news Image
2014.03.07
15:24
| A A A
Təbiətimiz üzərində böyüyən təhlükə
Nəriman Həsənov: «Qarşısı alınmasa, bizdən sonra gələn nəsillər bizim yaşadığımız təbiəti yalnız şəkillərdə görəcəklər» Telman Zeynalov: «İndi insanlar süni buludlar yaradırlar, amma bunun təbiətə vurduğu ziyan heç kəsi maraqlandırmır»

Bu gün dünyada baş verən və kifayət qədər təhlükəli hal sayılan məqamlardan biri də bir sıra bitki və heyvan növlərinin nəsillərinin kəsilməsidir. Artıq bəzi bitki və heyvanları yalnız şəkillərdə görmək mümkündür. Nəsli kəsilmək üzrə olan bitki və heyvanların da sayı az deyil. Dünyanın bir parçası kimi Azərbaycanda da bu problem özünü göstərməkdədir. Torpaqların meliorasiyası, su hövzələrinin hidrogeoloji, hidrokimyəvi və bioloji dəyişikliklərə məruz qalması, onların su səthinin kiçilməsi 23 növü "Qırmızı kitab"a düşən 35 quş növünün yox olması təhlükəsini yaradıb. Eyni zamanda 40 növ həşərat, 7 növü "Qırmızı kitab"a düşən 10 sürünən heyvan növü də tamamilə yox olmaq təhlükəsi qarşısındadır.

Eləcə dünyanın bəlkə də heç bir yerində rast gəlinməyən,müalicəvi əhəmiyyətli  onlarla bitki növlərimiz zamanla yoxa çıxır. 

Ekoloq Nəriman Həsənov məsələyə münasibətində bu sahədə maarifləndirmə işlərinin vacibliyindən danışdı: "Hər bir vətəndaş ölkə təbiətini yaxşı öyrənməlidir. Xüsusən də rayon yerlərində yaşayanlar həm flora, həm də faunaya daha yaxındırlar. Bu baxımdan onlar daha yaxşı bilməlidirlər. Məktəblərdə geniş şəkildə  təlim-tərbiyə, maarifləndirmə işləri aparılmalıdır. Sahibkarlar arasında  da maarifləndirmə işləri getməlidir. Çünki bir çox hallarda müəyyən işlər görüləndə çoxlu sayda fauna və flora növlərimiz məhv olub gedir. Bizim Ekologiya və Təbii Sərvətlər  Nazirliyi Təhsil Nazirliyi ilə birgə maarifləndirmə işləri aparmalıdır. İndi də bu haqda qanun var və qanun çərçivəsində mülki işlər aparılır. Sadəcə olaraq, insanlarda təbiəti sevmək və onun hər bir üzvünü qoruyub saxlamaq istəyi olmalıdır. Təəssüf ki, real vəziyyət bizdə elə deyil.  İqlim dəyişməsi prosesi də bir tərəfdən təbiət üzərində mənfi fəsadlarını göstərməkdədir. Bitkilər sürətlə yoxa çıxırlar.  Ona görə də biz heç olmasa, əlimizdə qalan nümunələri qoruyub saxlamalıyıq". 

Əczaçılığın və qeyri-peşəkar ovçuların fəaliyyətinin də fauna və flora növlərinin azalmasında böyük önəmi olduğunu bildirən ekoloq bu işə peşəkar yanaşmaya ehtiyac olduğunu bildirir: "Bitkilərin gündən-günə azalmasının əsas səbəblərindən biri də əczaçılıqda istifadə olunan bitki növlərinin qeyri-peşəkar, savadsız şəxslər tərəfində yığılmasıdır. Bu işə professional şəkildə yanaşmaq lazımdır. Digər tərəfdən qeyri-peşəkar ovçuluq nəticəsində çoxlu sayda heyvanlar qırılıb gedir. Diqqətlə baxsaq görərik ki,  bir çox bitkilər və Xəzər dənizinin canlıları azalmağa doğru gedir. Bu yaxınlarda "Qırmızı kitab"ın yeni variantı çap olundu. Kitabın disk variantı da hazırlanıb. Gələcəkdə internetə də yüklənməsi nəzərdə tutulur ki, hər bir vətəndaş kitabdan yararlana bilsin. Əgər qarşısı alınmasa, bizdən sonra gələn nəsillər bizim yaşadığımız təbiəti yalnız şəkillərdə görəcəklər".  

Ekoloq Telman Zeynalov isə təbiətə ən çox ziyanın insanların istifadə etdiyi silahlar vasitəsilə dəydiyini bildirir: "Təbiətdə müxtəlif fauna və flora növləri yox olduqca, onlar yeniləri ilə əvəzlənir.  Yəni, təbiət ona uyğunlaşır. Bu, təbiətin qanunudur. Heç kəs ona müdaxilə edə bilməz. Ancaq son zamanlarda insanlar müxtəlif cür silahlardan istifadə edirlər. Bu silahların zərəri təbiətin üzərində çox mənfi fəsadlarla görünür. Heç bir ölkənin təbiəti bu silahların vurduğu ziyana uyğunlaşa bilmir. Artıq təbiət özü özünü bərpa edə bilmir. 

Hər regionun iqlimi fərqlidir. Hər ərazinin özünə xas olan bitkilərinin qorunub saxlanmasında dövlət maraqlı olmalıdır. Zehnini işlətmək qabiliyyətinə malik olan tək canlı insan niyə təbiəti qorumaq üçün bundan istifadə etməməlidir? Təbiəti qorumaq hər birimizin borcudur".

Ekoloq süni buludların da mənfi fəsadlarından danışdı: "İndi insanlar süni buludlar yaradırlar. Bunu ona görə edirlər ki, Günəş şüalarının qarşısınıl alıb istiliyi tənzimləsinlər. Amma bunun təbiətə vurduğu ziyan heç kəsi maraqlandırmır. Və yaxud da süni yağdırlmış yağışlar sayəsində torpağın keyfiyyəti, kimyəvi tərkibi dəyişir. Hər bitkinin torpaqdan almalı olduğu elementlər var. Araşdırılmalıdır ki, bitkilər belə torpağa uyğunlaşa bilirmi? Bunu mütəmadi olaraq yoxlamaq və nəzarət altında saxlamaq lazımdır".