Əlaqə Arxiv
news Image
2014.02.28
14:29
| A A A
“Halal” məhsul tapmaq hələ də müşkül məsələdir
Eyyub Hüseynov: «Əhali üzərində “halal” yazılan məhsullara daha çox inanır» Natiq Cəfərli: «Çox vaxt müştərilər bu adla aldadılır»

Məlum olduğu kimi, Standartlaşdırma, Metrologiya və Patent komitəsi AZS 757-2014 "Halal məhsulların sertifikatlaşdırma qaydaları" dövlət standartını təsdiq edib. Standart "halal məhsul"ların sertifikatlaşdırılması və bu məhsullara uyğunluq sertifikatı verilməsi qaydalarını tənzimləyir. "Halal məhsul"ların setifikat ala bilməsi üçün sifarişçi komitəyə müraciət etməlidir. Əks  halda sertifikat almayan  məhsulların üzərində "halal" sözünün istifadəsinə qadağa qoyulur. 

Bununla bağlı komitə bu il aprelin 1-dən "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikatlaşmayan, amma  üzərində "halal" sözü yazılan məhsulların istehsalı və satışına qadağa qoyulacağını bildirib. Beləliklə, istehsalçılar aprelin 1-nə kimi "halal" sözü yazılan etiketləri yenilənməsi üçün texniki məsələləri həll etməlidirlər.  

İndilikdə isə ekspertlər bəzi istehsalçıların məhsulun  üzərinə "halal" sözünü yazmasını belə məhsullara tələbatın daha çox olması ilə əlaqələndirirlər. Lakin ölkədə hələ də müəyyən olunmuş standartlara uyğun  ət məhsulları, əsasən də kolbasa istehsalı həyata keçrilmir. 

Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov Mövqe.az saytına açıqlamasında məsələyə belə münasibət bildirib: "Əhali üzərində "halal" yazılan məhsullara daha çox inanır. Hətta xristianlar belə "halal" məhsula ekoloji cəhətən daha təmiz hesab edirlər. Bu məhsullara tələbat daha çox olduğu üçün də, istehsalçılar məhz bu yoldan istifadə edirlər və istehlakçıları aldadırlar. AİB-in apardığı araşdırmalara görə, bu gün bazarda "İvanovka" nişanı ilə çoxlu sayda mal satılır. "İvanovka" kolxozunun Bakıda cəmi bir rəsmi mağazası olsa da, şəhərdə bu adda 6-ya qədər mağaza fəaliyyət göstərir. Yerli istehsalçılar da "İvanovka" adı ilə mal buraxır. "Halal"  adı ilə məhsul buraxılması da ona bənzəyir. Bu birmənalı olaraq istehlakçını aldadılmasıdır. Ölkədə "halal" standartı qəbul olunub. Lakin tətbiq etmək, məhsulun harda, hansı şəkildə kəsilməsinə və s. nəzarət etmək bizdə bir qədər müşkül məsələdir. 

Edilən xəbərdarlıq, düşünürəm ki, müəyyən  effekt verəcək. Bu cəhətdən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyəti zəruridir. Ona görə zəruridir ki, "halal" olmayan malların bazardan yığışdırılması ilə məşğul olan dövlət orqanları bu işə biganəlik göstərir". 

"Halal məhsul"un sertifikatlı məhsuldan daha çox maraq gördüyünü deyən iqtisadçı-ekspert Natiq Cəfərli istehsalçıların müvafiq  əməlini də bu faktorla bağlayır: "Artıq bir neçə müddətdir ki, "halal" məhsullarla bağlı söhbətlər gəzir. İstehsalçılar məhsulun üzərində "halal" yazmaqla əslində, onu reklam edirlər. Çünki, əgər məhsul standartlara uyğun halal şəkildə hazırlanırsa, insan orqanizminə heç bir ziyanı olmaz. Bu yazı insanları sertifikatlaşdırmadan daha çox cəlb edir. Məhz buna görə də, istehsalçılar normal sertifikatlaşdırmadansa, halal sözündən istifadə edərək müştəri cəlb etməyə çalışırlar. 

Təbii ki, bu, tam dəqiqliyi ilə yoxlanmalı, ciddi nəzarət həyata keçirilməlidir. Çünki, çox vaxt müştərilər bu adla aldadılır və aldadılmış müştərilərin hüquqlarını mühafizəsi üçün, təəssüf ki, normativlər yoxdur. Ya da ki, istehlakçıların çoxu hüquqlarının qorunması ilə bağlı mexanizmlərin olmasından xəbərsizdir. Buna görə də, dövlətin nəzarət xidmətinin gücləndirilməsinə ehtiyac var".  


Sizin Reklam Yeriniz