news Image
2012.06.07
17:12
| A A A
Çimərliklə gələn bəla
Xəzər dənizinin çimərlik olan bəzi əraziləri yenə zibil məskənlərinə çevrilir

Azərbaycanda hər il çimərlik mövsümünə start veriləndə dəniz suyunun çirkablıq dərəcəsi müzakirə mövzusu olur. Rəsmi qurumlar çimərlik mövsümü başlamazdan öncə bir neçə çimərlikdə monitorinqlər həyata keçirir, dəniz suyunun laboratoji analizini aparırlar.

Bu il dəniz suyundan götürülən nümunələr üzrə aparılan analizlərin cavabı göstərib ki, Bakının Sahil və Şıx çimərliklərində dəniz suyunun tərkibində bakteriyalar normadan artıqdır və həmin ərazilərdə çimmək olmaz. Bu arada Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək həm sözü gedən iki çimərlikdə, həm də nazirliyin xilasetmə xidmətinin fəaliyyət göstərmədiyi ərazilərdə üzməməyi məsləhət görüb. Çünki xilasetmə xidmətinin olmadığı çimərliklərdə bədbəxt hadisələr daha çox baş verir.

Mövcud durumu öyrənmək üçün bir neçə çimərlikdə olduq. İlk üz tutduğumuz Bilgəh çimərliyində dəniz suyu göz yaşı qədər duru görünsə də, burada bəzi yerlərdə ətraf ərazilər antisanitar vəziyyətdə idi. Düzdür, ətrafda hələ ki, yemiş, qarpız qabıqları, yeyilmiş qarğıdalı cecəsi gözə dəyməsə də, hər addımda pivə, su qabları vardı. Müşahidələr göstərir ki, özəl çimərliklərdə təmizlik məsələlərinə daha çox riayət olunur. Amma ümumi çimərliklərdəki sanitar vəziyyətə lazımi şəkildə nəzarət edən yoxdur. Düzdür, xilasedicilər ayrı-ayrılıqda vətəndaşlara "yerə çibil atmayın", "təmizliyə riayət edin" kimi xəbərdarlıqlar edirlər. Nəzarət zəifləyən kimi yenə də insanlar öz bildikləri kimi hərəkət edirlər.

Çimərlikdən bir qədər kənarda isə tədricən zibillər qalaqlanmaqdadır. Yəqin ki, bir neçə gündən sonra həmin zibillər havanın qızması ilə ətrafa üfunət iyi "bəxş" edəcək.

Bəzi yerlərdə dənizin şarlarla və kəndirlə hasarlanması diqqətimizi cəlb edir. Şarlar və kəndirlər xəbərdarlıq nişanıdır. Yəni onları keçmək təhlükəlidir. Xəbərdarlığa əməl etməyənləri xilasedicilər motorlu qayıq və jetlərlə icazəli əraziyə qaytarırlar. Xilasedicilər bildirirlər ki, hələ suda batan, boğulan yoxdu. İnşallah, bundan sonra da olmaz. Bir qədər kənarda "ərazi təhlükəlidir, burada çimmək qadağandır. Həyatınızı təhlükəyə atmayın" kimi yazılı xəbərdarlıqlara rast gəlinir.

Mərdəkandakı çimərlikdə vəziyyət bir qədər fərqli idi. Burada pulsuz çimərlik, demək olar ki, yoxdur. Dənizin ətrafında bir-birindən təmtəraqlı, göz oxşayan özəl çimərliklər, istirahət mərkəzləri açılıb. Burada pulsuz çimərliyin, sadəcə, adı var. Sahəsi də ildən-ilə daralır. Pulsuz çimərliyin girişində "özünüzlə yemək gətirməyin" xəbərdarlığı yazılıb. Rəhbərlik xəbərdarlığı vətəndaşların ərazini çirkləndirmələrinin qarşısının alınması ilə əlaqələndirir. Onu da öyrəndik ki, pulsuz çimərliklərdə dincəlməyin adı pulsuzdur.

Gölgəlik 5 manat. Stol və stlullar 8-10 manat arasında dəyişir.

Avtomobillərin saxlanılması 1-2 manat. Bir şiş kabab 5 manat. Dondurmalar 5 manata qədər. Adi sular 1 manata qədər. At üzərində gəzmək 2 manat. Xatirə şəkili çəkdirmək 2 manat. Adi çay 3 manat. Çay dəstgahının qiyməti isə 10 manatdan başlayır.

Göründüyü kimi, Bakıda pulsuz çimərliyin yalnız adı var.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqlarına baxmayaraq Sahil və Şıx çimərliyində istirahət edənlərlə də rastlaşmaq olar. Burada dincələnlər bildirirlər ki, hər il dənizdə çimirlər, amma bu günə qədər xəstələnməyiblər. Bağırsaq çöpü bakteriyası barədə deyilənlərə inanmayan hər iki çimərliyə gələnlər əlavə edirlər ki, belə vəziyyət onlara sərf edir. Nəzarət yox, adam az, sərbəstlik isə kifayət qədərdi. Sahil və Şıx çimərliklərinə gələnlər həm ətrafda yaşayanlar insanlardı, həm də Bakıdan rayonlara gedənlər və ya rayonlardan Bakıya gələn sürücülərdir. Sürücülər avtomobillərini yol kənarında saxlayıb sərinləmək üçün dənizə kəllə vururlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs