news Image
2014.02.11
17:16
| A A A
Quş qripi virusunun yeni təhlükəli forması baş qaldırır
Adil Qeybulla: «Hava-damcı yolu ilə keçən infeksiyaların hər biri təhlükəlidir» Səfayə Əhmədova: «Bizdə həm sanitar, həm də epidemioloji durum daim nəzarətdə saxlanılır»

Son günlər Çində insan həyatı üçün də kifayət qədər təhlükəli sayılan quş qripi virusunun yeni formasının yayıldığı haqda məlumatlar yayılır. Qripin yeni ştammı olan H10N8-in artıq bir neçə şəxsin ölümünə də səbəb olub. Üstəlik yeni yaranan formanın digər qrip növlərinə nisbətən daha tez yayıldığı bildirilir. Bu fonda Çindən başqa ölkələrə gedən miqrantlar vasitəsilə məlum virus sürətlə yayıla bilər. Azərbaycanda da kifayət qədər Çin vətəndaşları gedib-gəldiyi məlumdur. Bu cəhətdən insan sağlamlığı üçün ciddi təhdid yaradan bu virusun Azərbaycanda da yayılması təhlükəsi meydana çıxır.  

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla qripin ölkədə yayılmaması üçün sərhəd məntəqələrində ciddi nəzarət sisteminin yaradılmalı olduğunu dedi: "Qrip virusların infeksiya şəklində fəallaşmasıdır. Bu qripin süni yaradılması ittihamı çox ciddi ittihamdır və bunu təsdiq edə bilmərik. Əlbəttə, bu şayiələr şəklində də yayıla bilər. Ümumiyyətlə, virus həyatın qeyri-hüceyrəvi formasıdır. Nukleotid zəncirinin hər hansı hissəsində baş verən dəyişiklik onun yeni xassə əldə etməsinə səbəb olur. Viruslarda replikasiya olunma xüsusiyyəti var və hər bir yeni replikasiya olunmuş virus yeni xassə alır. Ona görə də ayrı-ayrı viruslar özlərini müxtəlif cür aparır. Qrip virusunun özünün ayrı-ayrı ştammları hər il özünü müxtəlif cür göstərir. Bu bəzən çoxlu insan tələfatı ilə müşahidə olunur. Bəziləri bunu mülayim keçirir. O ki qaldı quş qripi məsələsinə, ümumiyyətlə, hava-damcı yolu ilə keçən infeksiyaların hər biri təhlükəlidir. Çünki, sərhəd tanımırlar. Biz transərhəd zonalarından insanların miqrasiyanın qarşısını alsaq belə, bunların yayılma ehtimalı qalır. O ki quş qripi təzə yayılanda onun qanla keçməsinə,  əlbəttə, bundan qorunma imkanları daha realdır. Hal-hazırda da hesab edirəm ki, hər bir ölkə hər ehtimala qarşı tədbirlər görməlidir. Transərhəd keçid zonalarına nəzarət güclənməlidir. Əgər belə bir təhlükə varsa, yaxşı olar ki, ölkəyə daxil olan şəxslər müayinədən keçirilsin. Şübhəlilər dərhal təcrid olunmalıdır. Və müalicə aparılmalıdır. Qorunma tədbirləri çoxdur və bunun üzərində işlənilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı hər il protokol hazırlayır və o protokolda bütün tədbirlər göstərilir". 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə ölkədəki vəziyyətlə bağlı Movqe.az-a açıqlamasında deyib: " Bizdə bununla bağlı heç bir təhlükə yoxdur. Nəinki epidemiyanın yayılma təhlükəsi ilə bağlı, bizdə ümumiyyətlə, həm sanitar, həm də epidemioloji durum daim nəzarətdə saxlanılır. Hər şey qaydasındadır və hər hansı bir şikayətlə bizə müraciət edən də olmayıb".