news Image
2014.03.07
17:54
| A A A
Qaz təhlükəsini önləyən cihazlardan istifadə zərurət çevrilir
Nüsrət Qasımov: «Təbii qazın tərkibinə yayda maksimum 8 mq, qışda isə 16 mq odorant vurula bilər»

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində  təbii qazdan zəhrələnmədən sonra diqqət mərkəzində yer alan əsas məsələlərdən biri də mavi yanacağın tərkibi ilə bağlıdır. Hadisənin səbəbi kimi, qazın tərkibinə qatılan odorant maddəsinin həddindən artıq olması göstərildi. 

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov Mövqe.az saytın məsələ ilə bağlı münasibət bilirib: "Təbii qaz qoxusuz, şəffaf bir maddədir. Onun emalı zamanı tərkibinə lax yumurta iyi verən odorant maddəsi vurulur. Bu ona görə edilir ki, evlərdə, obyektlərdə qaz sızası baş verərsə, insanlar bunu hiss edib qarşısını ala bilsinlər. Lakin bu maddənin müəyyən norması var. Belə ki, təbii qazın tərkibinə yayda maksimum 8 mq, qışda isə 16 mq odorant vurula bilər. Bu ölçü normadan artıq olanda hər hasnı bir yerdə qaz sızması baş verərkən insanlara mənfi təsir edir. Çünki bu zəhərli maddədir".

Ekspert hər bir vətəndaşa xəbərdaredici qurğulardan istifadə etməyi məsləhət görür: "Əksər dünya ölkələrində binalarda, ayrı-ayrı yerlərdə xüsusi qurğular qoyulur ki, hər hansı qaz sızması baş verən kimi xəbərdarlıq üçün qurğunun siqnalizasiyası işə düşür. Amma çox təəssüf ki, bizdə demək olar ki, bu qurğulardan istifadə olunmur.  Halbuki bu qurğuların qiyməti təxminən 12 dollardır. Sonradan milyonlar xərclənsə də, sağlamlıq geri qayıtmır. Ona görə, düşünürəm ki, bunu gözə alıb  hər bir vətəndaş bu qurğudan istifadə etməlidir". 

N.Qasımovun sözlərinə görə əhalininn maarifləndirilməsi və nəzarət mexanizmi gücləndirilməlidir: "Bir məsələ də var ki, əvvəllər, sovet dönəmində ayda bir dəfə gündə 60 mənzil yoxlanılırdı. Qaz cihazları tənzimlənir, təmizlənirdi. Onun düzgün işləməsinə nəzarət olunurdu. Bundan başqa əhali də  maarifləndirilirdi. Qazdan istifadə qaydalarının pozulmasına imkan verilmirdi. Əhali də bilirdi ki, ayda bir dəfə nəzarətçi gələcək. Özü təhlükəsizlik qaydalarına düzgün əməl edirdi. 

Amma sonradan bu işlər davam etirilmədi. İndi həm əhalinin maarifləndirilməsinə ehtiyac var, həm də ki, heç olmasa ayda bir dəfə gərək binalara prolaktik baxış keçirilsin. Nəzarət mexanizmi isə gücləndirilsin. Kimliyindən asılı olmayaraq qazla təhlükəsizlik qaydasını pozan insanlar hamısı məsuliyyətə cəlb olunmalıdırlar. Çünki, bir evdə qaz partlayışı baş verirsə, həm evin sağında, həm solunda, altında, üstündə yerləşən evlərə də ciddi ziyan vurmuş olur. Əgər bir evə 4.5%-dən 15%-ə qədər yığışarsa, bu zaman partlayış baş verir. Əhalinin rifahına bu qədər yüksək təhlükə mənbəyi olan strateji məhsulu nəzarətsiz qoymaq nə dərəcədə doğrudur? İndi elə gün olur ki,  bir sutka ərzində 10 nəfər təbii qazdan zəhərlənir və ya ən pis halda dünyasını dəyişir. Ona görə də odorant maddəsi ilə ehtiyatlı olmaq lazımdır. Onun dozası göstərilən standartdan yuxarı olmamalıdır".