news Image
2014.05.08
16:26
| A A A
Smartfonlar, planşetlər uşaqlar üçün təhdidə çevrilirlər
Rafiq Təmrazov: «Yaşanan problemin qarşısının alınmasında ən vacib rol valideynlərin üzərinə düşür» Tahiba Quliyeva: «Smartfonların, planşetlərin maraqlı və rəngarəng dünyası uşaqların da diqqətini çəkir»

Bir müddət əvvəl uşaqlar arasında kompüter oyunlarına aludəçilik daha çox yayılmışdısa, indi kompüterlərin yerini smartfonlar, planşetlər tutmaqdadır. İndi oyunların daha çox bu cihazlar vasitəsilə reallaşması və bunun gün ərzində saatlarla davam etməsi az qala adi bir hala çevrilməkdədir. Valideynlər də çox hallarda uşaq sakit qalsın, onun işinə mane olmasın deyə, buna göz yumur.

Sosioloq Rafiq Təmrazov bildirir ki, texnoloji alətlərdən həddən çox istifadə, asılılıq məsuliyyətsizlik yaradır, faydalı iş əmsalını aşağı salır: "Əslində, texnologiyaların inkişafı müsbət haldır və heç vaxt dünyadan geri qalmaq olmaz. Məlum məsələdir ki, onun səmərəli tərəflərindən istifadə etmək mümkündür. Lakin son vaxtlar planşetlərin, telefonların səmərəli tərəflərindən yararlanmaqdansa, yeniyetmə və gənclərin orda olan oyunlara, müxtəlif proqramlara aşırı dərəcədə meyil eləməsi acınacaqlı haldır. Bu, tək Azərbaycanda yox, bütün dünyada müşahidə olunan bir vəziyyətdir. Mən hesab edirəm ki, bu hal artıq zərərli vərdişləri də ötüb keçib. Çünki, yeniyetmə və gənclər bir çox hallarda günlərinin yarıdan çoxunu həmin texnoloji alətlə məşğul olmaqda keçirirlər. Nəzərə almalıyıq ki, indi informasiya dövrüdür və hər şey vaxtla hesablanır. İnsanlarda hər şey çatsa da, vaxt çatmır. Belə olan halda telefona, planşetə ayrılan vaxt itkisini həmin o gəncləri təhsilindən, əməyindən, gündəlik işlərindən uzaqlaşdırır. Nəticədə intizamın pozulması halı baş verir, məsuliyyətsizlik yaranır. Uşaqların, gənclərin təhsildən, işdən yayınmasına gətirib çıxarır.

Bizim vərəmli xəstələrimiz olub ki, onlardan birinin bu xəstəliyə yoluxmasının səbəbi günlərlə kompüter arxasında ac qarına, siqaret çəkərək oturması olmuşdu. Bu, özü bir göstəricidir ki, belə aludəçilik insanlar gündəlik vərdişlərindən uzaqlaşdırır. Saysız-hesabsız yaxşı əməkdaş, yaxşı tələbə, yaxşı şagird var ki, həmin asılılıq onların faydalı iş əmsalının sıfıra endirir. Bu da bütövlükdə cəmiyyət üçün çox təhlükəlidir. O baxımdan ki, müəyyən yerlərdə, tədris müsəssisələrində, istehsal müəssisələrində əvvəlki əmək intizamının pozulması, vaxtında nəzərdə tutulan nəticələrin əldə edilməməsinə və s. gətirib çıxarır".

Sosioloq hesab edir ki, yaşanan problemin qarşısının alınmasında ən vacib rol valideynlərin üzərinə düşür: "Problemin qarşısını almaq bir qədər çətindir. Xüsusilə də nəzərə alanda ki, bu hallar yeniyetmə və gənclər arasında daha çox müşahidə olunur, bu göstərir ki, çox ciddi nəzarət lazımdır. Burda əsas rol valideynlərin üzərinə düşür. Çünki, valideyn elə bir şərait yaratmalıdır ki, uşaq kompüterdən lazım olanda istifadə etsin. Oyun oynamaq məqsədilə, başqa lazımsız vərdişlər üçün istifadə etməsin. Uşaq anlamalıdır ki, kompüter təkcə oyundan ibarət deyil. Ondan səmərəli şəkildə istifadə etmək, hansısa məlumatları toplamaq, hansısa baza yaratmaq mümkündür. Bu sahədə maarifləndirmə işləri də getməlidir. Əsas rol isə, dediyim kimi, valideynlərin üzərinə düşür. Görürsən ki, lap azyaşlı uşaqların əlində planşet var. Halbuki o uşaq heç ordakı proqramlardan xəbərsizdir. Sadəcə, orada oyun oynamağı bildiyi üçün gününü bununla keçirir".

Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru və psixoloqu Tahiba Quliyeva uşaqlarda texnoloji alətlərə qarşı yaranan asılılığın onlarln sağlamlığında yol aça biləcəyi problemlərdən danışıb: "Həyatımızı kompütersiz, telefonsuz, internetsiz təsəvvür etmək mümkün deyil. Gün keçdikcə, texnologiya sürətlə inkişaf edir. Bir tərəfdən texnologiyanın sürətlə inkişafı işlərimizi asanlaşdırır, lakin digər təfədən isə öz mənfi təsirlərini göstərir. Smartfonların, planşetlərin maraqlı və rəngarəng dünyası uşaqların da diqqətini çəkir. Bunun nəticəsində də demək olar ki, hər bir uşağın əlində bu texnologiyalara rast gəlmək mümkündür. 5 yaşadək uşaqlar daha çox ana-ata qayğısına möhtacdır. Bu yaş qrup uşaqları özlərini və ətraf mühiti kəşf etməyə başlayırlar. Bu yaşdakı uşaqlarla daha çox ünsiyyət qurulmalıdır.Uşağın televizor, telefon, planşet və s.-lə çox vaxt keçirməsi onda ilk olaraq ünsiyyət problemləri yaradır. Uşaq texnikanın sosial həyatına daxil olsa da, real həyatın sosiallığından uzaqlaşır. Ətrafındakı insanlarla çox ünsiyyət qurmur, yaşıdları ilə parka düşüb oynamaq əvəzinə bütün gününü planşetlə keçirir. Bu da uşaqda özünəqapanma, antisosiallıq, yuxusuzluq kimi problemlərə yol açır. 3 yaşadək uşaqlar yetərincə ana-ata qayğısı görmürlərsə, onlarla yetərincə ünsiyyətdə olmurlarsa və hər ağladıqları zaman bu tip texnoloji alətlərlə vaxt keçirmək məcburiyyətində qalırlarsa, bu zaman daha ciddi problemlərin də meydana çıxması qaçılmaz olur. Bu zaman uşaqda nitqiləngimə, pedaqoji ləngimə və s. kimi inkişaf problemləri də meydana çıxa bilər. Bundan başqa, texnologiya istər uşaqlarda, istərsə də böyüklərdə asılılığa gətirib çıxara bilər.Televizor, planşet və smartfonlar uşaqlara müddətli verilməli və uşağın seçdiyi oyunlar nəzarət altında saxlanılmalıdır".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs