Əlaqə Arxiv
news Image
2014.03.06
18:16
| A A A
Mənzil fırıldağına saytlar vasitəsilə son qoymaq olar
Tikinti şirkətlərinin saytlarının yaradılması, həyata keçirilən alqı-satqı ilə bağlı məlumatların burada əks olunması təklif edilir

Yeni tikililən bəzi çoxmərtəbəli binalarda evlərin birdən çox vətəndaşa satılmasıyla bağlı yaranan hallar hələ də cəmiyyətdə xüsusi diqqət mərkəzində yer almaqdadır. O da bəllidir ki, bununla bağlı bir neçə tikinti şirkəti barədə cinayət işi başlanıb. Bu qəbildən olan fırıldaq hallarına son qoyulması üçün təklif olunur ki, hər bir tikinti şirkətinin internet saytı yaradılmalı və  burada artıq satılmış evlərlə bağlı məlumat da öz əksini tapmalıdır. Vətəndaşlar isə bu saytdan istifadə edərək daha fırıldaq qurbanına çevrilməzlər.

Hüquqşünas Səməd Vəkilov bir mənzilin bir neçə vətəndaşa satılmasının dələduzluq cinayəti olduğunu deyir. O, saytların açılmasının real vəziyyəti düzəldə bilməyəcəyini bildirir: "Bu, dələduzluq cinayətidir və qanunvericilikdə həmin əmələ görə cəza nəzərdə tutulub. Amma hər tikinti şirkətinin saytının yaradılması, satılan evlərlə bağlı məlumatın burada əks olunması bir o qədər də ağlabatan deyil. Ona görə ki, hal-hazırda məhkəmə təcrübəsində var ki, məsələn, vətəndaş gəlib şikayət edir ki, mənim filan tikinti şirkətindən ev almışam, pulu ödəmişəm. Lakin mənzilim uzun vaxt keçsə də, hələ hazır deyil. Lakin sayta baxanda burda görünür ki, həmin mənzil artıq sahibinə təhvil verilib. Çünki orda şirkətin reklamı söhbət mövzusudur. 

Məsələ ondan ibarətdir ki, şirkətlər çox vaxt tikinti başa çatmamış evləri vətəndaşlara satmağa başlayırlar. Çünki tikilib başa çatmamış mənzillər hazır mənzillərdən daha ucuz olduğuna görə, vətəndaşlar buna daha çox maraq göstərirlər. Hər kəs daha ucuz qiymətə ev sahibi olmaq istəyir. Bəzən daha başqa problemlərlə qarşılaşılır". 

S.Vəkilov vətəndaşları əvvəlcədən işlərini ehtiyatlı qurmağa çağırır: "Bu halda vətəndaş nə etməlidir? Vətəndaş əvvəlcədən işini etibarlı qurmalıdır. Daha gözəl olar ki, vətəndaşlar alqı-satqı zamanı mütləq hüquqşünas köməyindən istifadə etsinlər. Əgər həmin tikinti şirkətinin torpaq ayrılması haqda sərəncamı,  inşaat pasportu və s. sənədləri hüquqi cəhətdən düzgün tənzimlənibsə, onun gələcəkdə problemi olması riski daha azdır. Əvvəlcədən işə ehtiyyatla yanaşmaq lazımdır. Problem yaşanarsa, vətəndaş mülki qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə tikinti şirkətlərinə böyük təzminat qoysa, onlar məcbur olacaq ki, belə hallara yol verməsinlər".  

"MBA LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimov isə tərəflər arasında əvvəlcədən konkret formalı müqavilələrin bağlanmasını təklif edir: "Tikinti şirkətlərinin rəsmi saytının açılması, düşünmürəm ki, mövcud problemi tamamilə həll edəcək. Problemin həlli üçün əvvəla tərəflər arasında konkret formada bağlanan müqavilə olmalıdır. Bu müqavilə forması ya Ədliyyə Nazirliyi, ya Vergilər Nazirliyi, və yaxud da Dövlət Reyestr Xidmətində vahid bir formada hazırlanmalıdır. Orda mövcud tələblər, həm alan, həm satan tərəfin vəzifə və hüquqları standart formada müəyyən olunmalıdır. Ev alqı-satqısı zamanı da bu vahid forma əsasında müavilə bağlanmalıdır. Burda bir məsələ var ki, evin satışı həyata keçirilən zaman müqavilənin hazırlandığı icra strukturu, qurum  bunu qeydiyyata alacaq. Orada bilinəcək ki, bu ünvanda yerləşən binadakı mənzil artıq satıldı. İkinci dəfə eyni mənzil fərqli vətəndaşa heç vaxt satıla bilməz. Çünki, artıq evlər nömrələnmiş, təsdiq olunmuş müqavilələr əsasında satılmış olacaq. 

Problemin yeganə həlli budur. Və yaxud da ki, Milli Məclis qanun qəbul etməlidir ki, yarımçıq tikililərdə, Dövlət Qəbul Komissiyasına təhvil verilməmiş binalarda satış qadağandır. Amma birinci təklif daha effektli olacaq". 


Sizin Reklam Yeriniz