Əlaqə Arxiv
news Image
2012.06.04
22:04
| A A A
Yerli məhsulların «od tutub yanan» qiymətləri
Vüqar Bayramov: “Yerli ərzaq məhsullarının qiymətinin yüksək olması həm iqtisadi, həm maliyyə, həm də psixoloji səbəblərlə bağlıdır” Ruslan Atakişiyev : “Ən öndə gələn səbəblərdən biri fermerlərin bazara çıxış imkanlarının zəif olmasıdır”

Bazarlara nəzər saldıqda ölkə daxilində istehsal olunan məhsulların qiymətləri ilə idxal olunan məhsulların qiymətləri arasında böyük fərqlər müşahidə olunur. Bunu əsasən kənd təsərrüfatı və digər növ qida məhsullarının qiymətlərinə şamil etmək olar. Bu fərq idxal olunan məhsulun qiymətinin aşağı olması ilə qeydə alınır. Daxili istehsalatda bahalaşmanı ekspertlər müxtəlif cür izah etməyə çalışırlar.

Belə ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov istehlak bazarında yerli ərzaq, istərsə də yerli kənd təsərrüfatı məhsullarının qiymətinin xaricdən gətirilən məhsullara nisbətən daha baha olmasını daha çox iqtisadi və monetar səbəblərlə əlaqələndirir: "İqtisadi səbəbi onunla bağlıdır ki, aqrar sektorda yerli kənd təsərrüfatında istehsal olunan məhsulların xərci xaricdən gətirilən məhsullardan daha yüksəkdir. Xərci yüksək olduğu üçün bunun qiyməti xarici bazardan gətirilən məhsula nisbətən daha çox olur. Xərcin yüksək olması birbaşa onunla bağlıdır ki, Azərbaycanda aqrar sektorda daha çox ekstensiv metoddan, yəni əl əməyindən daha çox istifadə olunur".

İqtisadçı eyni zamanda aqrar sektora yerli kənd təsərrüfatının müəyyən qeyri-rəsmi müdaxilələrin olmasını da bildirir: "Bizim apardığımız monitorinqlər göstərib ki, bəzi rayonlarda istehsal olunan yerli kənd təsərrüfatı məhsullarının xərcinin təxminən 30 faizini məhz qeyri-qanuni və ya yersiz müdaxilələr münasibətində yaranan xərclər təşkil edir. Yəni, bu, müxtəlif dövlət qurumlarının kənd təsərrüfatının istehsalı ilə məşğul fermerlərin fəaliyyətinə etdiyi müdaxilələrlə bağlıdır. Bu da təbii ki, məhsulun xərcinin artmasına səbəb olur. Belə müdaxilələrin aradan qaldırılması istiqamətində kifayət qədər ciddi göstərişlər var. Hələlik bu sahədə müəyyən irəliləyişlər olsa belə tam olaraq qanunsuz müdaxilələrin aradan qaldırılmasından danışmaq mümkün deyil".

Vüqar Bayramov kənd təsərrüfatı məhsulları istehsalının xərcinin yüksək olmasının monetar səbəbləri ilə də bağlı olduğunu bildirir: "Monetar səbəblər onunla bağlıdır ki, Azərbaycan manatının dönərli valyuta məzənnəsi yüksəkdir. Azərbaycan manatının dönərli valyuta məzənnəsinin yüksək olması ölkədə istehsal olunan məhsulların xərcinin yüksək, ölkəyə idxal olunan məhsulların xərcinin isə aşağı düşməsinə səbəb olur. Nəzərə alsaq ki, Azərbaycanda 78 manata istehsal olunan məhsul xaricdə 100 ABŞ dollarıdır. Xaricdə dollarla istehsal olunan məhsulların xərcinin Azərbaycan daxilində manatla istehsal olunan məhsulların xərcindən daha az olması ölkəyə daha çox məhsulların idxal olunmasına gətirib çıxarır. Bu da birmənalı şəkildə idxal olunan məhsulların qiymətinin aşağı düşməsinə səbəb olur".

Mərkəz rəhbəri həmçinin müəyyən psixoloji səbəblərlə bağlı olaraq yerli məhsullara tələbatın yüksək olmasını da bildirir: "Yerli kənd təsərrüfatı məhsullarına tələbat xaricdə istehsal olunmuş uyğun məhsula nisbətən daha yüksəkdir. Tələbat da qiymətin yüksək olmasına gətirib çıxarır. Bu da birmənalı şəkildə yerli məhsulların qiymətinin xarici məhsullara nisbətən yüksək olmasına səbəb olur".

Ekspert həmçinin yerli məhsulların qiymətinin artmasında digər səbəb kimi bank kreditlərinin faiz dərəcəsinin yüksək olmasını göstərir: "Fermerlərin Sahibkarlara Kömək Milli Fondundan aldığı kreditlərin faiz dərəcələri yüksəkdir. Bu da krediti alaraq məhsul istehsal edən fermerlərin istehsal etdiyi ərzaq məhsullarının qiymətinin daha yüksək olmasına səbəb olur".

İqtisadçı son olaraq qeyd etdi ki, yerli ərzaq məhsullarının qiymətinin yüksək olması həm iqtisadi, həm maliyyə, həm də psixoloji səbəblərlə bağlıdır: "Birmənalı şəkildə məhz valyuta siyasətinin yumşaldılmasına və ölkənin yeyinti məhsullarında idxalın azaldılmasına nail olmaq lazımdır. Çünki, bütün hallarda yeyinti məhsullarının daha çox idxal hesabına ödənilməsi həm ölkədən valyutanın getməsinə səbəb olur. Eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından arzu olunan deyil".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev xaricdən idxal olunan məhsulların yerli məhsullara nisbətən daha ucuz olmasını bir neçə səbəblərlə izah edir. O bildirir ki, ən öndə gələn səbəblərdən biri fermerlərin bazara çıxış imkanlarının zəif olmasıdır: "Nəzərə çatdıraq ki, bu gün hər hansı bir kənd məhsulunu istehsal edən fermer öz məhsulunu bazarlara çıxarmaqda çətinlik çəkir. Yerində 50 qəpiyə olan məhsul bazarlara 2 - 3 manata çıxarılır. Bu da onu göstərir ki, kəndli öz məhsulunu bazara çıxarmaq imkanın məhdud olduğu üçün onu vasitəçilərə təqdim etməli olur".

Ekspert həmçinin burada inhisarçılıq əlamətlərinin də olduğunu vurğulayır: "Bu da ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının bəzilərini bazara çıxmamışdan əvvəl topdan satış şəkildə bir əldən alanlar var. Satılan zaman isə istehlakçıya daha baha qiymətə satılır ki, bu da kənd təsərrüfatı məhsularının baha qiymətə olmasına səbəb olur".

İqtisadçı onu da bildirir ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları ekstensiv yolla istehsal olunur: "Xaricdə isə istehsal olunan məhsulların əksəriyyəti intensiv yolla istehsal olunur. Həm də xaricdə yüksək məhsuldar toxum növlərindən istifadə edirlər ki, bu da əkilən məhsula daha çox məhsuldarlıq verir. Ona görə də onlar ucuz qiymətə sata bilirlər. Bizdə isə əl əməyindən daha geniş istifadə olunduğundan və həm də orada işləyənlərin də sayı çox olduğuna görə məhsulun bahalaşmasına səbəb olur".

Ruslan Atakişiyev kəndlinin məhsullarının bahalaşmasına təsir edən amillərdən digərinin isə toxumların, gübrələrin xaricdən baha qiymətə alınmasında görür: "Bu da məhsulun maya dəyərində rol oynayır. Bununla yanaşı, toxumların əksəriyyəti bəzi hallarda yerli şəraitə uyğunlaşmadığına görə pərakəndə, kortəbii şəkildə məhsuldarlıq əvəzinə qeyri-məhsuldarlıq əks olunur. Yaxud da məhsuldarlığın tamamilə məhvi ilə qarşılaşılır. Bu da fermerlərin ziyanına səbəb olan amildir".

İqtisadçı kənd təsərrüfatı məhsullarında bahalaşmanın onun saxlanması ilə də bağlı olduğunu qeyd edir: "Xaricdə istehsal olunan məhsullar yaxşı qablaşdırılır. Bu da ona yaxşı saxlanma imkanı yaradır. Ona görə də daşınma da yaxşı şəkildə təşkil oluna bilir. Bizdə isə fermer gətirdiyi məhsulu yaxşı bir şəkildə qablaşdıra bilmədiyindən daşınma zamanı məhsulun bir hissəsi xarab olur. Nəticədə də satıcı xarab etdiyi məhsulların pulunu ödəyə bilməsi üçün məhsulu baha satmağa məcbur olur. Ona görə də burada məhsulların qablaşdırılmasına, daşınmasına və saxlanılmasına diqqət etmək lazımdır".

Ruslan Atakişiyev onu da bildirir ki, bu gün Azərbaycanda tərəvəz bitkiçiliyi ilə məşğul olanlar, xüsusən, diqqətlərini ixraca yönəldiblər: "Bu məhsulların ixracı güclənən zamanlarda daxili bazarda bahalaşma baş verir. Bizim məhsul xarici bazara aparılan zaman daxildə qıtlaşma əmələ gəlir. Bununla da onların qiymətləri bahalaşmağa başlayır".

İqtisadçı ekspert sonda isə onu qeyd etdi ki, burada məhsul yığımının da düzgün təşkil olunmaması məsələsi var: "Yəni, sorğulardan məlum olur ki, bizim bazarda bəzi mövsümi məhsulların baha qiymətə olduğu halda, regionlarda həmin məhsulların əksəriyyəti ağaclardan yığılan olmadığından bu məhsullar tələf olurlar. Həmçinin həmin məhsulların vaxtında yığılması ilə yanaşı, onların konservləşdirilməsi, emal müəssisələrinin olması da yaxşı olar".

Mübariz Bayramov

Sizin Reklam Yeriniz