Azərbaycanla Macarıstan arasında birgə dərman istehsalı həyata keçirilə bilər. Bunu bir neçə gün əvvəl Bakıda keçirilən Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, Azərbaycan bu sahənin inkişafında çox maraqlıdır: "Bu səbəbdən də biz maraqlıyıq ki, Macarıstanın tanınmış dərman istehsalı şirkətləri Azərbaycana gəlsin. Hətta bu sahədə birgə müəssisənin yaradılmasında maraqlıyıq. Bu müəssisənin Azərbaycanda olmasına da olduqca lazımi şərait yaradıla bilər".
Birgə fəaliyyətin həyata keçirilməsi fonunda məhsul istehsalı heç şübhəsiz ki, yerli dərman bazarında qiymətlərin ucuzlaşmasına səbəb ola bilər.
Azərbaycanda dərman istehsalı üçün
münbit şərait olduğunu deyən İqtisadi Tədqiqatlar Mərkəzinin
rəhbəri Azər Mehtiyev birgə istehsal həyata keçirilərsə,
qiymətlərin də ucuzlaşmasının baş verə biləcəyini bildirdi: "Söhbət
birgə dərman istehsalının mümkünlüyü istiqamətində araşdırmalardan
və bu sahədə əməkdaşlıqdan gedir. Bunun qiymət bazarına necə təsir
edəcəyi haqda danışmaq hələ ki, çox tezdir. Lakin Azərbaycanın
mövcud imkanları ölkədə bir sıra dərmanların istehsalına imkan
verir. Azərbaycanda həm kimya sənayesinin inkişafı, həm ölkə
təbiətində müxtəlif növ bitkilərin yetişməsi dərman məhsullarının
istehsalı üçün əlverişli şərait yaradır. Əgər ölkədə bu istehsal
formalaşarsa, ən azı qiymətlərin düşməsində rol oynamalıdır. Yəni
öz-özlüyündə yerli istehsal mümkündür və vacibdir. Əgər hər hansı
məhsul ölkədə istehsal olunursa, bu mütləq şəkildə bazarda
ucuzlaşmaya səbəb olacaqdır".
Macarıstanla birgə fəaliyyəti müsbət
qiymətləndirən iqtisadçı-ekspert Natiq Cəfərli isə qiymətlərdə
ucuzlaşmanın baş verməsi üçün gömrük tariflərində və tutulan
vergilərdə də güzəşt edilməsinə ehtiyac olduğunu söylədi: "Əgər
əməkdaşlıq nəzərdə tutulan qaydada həyata keçirilsə və yerli dərman
istehsalı üçün bütün şərait yaradılsa, əlbəttə ki, bu, Azərbaycan
üçün müsbət bir addım olardı. Bu, yerli istehsal olan dərmanların
maya dəyərinin ucuzlaşması, dərman bazarında da qiymətlərin müəyyən
dərəcədə enməsi ilə müşahidə edilə bilərdi. Amma bir məsələ var ki,
bu günün özündə belə idxal dərmanları Azərbaycanda qonşu ölkələrə
nisbətən daha baha satılır. Digər ölkələdən, elə Avropa Birliyi
ölkələrindən idxal olunan dərmanlar Azərbaycanda həddən artıq baha
qiymətə satılır. Amma qiymət məsələsi təkcə istehsalla bağlı deyil.
Düşünürəm ki, həm gömrük tariflərində, həm vergilərdə müəyyən
güzəştlər olunmalıdır ki, dərman bazarında müəyyən dərəcədə qiymət
ucuzlaşması müşahidə olunsun. İstehsal haqqında qərar qəbul edilsə
belə, bunun həyata keçirilməsi, zavodların qurulması işinə
başlanması xeyli zaman alacaq. Bu illər ərzində isə Azərbaycan
dərman bazarında qiymətlər bugünkü kimi qalacaq. Ümid edək ki, tək
istehsalla deyil, həm də gömrük tariflərində güzəştlərin tətbiqi
yolu ilə qiymətlər aşağı düşə bilər".