Əlaqə Arxiv
news Image
2014.02.06
18:31
| A A A
Keyfiyyətsiz məhsulları hələ də satışdan tam yığışdırmaq olmur
Eyyub Hüseynov: «Əhali özü də bir az fəal və qida seçərkən diqqətli olmaldır» Eldar Qocayev: «Heç kim kənardan qidanın keyfiyyətsiz olmasını müəyyənləşdirə bilməz»

Aparılan maarifləndirmə işlərinə, görülən tədbirlərə, tətbiq olunan cərimələrə baxmayaraq, bu gün hələ də mağaza və marketlərdə keyfiyyətsiz məhsulların satışına təsadüf olunur. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı yenə də mağazalarda xarab ərzaq məhsulları aşkarlanır və şəxslər müvafiq qaydada cərimələnirlər. Amma təəssüf ki, bu halların qarşısı tam olaraq alına bilmir. Belə fikirlər səslənir ki, buna yol verən şəxslər pul cəzası yox, cinayət məsuliyyətinə cəlb olunsalar, onda problemi daha tez həll etmək olar.

Qida keyfiyyəti ilə bağlı məsələlərin müvafiq qanunlarla tənzimləndiyini deyən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov istehlakçıları da diqqətli olmağa çağırır: "Qidalara nəzarət qanunla tənzimlənir. Keyfiyyətsiz qida satışına görə İnzibati Xətalar Məcəlləsində müvafiq cərimələr nəzərdə tutulub. Onu da qeyd edim ki, keyfiyyətsiz malların satışı Azərbaycanda get-gedə azalır. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti Dövlət Xidməti də bu sahədə xeyli işlər görüb. Bu sahədə maarifləndirilmə işləri də geniş şəkildə aparılır. Əhali özü də bir az fəal və qida seçərkən diqqətli olmaldır. Vaxtı keçmiş məhsulları almamalıdırlar. Malların keyfiyyətinə nəzarət edən çoxsaylı dövlət qurumları var. Bunların birgə fəaliyyəti və  istehlakçıların özlərinin də səyləri nəticəsində mağazalara keyfiyyətsiz məhsulların satışına son qoyula bilər". 

Hüquqşünas Eldar Qocayev isə məsələyə belə münasibət bildirdi:  "Burda keyfiyyətsiz yox, standarta uyğun olmayan və ya istifadə müddəti bitmiş məhsuldan söhbət gedir. Amma heç kim kənardan qidanın keyfiyyətsiz olmasını müəyyənləşdirə bilməz. Bunun müəyyənləşdirilməsi üçün müvafiq laboratoriyalarda ekspertizadan keçirildikdən sonra keyfiyyətsizliyi, həmin qida üçün nəzərdə tutulmuş standartlara uyğun olmadığı aşkarlansa, bunun üçün müvafiq qərarlar verilir. Belə halların yaşanması istehlakçı hüquqlarının pozulması ilə bağlıdır və bunun üçün İnzibati Xətalar Məcəlləsində qanunla müvafiq cərimələr nəzərdə tutulur. Amma bu cür məhsullardan ciddi fəsadlar baş verərsə, istehlakçı bundan zəhərlənərsə, allergiya baş verərsə və ən pis halda insan ölərsə, əlbəttə ki, satışa görə məsuliyyət daşıyan şəxs  birbaşa cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".  


Sizin Reklam Yeriniz