Əlaqə Arxiv
news Image
2014.02.13
18:10
| A A A
İnternet real ünsiyyəti daha böyük sürətlə məhv edir
Dəyanət Rzayev: «İnternet asılığı nəticəsində isə insanlarda halsızlıq müşahidə olunur, onlar ətrafdan, dostlarından uzaqlaşmağa başlayırlar» Nuriyyə Quliyeva: «Narahatedici hal odur ki, son illərdə internetdən asılılıq halları get-gedə çoxalmaqdadır»

Bu gün internet artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir çox cəhətdən həyatımızı asanlaşdıran bu anlayış bütün müsbət cəhətlərinə baxmayaraq, bəzilərini  özündən asılı hala salıb. Xüsusilə də sosial şəbəkələr sanki bir maqnit kimi insanları özünə cəlb edir. Demək olar ki, əksəriyyətimiz ya işlə bağlı, ya kənar məqsədlərlə günümüzün əksər hissəsini internetə sərf edirik. Artıq  xidmətlərin çoxu internet vasitəsilə həyata keçirildiyi kimi, əlaqələrimizin çoxu da internet vasitəsilə qurulur. Azyaşlılar belə əyləncəni artlq yalnız  internetdəki oyunlarda tapırlar. Bir çox hallarda yaşanan bu asılılıq vəziyyəti insanların özlərinə qapanmasına, depressiya vəziyyətinə düşməsinə belə gətirib çıxarır. 

Psixoloq Dəyanət Rzayev Movqe.az-a açıqlamasında bəzi insanların internetdə ikinci həyatlarını tapdıqlarını, zamanla asılı hala gələn insanların psixoloji dəstəyə ehtiyac duyduqlarını dedi: "İnternetdən çox istifadə sayəsində insanlarda müəyyən davranış dəyişiklikləri müşahidə olunur. Diqqət etsək, görərik ki, proqramçılarda, kompüter mütəxəssislərində müəyyən xarakterik özəlliklər var. Məsələn, onlar daha sakit, daha özlərinə qapanıq olurlar. Bu da normal sayılır. Çünki, işin təsiri ilə baş verir. Bir də var ki, dəyişikliklər adi insanlarda da müşahidə olunsun. Xüsusən sosial şəbəkələrdən asılılıq nəticəsində insanlar real aləmdən uzaqlaşmağa başlayırlar. Virtual aləmdə özlərinə bir həyat qururlar. Hətta yediyi yeməyin də şəklini çəkib internetdə paylaşan insanlar var. Sanki onların ikinci bir həyatı yaranmış olur. Bu da müəyyən qədər iş rejiminə, qidalanmaya, insanların səhhətinə də mənfi təsir göstərir. Amma bu tam olaraq depressiya sayılmır. Depressiya insanın bütün ətraf mühitdən təcrid olunması, iştahdan kəsilməsi halıdır. İnternet asılığı nəticəsində isə insanlarda halsızlıq müşahidə olunur, onlar ətrafdan, dostlarından uzaqlaşmağa başlayırlar. Virtual həyatda yaşadıqlarından, real aləmdəki davranış bacarıqlarından, məsələn, ünisiyyət, kommunikasiya bacarıqlarından, kiminləsə tanış olmaq, dostluq eləmək kimi vərdişlərdən uzaqlaşmağa başlayırlar. Çünki, artıq onların ünsiyyəti virtual aləmdə keçir. 

 Amma bütün bunlara baxmayaraq, bu gün internet ləğv edilə bilməz. Bütün dünyada var və artıq demək olar bütün sistemlər, iqtisadiyyat, sosial xidmətlər olsun, ticarətə qədər bir sıra sahələr internet üzərindən idarə olunur. İnsanlar özləri buna diqqət etməlidirlər. Araşdırmalara görə, normalda gün ərzində hər bir insan yalnız iki saat internetlə məşğul ola bilər. 2 saatdan çox istifadə məsləhət deyl. Amma insanlar var ki, 6 saat, hətta 12 saata qədər vaxtını internetdə keçirir. Canlı ünsiyyət insana mütləq lazımdır. Belə getsə, artıq insanlar real həyatda ünsiyyət qabiliyətini itirəcəklər. Depressiyanın xüsusiyyətlərindən biri də elə ünsiyyətin azalmasıdır. Bütün müsbət cəhətlərinə baxmayaraq internetdən lazımi qədər istifadə etmək olar. Əgər internetdən istifadə asılılıq, xəstəlik halına gəlibsə, o şəxslər mütəxəssislər tərəfindən yardım almalıdırlar.  Bununla bağlı psixoloqların köməyindən istifadə edə bilərlər". 


İnternet asılılığına 12-18 yaş arası yeniyetmələrdə daha çox rast gəlindiyini deyən Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik psixoloq Nuriyyə Quliyeva bu halın oğlanlarda qızlara nisbətən daha çox yaşandığını deyir: "Texnologiyanın sürətlə inkişafı həyatımızı müəyyən mənada asanlaşdırsa da, müəyyən qədər də bizi özündən asılı vəziyyətə salır. İstədiyimiz vaxt istədiyimiz bir məlumatı internet vasitəsilə bir neçə dəqiqə ərzində dərhal tapa bilirik.  Həmçinin, dünyanın istənilən ölkəsindəki bir insanla ünsiyyət qura bilirik. Bu baxımdan internetdən istifadənin bizə gətirdiyi üstünlükləri var. Amma narahatedici hal odur ki, son illərdə  internetdən asılılıq halları get-gedə çoxalmaqdadır. Ən çox 12-18 yaşlarındakı yeniyetmələr internetdən asılılıq risk qrupuna daxil olsalar da, hər yaşda internet asılılığı olan insanlarla qarşılaşmağımız mümkündür. Onu da qeyd edim ki, internet asılılığı qızlara nisbətdə oğlanlarda 2-3 qat daha çoxdur". 

İnternetin faydaları ilə bərabər orqanizmə vurduğu ciddi ziyanlardan danışan psixoloq bəzi insanların virtual aləmdə öz "ideal mən"lərini tapdığından bu aləmin onları cəzb etdiyini bildirir: "İnternetin faydaları ilə yanaşı, zərərləri də var. Belə ki, bildiyimiz kimi, kompüterdə çox işləmək bizim sağlamlığımıza ziyandır. Yəni kompüter arxasında çox vaxt keçirmək səhhətimizdə problemlərə gətirib çıxarır. Kompüter və internetdən çox istifadə gözün zəifləməsi, boyun-bel ağrıları, şüualanma nəticəsində onkoloji xəstəliklərin yaranması və s. kimi fəsadlar yarada bilir. Həmçinin internetdən çox istifadə insanda yorğunluq, informasiya yüklənməsi, yuxu pozuntusuna, aqressiv və əsəbi hallara, ünsiyyətin məhdudlaşmasına da gətirib çıxarır. İnternet asılılığı olan şəxs ətrafdan sanki təcrid olunur və yaxınları ilə ünsiyyətini azaldır. Bunu çox vaxt bilərəkdən etmir. Yəni internetdə virtual dostların olması, onlarla ünsiyyət, problemlərini bölüşmək ətrafındakı "real" şəxslərlə "real-birbaşa ünsiyyət"  ehtiyacını əvəzləyir və məhdudlaşdırır. Çox vaxt buna heç vaxtı da qalmır.

Nə üçün virtual ünsiyyət bəzi insanlar üçün daha asan və üstündür? Çünki bu zaman həmin insan öz "real mən"indən çox "ideal mən"indən çıxış edərək özündə olmayan cəhətləri varmış kimi göstərərək kompleksiz ünsiyyətə daxil olur. Həmçinin sosial fobiyası, çəkingənliyi, qapanıqlığı olan insan da virtual ünsiyyətdə daha rahat olduğu üçün buna daha çox üstünlük verir". 

Psixoloq bu asılılıqdan qurtumaq üçün öz məsləhətlərini də bildirdi: "Yuxarıda qeyd etdiyim kimi əsas risk qrupları 12-18 yaş aralığında olan yeniyetmələrdir. Çünki bu dövr yeni axtarışlar, yeni maraqlar, fərqli insanlarla ünsiyyət dövrüdür. Yeniyetmələr çox vaxt həttə məktəb dərslərini axsadaraq vaxtlarının çoxunu internet klublarda keçirirlər. Burada müxtəlif oyunlar oynayır, sosial şəbəkələrdə müxtəlif paylaşım edir, hətta fərqli ölkələrdən insanlarla ünsiyyətdə olurlar. İnternetdən asılı olan insanlar bir çox hallarda qidalarına da diqqət etmirlər. Onlar internetdə gördüyü işə o qədər aludə olurlar ki, buna vaxt itkisi kimi baxırlar. 

İnternetdən istifadə həyatımızı asanlaşdırdığı üçün ondan tamamilə imtina etmək çətin olardı. Amma vaxtı düzgün bölmək burada əsas şərtdir. Fasiləli şəkildə internetdən istifadə qəbul olunandır. Saat bölgüsündə yaş amili nəzərə alınır. Azyaşlılar gün ərzində fasiləli olaraq 1-2 saat internetdən istifadə edə bilər. Yeniyetmə və gənclərdə bu saat nisbətən daha çoxdur. Ümumiyyətlə, yetkin bir şəxsin də kompüter və internetdə keçirdiyi vaxt 3-4 saatı keçməməlidir və arada fasilələr olmalıdır. Bəzi hallarda valideynlər tərəfindən uşaq və yenitmələr internetdən tamamilə təcrid edilir. Bu, nəticə verməyəcək. Belə olduqda internetdən istifadəni get-gedə azaltmaq daha məqsədəuyğun olardı. 

İnternet asılılığı həmçinin asudə vaxtın düzgün qiymətləndirilə bilməməsindən də irəli gəlir. Bu zaman yaxşı olardı ki, uşaq və yeniyetmə sevdiyi fəaliyyətə- rəqsə, rəsmə , idmana yönləndirilsin. Bu, onun internetə sərf etdiyi müddəti azaldacaq.

Bundan başqa bəzi proqramlar var ki, internet və kompüterdən istifadə müddətinə nəzarət edir. Məsələn, şifrə daxil edən şəxs (valideyn) həftəlik kompüter istifadə müddətini 14 saat olaraq təyin edir. Ekranda qalan müddət əks olunur. Və istifadəçi bu zaman limiti keçə bilmir. Yalnız şifrəni daxil edən şəxs müddəti dəyişə və ya həftə başladıqda yenidən müddət daxil edə bilər".





Sizin Reklam Yeriniz