Əlaqə Arxiv
news Image
2012.06.30
09:00
| A A A
Çimərliklər xəstəlik mənbəyinə çevrilirlər
Adil Qeybulla: «Xəzərdə suyun hərəkəti zəif olduğundan bakteriyalar asanlıqla orada arta bilirlər»

Azərbaycanda hər il çimərlik mösümü başlay andan dəniz suyunun bakterioloji çirklənməyə məruz qalması ciddi müzakirə mövzusuna çevrilir. Paytaxtın bir neçə çimərlik mərkəzində çirklənmənin normadan artıq olduğu bəyan edilsə də, həmin ünvanlara üz tutanlara yenə də rast gəlinir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqlarına bir çoxları hələ də əməl etmirlər. Qurumdan verilən məlumatlara görə, bu arada Şıx və Sahil çimərliklərində bakterioloji çirklənmənin səviyyəsi artmaqdadır. Qeyd olunur ki, qızmar havada dəniz suyu daha çox çirklənməyə məruz qalır.

Ekspertlərə görə, isti havada bakteriyalar daha sürətlə yayılır və inkişaf edir. Tibb üzrə ekspert Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, çimərlik mövsümündə dəniz suyunun laboratoji analizləri mütəmadi aparılmalıdır: "Bakteriyalar müəyyən tempraturdan sonra aktiv həyat tərzi keçirirlər. Söhbət həm su, həm də qurudakı bakteriyalardan gedir. 18 dərəcə tempraturdan yuxarı şəraitdə bakteriyalar arta bilirlər. Xəzər dənizi göldür və heç bir okeana çıxışı yoxdur. Xəzərdə suyun hərəkəti zəif olduğundan bakteriyalar asanlıqla orada arta bilirlər. Məsələn, axar çaylarda, kanallarda bakteriya az miqdarda olur. Bu mənada Xəzərdə bakterioloji çirklənmənin yüksək həddə olması təbiidir".

A.Qeybulla həmçinin bildirdi ki, çimərliklərdə bakteriyanın artmasının digər səbəbi ərazidəki antisanitar vəziyyətdir: "Təmizliyə riayət olunmayan yerlərdə bakteriyaların sürətlə artma ehtimalı böyükdür. Yemiş, qarpız, qarğıdalı və s. qida məhsullarını yeyib, qabığını dənizin kənarına və ya dənizə tullayanda, ərazi mütəmadi olaraq zibillərdən təmizlənməyəndə çirklənmə də qaçılmaz olur. Mən hələ çimərliklərdəki insan sıxlığının yaratdığı antisanitar vəziyyəti demirəm. Sahəsi kiçik olan çimərliklərdə yüzlərlə insanın suya birdən baş vurması əlbəttə ki, orada arzuolunmaz sanitar durum yaradacaq. İnsan bədənində olan və daxildən ifraz edilən tullantılar potensial bakteriyalardır. Fikir vermisinizsə, Xəzər dənizi bütün çirkabları məhz sahilə gətirir. Dənizin ortasının ekoloiji vəziyyətilə kənarların ekoloji vəziyyəti heç də eyni deyil. Kənarlara getdikcə bağırsaq çöpləri yaradan bakteriyaların sayı da artır. Bu Xəzərin spesifik xüsusiyyətlərindədir. Fikir vermisinizsə, Bakı buxtasında neftli çirkab sular illərdir tərpənməz olaraq qalır. Hətta güclü küləklər, dalğalar onların yerini dəyişmir. Beləliklə, Xəzərin bir hissəsindəki çirkab uzun illər tərpənməz olur və digər hissəyə axmır. Su uzun müddət bir yerdə qalanda ağırlaşır, tərkibində bakteriyalar artır".

A.Qeybulla Xəzər dənizinin təmizlənməsini vacib sayır: "Xəzərin ekoloji müdafiəsilə bağlı dövlət səviyyəsində proqram hazırlanmalıdır. Bakı buxtası neftdən təmizlənməlidir, çimərliklərdəki suların bakteriyaları məhv edilməlidir. Bunun üçün hər cür imkanlar var. Tibbi nailiyyətlər imkan verir ki, dəniz sularındakı mikrobları, bakteriyaları məhv edəsən. Su təmizləyici avadınlıqlar alınıb ölkəyə gətirilməlidir və çimərliklərə atılmalıdır. Həmçinin çimərlik ərazilərin ətrafı nazik məftil torlarla hasarlanmalıdır ki, heyvan cəsədləri sahilə yaxınlaşıb, orada bakteriyalar üçün münbit şərait yaratmasınlar".

Sizin Reklam Yeriniz