news Image
2014.02.06
15:32
| A A A
Ali məktəb məzunları üçün təyinat olacaq?!
Emin Məhərrəmov: «Avropanın qabaqcıl ölkələrində işlə təminat büroları var, bizdə də yaradıla bilər» Asif Cahangirov: «Ali təhsil müəssisələrinin və dövlətin vəzifəsi deyil ki, məzunu hansısa işlə təmin etsin»

Bilindiyi kimi, əvvəllər ali məktəbləri bitirən məzunlara təyinatlar verilir, onlar təyinat üzrə müvafiq işlə təmin olunurdular. Lakin SSRİ-nin dağılması ilə təiynat sisteminə də son qoyuldu. Hazırda müəyyən güc strukturlarına məxsus akademiyalarda belə təyiant sistemi var.  Belə fikirlər səslənir ki,  ali məktəblərin hamısında müəyyən kvota üçün təyinat sisteminin yenidən bərpa olunması ixtisaslı kadrlara olan tələbin ödənilməsində müəyyən rol oynayardı. Xüsusən də ucqar rayon və kəndlərdə. 

Amma təhsil üzrə ekspertlərin  məsələyə münasibəti fərqlidir. Sovetlər dönəmində təyinatların məcburi xarakter daşıdığını  deyən ekspert Emin Məhərrəmov Movqe.az-a açıqlamasında bunun insan hüquqlarına zidd olduğunu, hər bir insanın azad iş seçimi imkanı olduğunu düşünür: "Sovet dönəmində məcburiyyət tətbiq olunurdu. İstəyən də, istəməyən də təyinat verilən yerə gedib ən az 3 ilə kim orda işləməli idi. Almaniyada, Belçikada, Avropanın qabaqcıl ölkələrində işlə təminat büroları var. Bizdə də yaradıla bilər. Məsələ tək iş yerləri ilə bağlı deyil. Məsələ ondadır ki, çox vaxt işçilər təklifləri bəyənmirlər. Ona görə də hal-hazırda insan hüquqlarını nəzərə alsaq,  sovet dönəmindəki sistemi yenidən tətbiq etmək mümkün olmayacaq. Bu ölkədəki qayda-qanuna da zidd olar. O vaxt  insanlar istəmədikləri halda belə mütləq məcburi şəkildə 3 il göndərildikləri yerdə işləməli idilər. 

Bu işi başqa formada həyata keçirmək olar. Məsələn, xüsusən şəhərdən kənardakı ərazilərdə kadr çatışmazlığını aradan qaldırmaq üçün yüksək məvacibdə maaşla, müəyyən güzəştlərin tətbiqi ilə işçiləri cəlb etmək olar. Amma məcburi təyinatla bunun qarşısını almaq olmaz". 

Dövlətin vəzifəsinin yalnız savadlı kadrlar yetişdirmək olduğunu deyən Asif Cahangirov isə işlə təminatın nə ali məktəbin, nə də dövlətin vəzifəsi olduğunu düşünür: "Düzgün olaraq bu təyinatlar ləğv olunmuşdu. Çünki ali təhsilin məqsədi, ali təhsilin dövlətin kadrlara olan tələbatını ödəməklə bərabər, şəxsiyyətin təhsilinin təsirini artırmaq üçündür. Ona görə dövlət kadr hazırlamalıdır və bu hazırlanan mütəxəssis özünə layiq olan yeri tuta bilməlidir. Ali təhsil müəssisələrinin və dövlətin vəzifəsi deyil ki, məzunu hansısa işlə təmin etsin. O, sovet təfəkkürü, sovet yanaşmasıdır. Dövlətin marağı və vəzifəsi ondan ibarətdir ki, keyfiyyətli, yüksək bilik və bacarıqlara malik mütəxəssis hazırlasın. Yoxsa ki, SSRİ dövründə keyfiyyətsiz kadrlar hazırlanır və təyinatlarla yollayırdılar. O müəssislərə göndərilən kadrın hazırlıq dərəcəsi heç kimi maraqlandırmırdı. Əsas diploma baxırdılar. Bu müəllimlikdə də, mühəndislikdə də, bütün sahələrdə belə idi".