news Image
2014.02.17
13:27
| A A A
Azərbaycanda da dəfn xərclərini sığorta şirkətləri çəkə bilər
Xəyal Məmmədxanlı: «Günümüzün reallığına baxsaq, görərik ki, bu Azərbaycanda ən çox satılacaq sığorta növlərindən biridir» Əhməd Qəşəmoğlu: «Sərt şəkildə qərarlar qəbul edilməlidirlər ki, mərasimlər hansı şəkildə həyata keçirilsin»

Azərbaycanda dəfn mərasimlərinin kifayət qədər baha başa gəlməsi barədə indiyə kimi kifayət qədər deyilib, yazılıb. Lakin cəmiyyəti narahat edən bu problemin həlli istiqamətində hələ də geniş miqyasda istənilən nəticə əldə olunmayıb. Belə vəziyyətdə isə Rusiya təcrübəsinin Azərbaycanda tətbiqi daha məqbul həll yolu kimi görünür. 

Qeyd edək ki, Rusiya təcrübəsinə əsasən, dünyada ilk dəfə dəfn mərasimləri sığortalanacaq.  Belə ki, Rusiyanın "Rosqosstrax" şirkəti bazara mərasim sığortası məhsulunu çıxarmağa hazırlaşır.  

Şirkətdən verilən məlumata görə, artıq bu sahədə araşdırmalar aparılıb və bazarda uğur qazanmaq mümkündür. 

"Rosqosstrax"ın hazırladığı mərasim sığortası müştəriyə dəfn xidmətinin göstərilməsini nəzərdə tutur. Sığorta olunan şəxs dünyasını dəyişəndən sonra onun dəfn mərasiminin sığorta şirkəti tərəfindən həyata keçirilir və bütün xərclər ödənilir. Bununla da sığortalı onun necə və kim tərəfindən dəfn olunacağından narahatlığı olmayacaq. 

Bu sığortanın Azərbaycanda da tətbiqi, bəzilərinə görə  yararlı olardı. 

Sığortaçı ekpert Xəyal Məmmədxanlı da Mövqe.az saytına verdiyi açıqlamada sözügedən sığorta növünə bu gün Azərbaycanda real ehtiyac olduğunu dedi: "Mən artıq bir neçə sığorta şirkətinə bu haqda təklif vermişəm.  Günümüzün reallığına baxsaq, görərik ki, bu Azərbaycanda ən çox satılacaq sığorta növlərindən biridir. Rusiyada dəfn xərcləri çox az olsa da, bunu həyata keçirirlər. Amma Azərbaycanda orta bir dəfn mərasimini yola vermək üçün ən az 15-20 min manat xərc lazımdır. Hələ bu, orta təbəqəyə aiddir. 

Bu, həm ayrı bir sığorta növü kimi, həm də həyat sığortalarının və ya fərdi qəza sığortalarının tərkib hissəsi olaraq satıla bilər. Bu o deməkdir ki, məsələn, insanlar fərdi qəza sığortası alırlar, qəzalardan sığortalanırlar, orada yalnız ölüm halında və ya əmək qabiliyyətinin itirilməsi halında müəyyən məbləğlərdə ödənişin verilməsi nəzərdə tutulur. Ora bunu da əlavə etmək olar. Dəfn üçün ödəniləcək xərclərə müəyyən limit də qoyula bilər. Ayrıca bir sığorta növü kimi həyata keçiriləndə isə, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə əgər sığortalı və ya ailənin üzvlərindən hər hansı biri xəstəlikdən yox, hər hansı gözlənilməz hadisə nəticəsində vəfat edərsə, müəyyən məbləğə qədər sığorta şirkəti tərəfindən ödənilə bilər. 

Əhaliyə də maraqlı olar. Kimdən soruşsan, bu sığortadan yararlanmaq istəyər. Ona görə ki, ayda 100-150 manat ödəməklə belə bir təminat alına bilər. Çünki, hamının ailəsində gözlənilməz ölüm halları baş verir. Bir çox hallarda ölənin yaxını öz kədərini unudaraq, dəfn xərclərini hardan tapacağı problemini yaşayır. Bu məsələ Azərbaycanda dünyanın heç bir yerində olmacaq qədər maraqlı və aktualdır".  

Sosioloq Əhməd Qəşəmoğlu bu cür dəbdəbəli yas mərasimlərinin İslam qaydalarına da zidd olduğunu deyir: "Təcrübəni kənarda axtarmaq lazım deyil. Elə Naxçıvan MR-da yas mərasimləri Bakıda və digər regionlardakı kimi ağır olmur, yəni çox xərc aparmır.  Bundan başqa biz Rusiyadan təcrübə götürməzdən əvvəl, öz dinimizin, İslam dininin qoyduğu tələbləri yaxşı-yaxşı öyrənməliyik ki, müsəlmanının birinci borcu rəhmətə gedən adamı lazımi şəkildə dəfn eləməkdir. Bütün hay-küy, nəyisə nümayiş elətdirmək əvvəla İslamdan kənardır. Düzdür, bizim yas mərasimləri ilə bağlı adət-ənənələrimiz var. Ölənin ruhunun şad olması üçün üçün yaxınlar bir yerə yığılırlar, təziyələr olur, başsağlığı verməyə gəlirlər və s. Bu əlavə dəbdəbə və hay-küy isə birmənalı olaraq kəskin təndqid olunmalı və ləğvi üçün müvafiq tədbirlər görülməlidir. İstər qanunvericilik baxımından, istər inzibati cəhətdən, istər ictimai qınaq tərəfdən müvafiq işlər görülməlidir. Belə yas mərasimlərinin keçirilməsi lazımsızdır. Bu, ölkəyə gələn çoxaylı qonaqlarımız tərəfindən də mənfi qarşılanır. Ona görə, düşünürəm ki, başqa ölkələdən təcrübə öyrənməkdənsə, bu məsələ ölkənin bu sahədə məsul olan insanları ilə müzakirə edilməlidir. Sərt şəkildə qərarlar qəbul edilməlidirlər ki, mərasimlər hansı şəkildə həyata keçirilsin".