news Image
2014.02.10
17:22
| A A A
Müasir tələblərdən uzaq düşən peşə məktəbləri
Qüdrət İsaq: «Peşə məktəbləri Azərbaycan iqtisadiyyatının profillərinə uyğun olaraq yaradılsa, kadr problemi də aradan qalxmış olar» Zülfüqar Məhərrəmli: «Görülən işlərin daha da təkmilləşdirilməsinə ehtiyac var»

Araşdırmalar göstərir ki, bu gün ölkədə peşə məktəbləri yeni texnologiyalardan anlayışı olan mütəxəssislər hazırlamaq gücündə deyil. Çünki, peşə məktəblərinin əksəriyyətində mövcud inventarlar müasir tələblərə cavab vermir. Tədris vəsaitlərinin də azlığı ilə yanaşı, müasir tipli maşın və mexanizmlərin olmamasi da peşə məktəblərində tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. 

Təhsil üzrə ekpert Qüdrət İsaq ölkə iqtisadiyyatının profillərinə uyğun peşə məktəblərinin yaradılmasının məqsədəuyğun olduğunu düşünür: "Əvvəllər SSRİ sənayesi var idi. Onun profillərinə uyğun peşə məktəbləri yaradılır və kadrlar yetişdirilirdi. Ölkədə olan zavod və fabriklərdə hansı sahələr var idisə, peşə məktəblərində həmin sahələrə aid ilkin və ibtidai biliklər tədris olunurdu. Tələbələr üçün emalatxanalar təşkil edilirdi. Tələbələr orda öyrəndiklərini xüsusi dəzgahlar üzərində tətbiq edə bilirdilər. İndi də peşə məktəbləri üçün bu cür şərait yaradılmalıdır. Bunun üçün Azərbaycanda bu gün üçün hansı sənaye sahələri varsa, həmin sahələrə uyğun müəssilər yaradılmalı və müəssisələrdə ixtisaslı müəllimlər fəaliyyət göstərməlidir. Və üstəlik bu müəssisələri bitirdikdən sonra gənclərin işlə təminatı üçün müvafiq tədbirlər görülməlidir. Peşə məktəbləri Azərbaycan iqtisadiyyatının profillərinə uyğun olaraq yaradılsa, kadr problemi də aradan qalxmış olar". 

Artıq Azərbaycanda tələbata uyğun peşə məktəblərinin də yaradıldığını deyən ekspert Zülfüqar Məhərrəmli isə, sovet dönəmində müşahidə olunan formalizmin aradan qaldırıldığını bildirdi: "Sovet dönəmində adətən, orta məktəbdə oxuyan şagirdləri sonra peşə məktəblərinə göndərirdilər. Amma hazırki dövrdə də Azərbaycanda tələbata uyğun peşə məktəbləri yaranmaqdadır. Məsələn, Dövlət Neft Şirkətinin nəzdində olan peşə məktəbini nümunə göstərmək olar. Şirkət orada özü üçün kadrlar hazırlayır. Şagirdlər isə ora çox həvəslə gedirlər. Çünki, bilirlər ki, təhsillərini bitirəndən sonra yaxşı əmək haqqı ala biləcək işə sahib olacaqlar. Bundan başqa, Turizm Universitetinin tərkibində də turizm peşə məktəbi yaradılıb ki, oranı bitirən şagirdlər də turizm xidməti sahəsində müxtəlif profillərə yiyələnə bilirlər. Sovet dönəmindəki formalizm halları artıq demək olar ki, tam olmasa da müəyyən qədər aradan qalxıb. Ora yalnız həvəsi olan gənclər cəlb olunur. Əvvəllər isə, plan verilirdi və uşaqlar həmin plana uyğun olaraq bu məktəblərə yerləşdirilirdi. Nəticədə təhsilin keyfiyyəti də olmurdu. Bu sahədə keçid dövrü olsa da, müəyyən işlər görülür və artıq nəticələr də müşahidə olunur. Bununla belə, görülən işlərin daha da təkmilləşdirilməsinə ehtiyac var".