Əlaqə Arxiv
news Image
2014.02.14
14:07
| A A A
İntiharlar daha kəskin bəlaya çevrilir
Nuriyyə Quliyeva: «İntihar edən insanların 70%-i intihar düşüncələri ilə bağlı aşkar və ya nisbətən gizlin şəkildə xəbər verirlər» Əhməd Qəşəmoğlu: «İntihar hallarının qarşısının alınması üçün elmi təhlillər aparılmalı, kompleks fəaliyyət planı hazırlanmalıdır»

İbrahim Əsədli : "İntihar hallarının qarşısının alınması üçün həll yolu sosial münasibətlərin yaxşılaşdırılmasıdır"

İntihar və buna cəhd halları barədə az qala hər gün yayılan məlumatlar bu sahədə problemin böyükməkdə olduğunu göstərir. 

Münasibət bildirən Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik psixoloq Nuriyyə Quliyeva Mövqe.az-a açıqlamasında intiharın bir çarə deyil, qaçış olduğunu düşünür:  "Demək olar ki, hər gün müxtəlif yaşda olan  insanlar fərqli səbəblərdən intihara cəhd edir. Və təəssüf ki, bunların çoxu ölümlə nəticələnir. Bu hadisələr sözsüz ki, hər birimizə təsir edir. Amma bu hadisələr intihar düşüncəsi olan, həssas insanlara daha çox təsir edərək, onları intihara daha da cəsarətləndirir. Bu səbəbdən yayılan xəbərlərin maarifləndirici tərəfinin olması vacib və qaçılmazdır". 

Psixoloqun sözlərinə görə, intihar edəcək şəxsi tanımaq mümkündür: "İntihar edən insanların 70%-i intihar düşüncələri ilə bağlı aşkar və ya nisbətən gizlin şəkildə xəbər verirlər. Onlar tez-tez ölümdən, yoxluqlarından və ya son dövrlərdəki problemlərindən danışırlar. Bütün bunlara diqqət yetirərək, intiharın qarşısını əvvəlcədən almaq olar. 

Bunların arasında xüsusən daha əvvəl intihara cəhd edənlər ciddi nəzarətə alınmalıdır. Çünki statistika göstərir ki, intihar edən şəxslərin 80%-i daha əvvəl belə bir hala cəhd göstərib. Xüsusən yeniyetmələr daha çox intihara meylli olurlar. Bu zaman intiharların əksəriyyəti ailə münaqişələri səbəbindən baş verir. 

Bəzi hallarda isə intiharlar sırf diqqət çəkmək xarakteri daşıyır. Və təəssüf ki, sonu ölümlə nəticələnir. Çünki intihar düşüncəsində qərarsız olan şəxs nə qədər çox intihar hadisələri ilə bağlı xəbərlər eşitsə, bir o qədər daha çox cəsarətli olur intihara. Burada kütlə psixologiyası da öz sözünü demiş olur". 

Çıxış yolunun tapılmasına gəlincə, psixoloq qeyd edir ki, ilk növbədə intihara meyl edən şəxsin ruhi vəziyyətinə diqqət yetirilməlidir:  "Hər bir kəsin həyatında zaman-zaman problemlər olur. Kiçik və ya böyük... Hər bir şəxs üçün onun problemi hər kəsinkindən daha ciddi və ağırdır. Bəlkə həmin an üçün intihara cəhd edən insan düşünə bilər ki, yeganə çıxış yolu elə məhz intihardır. Xeyr, bu problemin həlli deyil! 

Problem olduğu yerdə qalır. Bəs sizin bütün sahib olduğunuz hər şeydən bilərək imtina edərək, özünüzə qəsd etməyinizə dəyərmi?! İntihar düşüncəsi olan hər bir şəxs bunları düşünərək, ailəsini düşünərək problemin həlli üçün daha cəsarətli olmalıdır. Sonsuz görünən çətin zamanın tezliklə bitəcəyini düşünərək, bu fikirdən daşınmalıdırlar. Unutmayın ki, ümid və zaman bir çox problemlərin həllidir".

Problemin sosial tərəflərindən danışan Əhməd Qəşəmoğlu isə, bu gün Azərbaycanda problemlərin çoxunun ailədən başladığını deyir:

"İntiharlar daha çox psixoloji vəziyyətlə bağlıdır. Bəziləri bunu iqtisadi amillərlə də bağlayırlar. Doğrudur, iqtisadiyyat burda vacib amillərdən biridir. Amma problem təkcə iqtisadiyyatla bağlı olsaydı, elə 50-ci illərdə, 2-ci dünya müharibəsindən sonra kütləvi intiharlar baş verərdi. İndi insanların psixologiyasında problemlər yaranıbdır. Bu problem isə ailədən başlayır. İndi ailələrdə həddindən çox gərginlik var.   Azərbaycan ailəsi heç vaxt belə gərgin olmayıb. Problemlərlə başa çıxa bilməyən hansısa ailə üzvü aqressiv olduqda, bu digər üzvlərə də avtomatik olaraq təsir edir. Ailə insani bir fərd, şəxsiyyət kimi yetişdirən, onu cəmiyyətə hazırlayan bir institut olduğundan, orda formalaşan insanlar da psixoloji problemlər yaşayır.  

Bütün bu intihar hallarının qarşısının alınması üçün elmi təhlillər aparılmalı, kompleks fəaliyyət planı hazırlanmalıdır. Bu bir ya bir neçə şəxsin məsləhəti ilə həll olunacaq iş deyil". 

"Psixologiya və Konsultasiya Mərkəzi"nin analitik psixoloqu İbrahim Əsədli  intihar hallarının qarşısının alınması üçün həll yolunu sosial münasibətlərinin yaxşılaşdırılmasını görürür: "İntiharların sayının çoxalması həm psixoloji, həm də sosial amillərlə bağlıdır. Psixoloji cəhətdən insan o zaman intihara əl atır ki, onda özünə güvən hissi azalır. Bir tərəfdən isə, sosial əlaqələri zəifləyir. İnsanın cəmiyyətdəki dost, tanış, qohum əlaqələri zəifləyirsə, insan öz yaxınlarından, ətrafdakı mühitdən dəstək, yaxınlıq görmürsə, depressiyaya düşür və çarəni ölümdə görür. O ölkələrdə ki sosial əlaqələr güclüdür, məsələn, Almaniya, İsveç və s. kimi ölkələrdə intiharlar getdikcə azalır. İntiharların səbəblərindən biri də insanın özünü bədbəxt və lazımsız hiss eləməsi ilə bağlı depressiya halları ilə əlaqəlidir. Çünki intihar depressiyanın ən pik həddə çatdığı zaman baş verir. O zaman ki insan dostsuz, yaxınsız, ətrafında əzizlərini hiss etmədən yaşayır, onda özünü lazımsız və bədbəxt hiss edir. Nəticədə də intihar halları baş verir".  


Sizin Reklam Yeriniz