Əlaqə Arxiv
news Image
2014.02.04
18:19
| A A A
Şadlıq evlərindən gələn mikrobioloji çirklənmə
İmran Abdullayev: «Nöqsanların aradan qaldırılması istiqamətində profilaktik tədbirlər görülür» Adil Qeybulla: «Qidaların yanlış şəkildə saxlanması ciddi şəkildə zəhərlənmələrə, toksiki hallara gətirib çıxara bilir»

Səhiyyə Nazirliyi tərəfindən aparılan monitorinqlər nəticəsində bir sıra şadlıq evlərində xoşagəlməz hallar, daha doğrusu qidalarda ciddi şəkildə mikrobioloji çirklənmə aşkar olunub. Belə ki, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin dekabr ayı ərzində şadlıq evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı nümunəsi götürülüb.  Aidiyyəti üzrə müayinə üçün laboratoriyaya göndərilən qidalarda zərərli tapıntılar aşkarlanıb.  

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev Movqe.az saytına verdiyi açıqlamada  məsələ ilə bağlı qeyd edir: "Bu məlumat illik hesabat əsasında yazılıb. Və hesabat il ərzində ümumi iaşə müəssisələri, o cümlədən şadlıq evlərində aparılan yoxlamalar əsasında verilir. Əslində, restoranlardan yoxlama üçün 580 nümunə götürülüb və onun da yalnız 5-ində qəlyanaltılarda qüsurlu nəticə ortaya çıxıb. Nöqsanlar aşkar olunduqda isə həmin müəssisələrdən təkrar olaraq nümunələr götürülür və mövcud nöqsanların olduğu təsdiqini tapırsa, onda müəssisələrdə nöqsanların aradan qaldırılması istiqamətində profilaktik tədbirlər görülür. Bu hala yol vermiş sahibkarlar isə inzibati cəzalarla cərimələnirlər. Müəssisəni mövcud vəziyyətlə fəaliyyəti yolverilməz olanda isə, onun fəaliyyətinə qadağa qoyulur".  

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla isə şadlıq evlərində müşahidə olunan xoşagəlməz hallardan danışaraq, müəssisələrin öz maraqlarından çıxış edərək yol verdikləri bu antisanitariya qaydalarının insanların həyatı üçün bir sıra təhlükələr yaratdığını dedi: "Şadlıq evləri üçün bir sıra sanitar-epidemioloji tələblər qoyulub. Bunlar istifadə olunan qidaların keyfiyyət parametrləri, həmin yerlərdə istifadə olunan qab-qacaqların, havanın təmizliyi ilə əlaqədardır. Çox təəssüflər olsun ki, restoranlarda bu kimi tələblərlə bağlı çatışmazlıqlar var. Şadlıq evlərinin böyük əksəriyyətində yerə salınan xalçalar görmək olur ki, təmizləndikdən sonra özündə nəmişlik saxlayır və orda rütubət yaradır. Rütübətdə də mikrobların inkişafı üçün şərait yaranır. Bu, bir sıra xəstəliklərin baş verməsinə səbəb ola bilər. Bundan başqa, qidaların saxlanması ilə bağlı da problemlər yaşanır. Elə hallar olur ki, əhaliyə boyat qidalar təqdim olunur. Ona görə də, müxtəlif qidaların saxlanma qaydalarına riayət edilməlidir.  Müəyyən korporativ maraqlardan çıxış edərək qidaların yanlış şəkildə saxlanması ciddi şəkildə zəhərlənmələrə, toksiki hallara gətirib çıxara bilir. Bəzən kütləvi zəhərlənmə halları belə baş verir ki, bu cür hadisələrdə yaxın zamanlarda təsadüf olunub. Şadlıq evlərinin idxal elədiyi ərzağın keyfiyyətindən tutmuş, son məhsul olan xörəyin hazırlanmasına qədər bütün proseslər nəzarətdə olmalıdır. Və bu nəzarəti ilk növbədə şadlıq evləri konkret parametrlərlə, yəni sanitar-gigiyenik normalarla həyata keçirməlidir. Bunun üçün bizdə Gigiyena-Epidemiologiya Mərkəzi var. Bu mərkəzin də müəyyən etdiyi müəyyən normativlər var ki,  onlara əməl edilməlidir. Mərkəz özü yoxlamalar zamanı standartlara əməl olunub-olunmadığını müəyyən edir. İkinci tərəfdən də, müəssisələr özləri mövcud qaydaları gözləməlidirlər. Havalandırma sistemi, otağın antiseptikası, yəni, mikroblardan təmizlənməsi və s. istər yaşayış yerlərində, istərsə də kütləvi insanların toplaşdığı yerdə daim nəzarətdə saxlanmalıdır.  Çünki, müxtəlif xəstəliklər var ki, hava, damcı yolu ilə keçə bilir". 


Sizin Reklam Yeriniz