news Image
2014.06.02
09:51
| A A A
Ağac budaqları içində itən yol nişanları
Ərşad Hüseynov: «Ola bilər ki, bu sahədə texniki problemlər var, vaxt lazımdır» Vaqif Əsədov: «Yaz-yay mövsümündə ağacların yaşıllaşması bəzən yol nişanlarının, işıqforlarının, digər texniki vasitələrin görünməsinə mane yaradır»

Vaxtaşırı  sürücülərin narazılığına yol açan məamlardan biri də bəzi hallarda yol nişanlarının qarşısında olan maneələrdir. Paytaxt küçələrində bəzi yol nişanları və işıqforların yaşıllıqların, reklam lövhələrinin  arxasında qalması sürücülər üçün problemlər yaradır. Mütəxəsislər deyir ki, şəhər küçələrində mütəmadi monitorinqlər aparılmalı və ehdiyac olan yerlərdə budama işləri aparlımalıdır. Əgər bu yolla nişanı görünən etmək mümkün deyilsə, yeri dəyişdirilməldir. Bəzi küçələrdə isə yol nişanı və işıqforların qarşısını heç bir estetik dəyəri olmayan reklam lövhələri kəsir. 

Hüquqşünas Ərşad Hüseynov məsələ ilə bağlı Movqe.az-a bildirib ki, bu işə nəzarət Dövlət Yol Polisinə (DYP)  tapşırılıb: "Yol-Patrul Xidməti Haqda Təlimata görə, hər bir polis əməkdaşı xidmət etdiyi sahədə nişanların vəziyyətinə, yolun vəziyyətinə, ümumiyyətlə, texniki tənzimləmə vasitələrinə, yəni, işıqfora, yolda çəkilən xətlərə, bütün bunların hamısına nəzarət etməlidir. Bunlarla bağlı hər hansı problem  aşkar olunduqda məlumat verməlidir ki, müəyyən səbəbdən yol nişanı zədə görüb, yaxud ağac budaqlanıb nişanın qarşısını kəsib və s. Həmin məlumat əsasında Dövlət Yol Polisinin Siqnal Xidməti var ki,  həmin təşkilat bu işlərlə məşğul olmalı, problemləri aradan qaldırmalıdır. Məsələn, ağac nişanın qarşısını kəsibsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan yaşıllaşdırma işinə baxan quruma məlumat verməlidirlər ki, ağacın budağının kəssinlər və ya nişanın yerini dəyişsinlər". 

Ekspert hesab edir ki, ümumiyyətlə, nişanla bağlı bu gün ölkəmizdə ciddi problemlər var: "Məsələn, sürücülər şikayət edirlər ki, nişanı görmürük, aşıb və s. Əslinə baxanda, Azərbaycanda 10 minlərlə nişan çatışmır. Əsas problem budur. Bu işdə daha diqqətli olmaq lazımdır. Ola bilər ki, bu sahədə texniki problemlər var, maliyyə vəsaiti yoxdur, vaxt lazımdır və s. Amma bunların hamısını təşkil etmək olar. Məsələn, sürücülərdən alınan cərimələr hesabına bunları bərpa eləmək olar. Hətta cərimələrin onda biri ilə mövcud problemləri həll etmək olar". 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə Movqe.az-a açıqlamasında deyib ki, yol nişanları qaydalara uyğun quraşdırılır. Əgər hər hansı problem yaşanırsa, bununla bağlı dərhal aidiyyatı qurumlara məlumat verilir: "Yol nişanlarının quraşdırılma qaydaları var. Mövcud nişanlar da bu qaydalara, tələblərə uyğun quraşdırılıb. Bura təkcə yol nişanları deyil, işıqforlar, təhlükəsizlik kameraları və s. aiddir ki, yaz-yay  mövsümündə ağacların yaşıllaşması bəzən yol nişanlarının, işıqforlarının, digər texniki vasitələrin görünməsinə mane yaradır. Odur ki, bizim nəzarətimiz altında  Bakı şəhərinin inzibati ərazisi üzrə bütün çatışmazlıqlar tərəfimizdən qeydə alınır və lazımi orqanlara məlumat verilir. Təkcə Bakı şəhərində 70 yerdən artıq məntəqədə, kəsişmədə, birləşmədə, qovuşmada ağacların budaqlarının artması nəticəsində yol nişanları, isşıqforlar görünməz hala düşdüyündən, Respublika Yol Polisinin Siqnal İdarəsi rəhbərliyinin imzası ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı departamentinə 30 aprel, 2014-cü il tarixində müraciət edilib. Yəni, bu tarixdən məlumat verilib ki, konkret ünvanlarda ağacların  budaqları budanmalıdır. Bəzi yerlərdə budama işləri artıq aparılıb. Amma bəzi yerlərdə qalır. Bu barədə də informasiya vermişik. Reklam lövhələrinin arxasında qalan nişanlar haqda da Bakı Şəhər İcra Hakimiyyətinə məlumat veriləcək. 

Bəhanə edilməsin ki, yol-qəza hadisələrinin artması yol nişanları ilə bağlıdır. Əsas səbəb sürücü diqqətsizliyi, piyada səhlənkarlığıdır. Qalanları sürücülər tərəfindən söylənilən bəhanələrdir. Yaxud da ki, Dövlət Yol Polisinin əməkdaşlarının əməyini aşağı salma istəyidir. Düzdür, işlər görülməlidir. Amma qanunvericiliklə hamı məsuliyyət daşıyır. Hər hansı fövqəladə hadisə nəticəsində tutaq ki, işıqfor xarab olub. Bu zaman sürücü nişanlara uyğun hərəkət etməlidir. Əgər nişan da yoxdursa, asfaltdakı xətlərə uyğun hərəkət etmək lazımdır. Burda əsas yol-hərəkət qaydalarının gözlənilməsi, sürücülərin tələsməməsidir. Sürücülər adətən görmədim, bilmədim kimi ifadələr işlədirlər. Bunların hamısı qəzaların çoxalmasına səbəb olan hallardır. Gündən-günə təhlükəsizliklə bağlı edilən tədbirlər, nəzarətin güclənməsi, cərimələrin artırılması və s. hamısı qəzaların azalmasına, yol təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, bu gün yol-qəza hadisələrində dünyasını dəyişən, həlak olan insanlar hamısı bu cəmiyyətin vətəndaşlarıdır. Bu o deməkdir ki, hər kəs öz məsuliyyətini artırmalıdır. Yoxsa, günahı sürücü yol polisinin, yol polisi sürücün üstünə atmamaılıdır. Hər kəs qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəzifəsini yerinə yetirməlidir".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs