Əlaqə Arxiv
news Image
2012.06.23
09:00
| A A A
Fermerlərə nağd pul verilməsi dayandırılacaq
Fermerlər subsidiyaları pul yox, daha çox gübrə və digər formada alacaqlar

Artıq neçə müddətdir ki, ölkə gündəmində olan əsas məsələlərdən biri də fermerlərə verilən subsidiyaların qaydalarında dəyişiklik edilməsi ilə bağlıdır. Çünki əksər ekspertlər belə hesab edir ki, indiki halda subsidiyalar daha çox məhsuldarlığın əldə olunması üçün kifayət etmir. Elə bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi subsidiya qaydaları və bu məqsədlə ayrılan vəsaitin məbləğində dəyişiklik etmək üçün müvafiq təkliflər hazırlayaraq hökumətə təqdim edib. Artıq Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə verilən subsidiyaların qaydalarının dəyişdirilməsi ilə bağlı hazırladığı sənəd artıq hökumətin müzakirəsindədir.

Elə bu günlərdə kənd təsərrüfatı naziri İsmət Abbasov da bildirib ki, fermerlərə verilən subsidiyaların əsasən nağd pulla yox, müxtəlif gübrələr və dərman preparatlarla verilməsi təklif olunub: "Fermerlərə verilən subsidiyalar düzgün istifadə olunmur. Bizim tələbatımızın cəmi 10%-i üçün gübrə istifadə olunur. Bu da taxıl məhsullarının aşağı düşməsi ilə nəticələnir. Azərbaycanda taxılın orta məhsul səviyyəsi hər hektara 25 sentner düşürsə, biz ilkin mərhələdə bunu 35 sentnerə çatdıra bilərik. Əgər verilən subsidiyalar nağd pulla deyil, gübrə məhsulları ilə verilsə, ölkədə taxıl istehsalı arta bilər. 2012-ci ildə Azərbaycanda 2,7 milyon ton taxıl məhsulu proqnozlaşdırılsa da, biz bunu 3,6 milyon tona çatdıra bilərik".

Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev isə bildirib ki, onlar tərəfindən edilən təkliflərə subsidiyaların məbləğinin artırılması, fermerlərə verilən gübrənin həcminin çoxaldılması daxildir: "Bununla bərabər hazırda fermerlər iki dəfə - əkin və becərmə üçün subsidiya alırlar. Vəsaitin payızda yox, iyun ayında birdəfəlik fermerlərə ödənilməsi təklif edilir. Digər tərəfdən 30 saylı qərara əsasən, fermerlər dövlətdən 50 faizdən artıq olmamaqla 300 kq gübrə alırlar. Bu istiqamətdə ayrılan vəsaitin 50 manatdan 80 manata, gübrənin 400 kiloqrama qaldırılması irəli sürülüb".

Sabir Vəliyev "publika"ya açıqlamasında bildirib ki, hazırda təkliflər Maliyyə, İqtisadi İnkişaf, Ədliyyə nazirliklərinin müzakirəsindədir: "İrəli sürülən təkliflər nəzərə alınarsa, fermerlərin vəziyyəti yaxşılaşmaqla məhsuldarlıq artacaq, dövlət orqanlarının işi isə yüngülləşəcək. Aidiyyəti qurumlara əkin üçün bir, becərmə üçün ayrı vəsait ayırmaq lazım gəlməyəcək". Hazırda fermerlərə subsidiyalar əkin sahələrinin həcminə görə ayrılır. Digər məhsul istehsalçıları ilə müqayisədə taxıl istehsal edən fermerlərə ayrılan subsidiyaların həcmi 2 dəfə çox olsa da, vəsaitlərin məbləğinə yenidən baxılması, qaydaların dəyişdirilməsi dəfələrlə gündəmə gəlib.

Ekspertlər də mövcud subsidiya qaydalarının dəyişdirilməsini zəruri sayırlar. Qeyd olunur ki, bəzən fermerlər vəsaitə arxalanıb məhsuldarlığı yaddan çıxarırlar. Araşdırmalar göstərir ki, hazırda respublikada xeyli torpaq sahəsi boş yerə əkin altına salınır. Ekspertlər isə bildirir ki, əgər fermer hektardan 10-15 sentner məhsul götürəcəksə, onda o fermerə subsidiya verməyinə dəyməz. Qeyd olunur ki, bəzi fermerlər pula görə aqrotexniki qaydaları unudurlar, şumu vaxtında aparmırlar, səpini gecikdirirlər. Son nəticədə isə məhsuldarlıq aşağı düşür. Bəzi mütəxəssislər isə istehsal olunan məhsulun miqdarına görə subsidiya verilməsinin tərəfdarı olduğunu bildirirlər.

Belə fikirlər də səslənir ki, taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün fermerlərə verilən subsidiyalar hektara görə 80 manatdan 100 manata qaldırılmalıdır. Bu fermerlərdə taxıl istehsalına stimul yarada bilər. Xatırladaq ki, Azərbaycanda subsidiyalar əkin sahələrinin həcminə görə ayrılır. Ekspertlər isə qeyd edir ki, vəsaitlər yalnız əkin sahələrinin həcminə görə deyil, həm də istehsal olunan məhsulun həcminə görə verilməlidir. Artıq bu metodlar təkcə inkişaf etmiş ölkələrdə deyil, inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilməkdədir.

Hesab olunur ki, kim çox məhsul istehsal edirsə, o da böyük həcmdə subsidiya almalıdır. Qeyd edilir ki, istehsal olunan məhsulun həcmi ilə subsidiyanın məbləği arasında əlaqənin yaranması fermerə daha çox məhsul istehsal etməyə stimul verə bilər.

Xatırladaq ki, Azərbaycanda artıq bir neçə ildir, aqrar sahənin inkişafı üçün subsidiyalar verilir. Rayon və kəndlərdə yaradılan komissiyalar əkin aparan təsərrüfatların hesabatını hazırlayaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Bütün kənd təsərrüfatı məhsullarının əkininə görə hektara 40 manat vəsait ödənilir. Taxıl sahələrində isə biçin zamanı da əlavə olaraq 40 manat verilir. Bununla yanaşı, hesab edilir ki, kənd təsərrüfatı sahəsində inkişafa nail olmaq üçün fermerlərin istehsal etdikləri məhsulu bazara çıxarmalarında yaşadıqları problemlər də aradan qalxmalıdır.

Sizin Reklam Yeriniz