news Image
2014.03.05
15:41
| A A A
Onlayn müalicə alanların sayı artır
Adil Qeybulla: «Onlayn tibbi xidmətin mahiyyəti yalnız xəstəyə müəyyən tövsiyələr verməkdən ibarət ola bilər» Tahiba Quliyeva: «İnsanlar artıq onlayn xidmətə daha çox üstünlük verirlər»

Son vaxtlar dünyada, eləcə də ölkəmizdə onlayn tibbi xidmət geniş şəkildə yayılmağa başlayır. Belə ki, insanlar xəstəxanaya getmədən belə, internet vasitəsilə həkim yardımı ala bilirlər. Maraqlıdır, onlayn tibbi xidmət tam canlı xidmətin effektini verə bilərmi? 

Tibbi-ekspert Adil Qeybulla Mövqe.az saytına verdiyi açıqlamada məsələ ilə bağlı qeyd edib ki, onlayn xidmət tibbi xidmətin yalnız müəyyən mərhələsi ola bilər: "Sovet dövründə sahə həkimləri var idi və onlar konkret sahədə xidmət edirdilər. Ayrı-ayrı xəstələrə əgər ixtisaslı yardım göstərilməsi ehtiyacı yaranırdısa, onlar konkret mütəxəssislərə yönləndilirdilər. Bu gün bunu ailə həkimləri həyata keçirir. Ailə həkiminin önəmi ondan ibarətdir ki, o, ailəni yaxşı tanıyır. Xəstənin isə bütün analiz nəticələri, irsi xəstəliklərin olub-olmadığı, hansısa xəstənin müəyyən xəstəliyi varsa, onun gedişi və s. bilgilər məlumat bazasında olur ki, gələcəkdə xəstə başqa həkimə düşdükdə ona informasiya vermək, düzgün müalicə etmək üçün önəm kəsb edir. Onlayn xidmət isə bunun əksinə olaraq virtual xidmətdir. Bu  xəstəni görmədən həyata keçirilir. Məsələn, hər hansı bir peşəkar həkimin xəstəyə gözü ilə nəzarət yetirməsi ona xəstəlik haqda xeyli məlumat verir. İkinci tərəfdən isə, bəzən xəstələr öz şikayətlərini düzgün ifadə edə bilmirlər. Onlayn müalicə isə yalnız xəstənin şikayətləri əsasında aparılır. Belə olan halda səhv verilmiş məlumat səhv müalicəyə səbəb ola bilir".  

Ekspertin sözlərinə görə, onlayn tibbi xidmət canlı xidməti tam əvəz edə bilməz: "Onlayn tibbi xidmətin mahiyyəti yalnız xəstəyə müəyyən tövsiyələr verməkdən ibarət ola bilər.  Bu yolla xəstə yönləndirilə bilər ki, hansısa həkimə və ya hansısa xəstəxanaya müraciət eləsin və s. Bundan başqa, xəstə hansısa xəstəlik haqda soruşursa, bu haqda vətəndaşa müfəssəl məlumat verilə bilər. O baxımdan da, onlayn xidmətin önəmi var. Amma bu xidmət qətiyyən canlı müayinə və müalicəni tam əvəz edə bilməz. Onlayn xidmət müayinənin yalnız müəyyən mərhələsi ola bilər. Ancaq tam olaraq əvəz edə bilməz". 

Onlayn xidmətdən ən çox da psixoloji məsləhətlər almaq üçün istifadə olunur.  Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun Direktoru, psixoloq Tahiba Quliyeva onlayn psixoloji xidmətin bir sıra üstün cəhətlərinin olduğunu, lakin bununla bərabər canlı xidməti tam olaraq əvəz edə bilmədiyini deyir: "Hal-hazırda onlayn psixoloji xidmət geniş yayılmaqdadır. Müqayisə etsək, görərik ki, insanlar artıq onlayn xidmətə daha çox üstünlük verirlər. Onlayn xidmətin özünəməxsus üstünlükləri ola bilər. Bunlar nədir? İlk növbədə  xidmət bir çox hallarda ödənişsiz aparılır. Eyni zamanda bu xidmətdən yararalanmaq üçün müəyyən yol getməyə ehtiyac yoxdur. İstədiyin zaman bu xidmətdən asanlıqla istifadə edə bilərsən. Ən əsası onlayn xidmət zamanı kimliyini psixoloqdan belə rahatlıqla gizlədə bilirsən. Lakin buna baxmayaraq, onlayn xidmətin çatışmayan tərəfləri də az deyil. Belə ki, onlayn müraciət heç də müraciət edən şəxsin diaqnostikasının  dəqiqləşməsi deyil. Çünki istər həkim, istərsə də psixoloq müraciət edən uşaq, yeniyetmə və ya yetkin insanları görmədən dəqiq fikir yürüdə bilməz. Müəyyən dərəcədə kömək edə bilər, amma problemin dəqiqliyi üçün biz bu uşağı və ya digər müraciət edən şəxsi görməliyik və onu yaxından müşahidə etməliyik.Bu diaqnozun dəqiqləşməsi üçün çox vacib bir amildir. Çünki diaqnoz dəqiq olmazsa, onda müalicə də düzgün aparılmayacaq deməkdir. Bu da işin keyfiyyətinin aşağı düşməsi nəticəsinə gəlir. Bəzən kiçik bir problemlə müraciət olunur. Lakin biz yaxından müşahidə etdikdə daha başqa problemlərin də olduğunu görürük. Məsləhət olardı ki, sizi narahat edən problemlərin vacibliyini dərk edərək həkimin  və ya psixoloqun qəbuluna yazılasınız".