mövzu bu gün istər dövlətin, istər müvafiq rəsmi qurumların həyata keçirdiyi siyasətin, istərsə də cəmiyyətin diqqətində olmalıdır. Çünki bu, bizim gələcəyimizin, milli-mənəvi dəyərlərimizin perspektivlərini təhdid edən son dərəcə təhlükəli bir tendensiyadır ki, cəmiyyətdə günü-gündən genişlənməkdədir. Maraqlıdır ki, cəmiyyət bu vaxta qədər ənənəvi olaraq tarixən formalaşmış, dünyanın əksər ölkələrində geniş yayılmış dilənçilik hallarını görmüşdü. Buna adətkar hala gəlmişdi. Ancaq son bir neçə ildə Bakı şəhərində, digər rayon mərkəzlərində belə artıq cavan, gənc insanların, geyim-keçimində heç bir qüsur olmayan insanların da utanmadan insanlara yaxınlaşıb pul istəməsi, dilənçilik eləməsi artıq mənəvi dəyərlərimizin aşınmasından xəbər verən bir hala çevrilib. Mən belə hesab edirəm ki, ilk növbədə bunun çağdaş gəncliyin psixologiyasına, ictimai şüura vurduğu zərbə göz önündədir. Bu, artıq aksiomadır. Amma bunun nədən qaynaqlanması sualı son dərəcə maraqlıdır. Bir çox  hallarda bu Qərb düşüncəsi ilə, qloballaşma prosesi ilə əlaqləndirilir. Lakin   mən hesab edirəm ki, çağdaş Qərb düşüncəsinin üstünlük təşkil elədiyi və cəmiyyətlərin şüurlarnı işğal elədiyi qloballaşma prosesinin indiki dilənçiliklə heç bir bağlılığı yoxdur". 

Sosioloq ölkədə dilənçiliyin qarşısını almaq üçün dövlətin məsələyə ciddi müdaxiləsinin gərəkli olduğunu qeyd etdi: "Milli-mənəvi dəyərlərin bütövlüyünü qorumaq üçün ilk növbədə dövlət bu prosesə rəsmən müdaxilə etməlidir. Təbii ki, bu zaman rəsmi dövlət qurumlarına sual oluna bilər ki, ailələrin, ictimaiyyətin ixtiyarında olan bir sahəyə nəyə görə dövlət müdaxilə eləməlidir? Mən belə düşünürəm ki, bu prosesdə dövlətin inzibati yasağının  olması məqsədəuyğundur. Çünki, xalqın milli-mənəvi dəyərlərinin qorunması da, dövlətin vəzifələrindən biridir. Əgər mənəvi dəyərlərin aşınması təhlükəsi yaranırsa, hesab edirəm ki, dövlətin bu prossesə müdaxilə etmək yalnız haqqı deyil, həm də borc və vəzifəsidir". 

Dilənçilik hallarının çoxalmasında bəzi polis işçilərinin də rolu olduğunu söyləyən sosioloq Əhməd Qəşəmoğlu isə, bu kontingentdə olan insanların daim nəzarətdə saxlanılmalı olduğunu bildirdi: "Dünya təcrübəsi göstərir ki, dilənçilər bir neçə qrupa ayrılır. Bunların bir qrupu təşkil olunmuş dilənçilərdir. Onların konkret strukturu var. Belə dilənçilər günün sonunda kiməsə hesabat verir, yığdıqları pulu da aparıb təhvil verirlər. Özlərinə isə müəyyən pay düşür. Yəni ən başda onların rəhbərləri durur və küçədə gördüyümüz bəzi dilənən insanlar onlara xidmət edir. İkinci qrup dilənçilər tənbəl, pul qazanmağın asan yolunu seçən avara insanlardır. Zəhmət çəkmədən bu yolla pul qazanmağı özlərinə rahat bilirlər. Onların içərisində ailəvi olaraq da, hətta elə tayfalar, birliklər var ki, elə dədə-babadan bu yolla pul qazanmaq adi qayda sayılaraq ailə ənənəsi  halına gəlib. Üçüncü qrup isə, doğurdan da, ağır vəziyyətdə olan insanlardır ki, onlar doğurdan da köməyə möhtacdırlar. Ümumiyyətlə, dilənən insanların şəhərdə çoxalması yaxşı hal deyil. Aparılan bütün tədqiqat  və araşdırmalar da göstərir ki, bunların bir çoxu saxtakar insanlardır. Bir neçə il bundan əvvəl biz yoxlama aparmışdıq. Yoxlama zamanı şahidi olmuşduq ki, bütün günü küçədə dilənçilik edən insan evə gedəndə səliqəli şəkildə geyinib gününə restoranlarda, diskotekalarda davam edir. Ona görə də, dilənçilik edən insanların sayının çoxalmasına ölkədə birmənalı şəkildə yazıq insanların artması kimi baxmaq olmaz. Onların artmasına şərait yaradan səbəblər var". 

Sosioloq dövlətin həqiqətən yardıma ehtiyacı olan insanlara kömək üçün hər cür imkanlara malik olduğunu da vurğuladı: "Çalışmaq lazımdır ki, bu cür kontingent azalsın. Buna qarşı mübarizə çoxaldılmalıdır. Aydınlaşdırmaq lazımdır ki, dilənən insanlar həqiqətən həddindən artıq yoxsuldursa, ona sosial yardım etmək lazımdır. Və yaxud da mümkün olarsa, onları hər hansı  bir işlə təmin etmək olar. Yəni bu kontingentdə olan insanlar daim nəzarətdə olub, daim yoxlanılmalı, kimlikləri müəyyənləşdirilməlidir. Həddindən artıq ağır vəziyyətdə olan insanlar varsa da, ölkənin buna imkanları var ki, həmin insanları minimum yaşayış tələbləri ilə təmin etsin".