Əlaqə Arxiv
news Image
2014.02.07
12:59
| A A A
Neft gölməçələrinin yaratdığı böyük problem
Adil Qeybulla: «Belə gölməçələr periodik olaraq qurudulmalı, ekoloji vəziyyət yoxlanılmalıdır» Qoşqar Məmmədov: «Neftli torpaqlar radioaktiv maddələrlə zəngin olduğundan insanlar üçün təhlükəlidir»

Nəriman Ağayev: "radioaktiv elementlər suda da öz əksini tapa bilir"


Telman Zeynalov: "Neft karbohidrogen olduğundan onu parçalamaq, sonra da gübrəyə çevirmək olar"


Azərbaycanda, xüsusən də Abşeron yarımadasında müəyyən ərazilərin neftlə çirklənməsi və belə yerlərin müəyyən təhlükə doğurması danılmaz həqiqətdir. Bu səbəbdən daim diqqət mərkəzində olan məsələlərdən biri neftlə çirklənmiş ərazilərin təmizlənməsidir. Bu arada qeyd edək ki,  Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda neft və ağır metallarla çirklənən torpaqların mikrobioloji üsulla təmizlənməsi üçün müvafiq preparatların biotexnologiyasının işlənib hazırlanması həyata keçirilir. Laboratoriya şəraitində aparılmış tədqiqatlar nəticəsində Qala və Buzovna yataqları torpaqlarının neft çirklənmələrindən effektiv təmizlənməsi üçün mikroorqanizm və bitkidən ibarət rasional kompleks təklif olunacaq.

Hələlik isə neftlər çirklənən ərazilər mövcuddur və qeyd olunduğu kimi onlar müəyyən təhdidlər yaradırlar. Tibb məsələləri üzrə ekspert Adil Qeybulla Mövqe.az-a açıqlamasında neftlə çirklənmiş ərazilərdə yaranan radioaktiv şüalanmanın insanlarda xərçəng xəstəliyinə  yol aça biləcəyini və insanların belə ərazilərdə yaşamasının məqsədəuyğun olmadığını dedi:  "Neft buxtalarının yanında, neft gölməçələrinə yaxın ərazilərdə insanların yaşaması məqsədəuyğun deyil. Əvvəla burda günəşin təsirindən həddindən artıq qızma baş verir. Həm də belə ərazilərdə radioaktiv şüalanma baş verə bilər. Bundan başqa da həmin neft gölməçələri buxarlanır və havaya zərərli maddələr, benzotilin törəmələri, buxarları qalxır. Benzotilin törəmələri xərçəng əmələ gətirmə xarakterinə malikdir. Yəni konserigen təsirlidir.  Əgər bir kubmetr havada bir nanoqram benzotilin törəmə varsa, bu 100 min adamın 18-də ağciyər xərçənginin əmələ gəlməsinə səbəb olur. Bu, birmənalı sübuta yetirilmiş statistikadır. Bundan başqa, neft gölməçələri torpağa hopur, içməli suya qarışır və eyni zamanda havanı çirkləndirir. Və insanlar  bunlardan istifadə etdikdə, təbii ki, onların orqanizmində bu maddələrin toplanması baş verir. Ona görə də belə ərazilərdə yaşamaq məqsədəuyğun deyil. Belə gölməçələr periodik olaraq qurudulmalı, ekoloji vəziyyət yoxlanılmalıdır. İmkan verilməmlidir ki, torpaqğın çirklənmə dərəcəsi yolverilən həddən çox olsun". 

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu (TAİ) direktorunun elmi işlər üzrə müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qoşqar Məmmədov isə Abşeron rayonunda 20 min hektara  qədər ərazinin çirklənməyə məruz qaldığını dedi: "Bunun da əksəriyyəti neftlə çirklənib və Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlıdır. Azərbaycanda çirklənmiş torpaqların 95%-i Abşerona aiddir. Bundan başqa Şirvan ərazisində, Salyan rayonunda da neft hasilatı həyata keçirilir. Ceyrançöldə də lokal şəkildə neft kəşfiyyat işləri gedir ki, orda da çirklənmələr ola bilər. Neftli torpaqlar radioaktiv maddələrlə zəngin olduğundan insanlar üçün təhlükəlidir". 

Digər ekspert Nəriman Ağayev də neftli torpaqların radioaktiv şüalanmaya səbəb olduğunu bildirdi: "Azərbaycanda neftlə çirklənmiş torpaqlar ən çox Sabunçu,  Suraxanı və Binəqədi rayonlarını ərazisindədir. Çünki bizdə neft hasilatı həyata keçirən qurğular daha çox bu ərazilərdədir. Neftlə çirklənmiş torpaqlarda isə radioaktiv şüalanma baş verə bilər. Radiasiyanın təsirindən canlı orqanizmi təşkil edən toxuma və hüceyrələrdə ionlaşma reaksiyası gedir ki, bu da onun bioloji qabiliyyətini pozur və nəticədə şüa xəstəliyi əmələ gəlir. Üstəlik radioaktiv elementlər suda da öz əksini tapa bilir. Düzdür, texnoloji prosses elədir ki, quyuların qazılması zamanı radioaktiv elementlərdən də istifadə olunur. Lakin bu artıq nəzarət altında olan radioaktiv elementlər olur". 

Ekoloq Telman Zeynalov isə məsələyə belə münasibət bildirdi: "Neftlə çirklənən torpaqlar Abşeron rayonunda, Salyanda, Mingəçevirdə geniş şəkildə yayılıb. Amma neft insan orqanizminə bir o qədər də zərər yetirmir. Neftdə olan radiasiyadır əsas zərərli olan. Çünki neft yerin dərin qatlarından çıxdığına görə cürbəcür laylardan keçir. Bu laylarda isə radioaktiv suxurlar ola bilər. Nəticədə hasil olunan neftdə radioaktiv maddələr yaranır. Ona görə neftlə çirklənmiş ərazilərdə yaşayan insanlarda müəyyən baş ağrıları, başgicəllənmələri baş verir. Əksər hallarda neft hasilatı ilə məşğul olan insanlar isə xərçəng xəstəliyindən əziyyət çəkirlər. Neftli torpaqlarda ya yaşayış olmamalı, ya da onlar təmizlənməlidir. Neft karbohidrogen olduğundan onu parçalamaq, sonra da gübrəyə çevirmək olar". 



Sizin Reklam Yeriniz