Əlaqə Arxiv
news Image
2014.05.02
18:02
| A A A
Bakının neftli torpaqları necə təmizlənməli?
Vəzir Əhmədov: “Ağır çirklənmələr üçün ən yaxşı üsul kimyəvi və termik üsullardır”

Neftlə çirklənmiş ərazilərin təmizlənməsi üçün əksər dünya ölkələrində biloji, kimyəvi üsullardan istifadə olunmaqla, həmin ərazilər əkinəyararlı hala gətirilir. Nəzərə alsaq ki, Azərbaycanın Abşeron yarımadası əsrlərdir neft yataqları ilə zəngindir, intensiv neftçıxarma işləri gedir, bu zaman bizdə də kifayət qədər neftlə çirklənmiş, bitki örtüyü dağılmış ərazi var. Düzdür, ölkəmizdə də bu cür torpaqların neftdən təmizlənməsi üçün işlər görülür. Lakin artıq daha effektiv addımların atılması zərurəti yaranıb. 

Mövzu ilə bağlı məlumat üçün Azərbaycan Milli Elmlər Akademiyasına üz tutduq.  Həmsöhbətimiz akademiyanın nəzdində fəaliyyət göstərən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların rekultivasiya laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, böyük elmi işçi Vəzir Əhmədov oldu. Laboratoriya müdiri ilk növbədə  neftlə çirklənmiş torpaqları təmizləmək üçün istifadə edilə biləcək üsullardan danışdı: "Çirklənmiş torpaqların rekultivasiyası və yaxud bərpası haqqında bir neçə üsul var. Bunlara texniki, aqromelorativ, bioloji üsul, bundan başqa kimyəvi, termik üsulu da göstərmək olar.  Bunlardan hansının tətbiqi isə  torpaqda çirklənmənin vəziyyətindən, səviyyəsindən, çirklənən torpağın sahəsindən, relyefindən, çirklənmənin şorlaşmasından, eyni zamanda çirklənmənin yeni və ya köhnə olmasından asılıdır.  Bioloji üsulla neftlə qədimdən çirklənmiş, zəif çirklənmə olan torpaqları rekultivasiya etmək olar. Bu zaman neftlə çirklənmiş ərazilərdə neftə davamlı bitkilər əkilir. Dünyanın əksər ölkələrində bu üsuldan istifadə olunur. Bu torpaqları mikroorqanizmlərlə də təmizləmək mümkündür. Amma bu üsulu bizdəki kimi neftlə dərin çirklənmiş ərazilərə təbiq etmək olmaz.  Bu gün Abşeron yarımadasında neft gölləri var. Bunlar buruqları qazarkən, təmir edərkən qəzalar nəticəsində yaranır. Onda bioloji üsul əl vermir. Bu zaman kimyəvi üsula keçmək lazımdır. Kimyəvi üsulda benzol, toluol, karbon xlor 4 və bu kimi maddələrlə stasionar şəraitdə nefti torpaqdan ayırırlar. Dünya ölkələrində kimyəvi üsuldan da istifadə olunur. Lakin ən çox istifadə olunan termik üsuldur. Yəni buxarla neftin torpaqdan ayrılması.  Buxarla torpaqda olan neft bir tərəfə, qurunt isə bir tərəfə ayrılır. Və neftlə çirklənmiş torpaq təmizlənir. Bunları təmizləyərkən o ərazilər əsas ağac əkmək, park salmaq məqsədi ilə istifadə olunur. Çünki buxarla neftlə topağı ayıranda torpaqda olan bütün maddələr məhv olur. Orqanizmlər, bakretiyalar, bitki üçün lazım olan bütün orqanizmlər parçalanır. Yalnız qurunt qalır ki, burda da yalnız mineral gübrələr vermək, suvarmaq şərti ilə ağac əkmək mümkündür. Amma torpağı kənd təsərrüfatı bitkiləri üçün, əkinçilik üçün yararlı hala gətirmək üçün xüsusi üsullar, xüsusi münasibət lazımdır. Bu gün bu Azərbaycanda həyata keçirilmir". 

Vəzir Əhmədov Azərbaycanda torpaqların dərin çirklənməyə məruz qaldığını bildirərək bu ərazilərin yalnız kimyəvi, termik üsularla təmizlənə biləcəyini bildirdi:  "Bizdə əsasən aqromelorativ üsul, yəni torpağı torpağa qarışdırmaq üsulundan istifadə edilir. Və yaxud neftin üstünü basdırırlar, çirkli torpaqla təmiz torpağı dəyişdirirlər və s. Bunlar yolverilməz üsullardır və əslində torpağı sıradan çıxarır. Ağır çirklənmələr üçün ən yaxşı üsul kimyəvi və termik üsullardır. O ki qaldı torpağı torpağa qarışdırmaq, zəif çirklənməni təmiz torpaqla qarışdırmaq, bunlar dayaz çirklənmə, qədimdən çirklənmələrdə həyata keçirilə bilər. Relyefin yamaclarında qurumuş, bərkimiş, öz özünə parçalanmış, deqrodasiya olunmuş ərazilərdə mümkündür. Bizdəki kimi  düz yerlərdə, duzlu qurunt suyu səthə yaxın olan yerlərdə isə belə üsul özünü doğrultmur".

    



Sizin Reklam Yeriniz