news Image
2012.06.26
08:00
| A A A
Paytaxt «hava çatışmazlığından boğulur»
Bunun əsas səbəblərindən biri isə nizamsız şəkildə tikilən çoxmərtəbəli binalardır

Bir vaxtlar paytaxtda start götürən tikinti bumu son illərdə müəyyən qədər səngisə də Bakıda hələ də yeni çoxmərtəbəli binalar ucaldılmaqdadır. Həmin binalar isə Bakı şəhərinin simasını dəyişməklə, mənzilə olan tələbatın qarşılanmasına səbəb olmaqla yanaşı, həm də müəyyən problemlərin də mən -bəyinə çevrilir. Xüsusən də binaların biri-birinə çox yaxın məsafədə inşa edilməsinin ciddi problemlər doğurması, bunun hər hansı qəzanın, məsələn, yanğının nəticələrinin aradan qaldırılmasında ciddi fəsadlar törətməsi haqda da mediada yetərincə məlumatlar verilib.

Lakin problemlərin miqyası təkcə bununla məhdudlaşmır. Çoxmərtəbəli binaların yaratdığı ciddi ekoloji problemlər də getdikcə aktuallaşmaqdadır.

Bununla əlaqədar vəziyyəti araşdırdıqda məlum olur ki, problemin kökündə dayanan əsas səbəblərdən biri də şəhərsalma ilə əlaqədar görülən işlərin bir qisminin ekoloji, sanitar və sair müvafiq ekspertizadan keçirilməməsidir. Sadəcə olaraq, tikintilərə, aparılan hər hansı bir işə sanitar və ekoloji tələblər müəyyənləşdirilib. Bu isə o deməkdir ki, tikintini aparan şirkət sanitar və ekologiya orqanlarına müraciət edərək, bu tikintinin aparılması ilə əlaqədar sanitar və ekoloji tələbləri istəyir. Lakin əksər hallarda tikinti zamanı bu tələblərə də əməl olunmur. Bunun nəticəsidir ki, bir çox tikintilər Bakıda sanitar və ekologiya orqanlarının birbaşa nəzarətindən kənarda ucaldılır və istifadəyə verilir. Bu, çox təhlükəli bir haldır. Ekspertlər bu fonda xatırladır ki, Bakının spesifik amfiteatr quruluşu var. Şəhərin yerləşməsinə və quruluşuna müvafiq olaraq 1985-ci ildə Bakının baş planı hazırlanıb. Həmin sənəddə çökək yerlərdə hündür mərtəbəli binaların tikilməsi istisna olunur. Belə binaların mikrorayonlarda, Əhmədli-Günəşli massivində və şəhərin Yasamal hissəsində tikilməsi nəzərdə tutulub. Əsas məqsəd isə o, olub ki, Xəzərdən əsən meh küləksiz vaxtlarda şəhərdə zəhərli qazların çökməsinin qarşısını alsın və havanı təmizləyə bilsin.

Ekspertlərin fikrincə, bu, çox düzgün seçilmiş bir addım olsa da, sonradan tikinti şirkətləri tərəfindən şəhərin mərkəzində əvvəlcə tək-tük, sonra isə kütləvi şəkildə çoxmərtəbəli binaların tikilməyə başlaması problemli bir vəziyyət yaratdı. Bunun nəticəsidir ki, indi çoxmərtəbəli binalar həm görünüşün, həm də hava axınının qarşısını kəsib. Bu isə o deməkdir ki, şəhərdə tozun, o cümlədən tikintilərin özünün yaratdığı tozun hava axını vasitəsilə müəyyən qədər azalması, təmizlənməsi imkanları məhdudlaşıb.

Qeyd olunduğu kimi, narahatlıq doğuran məsələlərdən biri də yeni binaların bir-birinə həddən artıq yaxın tikilməsidir. Belə olduqda binalar bir-birinin işığını və hava axınının qarşısını kəsir. Lakin nəzərdən qaçırmaq olmaz ki, Bakıda adətən spesifik küləklər əsir: ya şimal, ya şimal-qərb, ya da cənub-qərb. Bu küləklər Bakı şəhərinin hələ 27 il əvvəl qəbul edilmiş baş planında nəzərə alınıb. Məhz buna görə də əvvəllər tikilən evlərin, xüsusilə mikrorayonlardakı binaların bəziləri müəyyən dərəcə altında, bəziləri düz tikilib, bəzi hallarda isə kvadrat forması yaradılıb. Bu ona görə edilib ki, binaların arası ilə hava axını getsin və çirkli hava kütləsi bu axın vasitəsilə atmosferə qalxa və yayıla bilsin. İndi isə binaların bir-birinə çox yaxın olması hava axınının qarşısını kəsir. Beləliklə, çirkli hava kütləsi atmosferə qalxıb yayıla bilmir, nəticədə həmin binalarda yaşayan sakinlər çirkli hava ilə nəfəs almaq məcburiyyətində qalırlar. Bu da görmə qabiliyyətinə, tənəffüs orqanlarına və bütünlükdə orqanizmə dağıdıcı təsir edir, gələcəkdə insan səhhətində böyük problemlər yaranmasına, müxtəlif xəstəliklərə səbəb olur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin sözlərinə görə, iqlimşünaslarla mələhətləşmədən binalar tikirlər: "Hündür binalar hava axınının qarşısını alır. İnsanlarda da müəyyən əhval-ruhiyyə yaradır. Məsələn, sarayın yanında hündür binaların tikilməsi yolverilməzdir".

Nəzərə alsaq ki, onsuz da paytaxt Bakıda adambaşına düşən yaşıllıqların miqdarı 3 kvadratmetrdir, hansı ki, normalda 11 kavdratmetr olmalıydı, onda vəziyyət bir az da mürəkkəbləşir. Ekoloq Telman Zeynalov deyir ki, şəhərdə gündə minlərlə maşın keçir: "Toksiki maddələr hamısı orqanizmə ziyandır. Çünki, hündür mərtəbəli binalar qoymur hava axsın".

Avtomobillərin atmosferə buraxdığı zəhərli qazların tərkibində olan qurğuşun birləşmələri, karbohidrogenlər və dəm qazı insanlarda, xüsusilə azyaşlı uşaqlarda ağır xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Mütəxəssislərin sözlərinə görə, bu qazlar nəinki uşaqların beyin-sinir sisteminin inkişafını korlayır, eləcə də onların ümumi inkişafına mənfi təsir edir. Beləliklə, yaranmış vəziyyət göstərir ki, paytaxt "hava çatışmazlığından boğulur". Bunu əsas səbəblərindən biri isə nizamsız şəkildə tikilən çoxmərtəbəli binalardır.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs